PDF Oxu

Əsas

  • 15

YAP Yevlax rayon təşkilatının VIII konfransı keçirilib

YAP Yevlax rayon təşkilatının VIII konfransı keçirilib

YAP Yevlax rayon təşkilatının VIII konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq, Onun əziz xatirəsini yad ediblər. Ulu Öndərin adını daşıyan Sarayda konfrans öz işinə başlamazdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının dövlət himnini səsləndikdən sonra YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili İlham Məmmədov hesabat məruzəsi ilə ötən konfransdan keçən dövr ərzində həyata keçirilən işlər barədə ətraflı məlumat verərək, rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən, qarşıda duran vəzifələrdən danışdı: "Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın çətin sınaqlarından şərəflə çıxaraq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiyanın qüdrətli siyasi qüvvəyə çevrilməsinin, sıralarının gündən-günə artmasının səbəbi ondadır ki, onun yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət Azərbaycan xalqının xilaskarı, fəxri və iftixarı, Ümummilli Lider Heydər Əliyev olmuşdur. Bu gün partiyanın nüfuzunun daha da yüksəlməsinin bir səbəbi də ondadır ki, bu siyasi birliyə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir".

Rayon təşkilatının sədri çıxışında onu da bildirdi ki, YAP Yevlax rayon təşkilatı özündə 58 məhəlli və 28 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə paritiya üzvlərinin sayı 7040 nəfərdən 7735 nəfərə çatmış, 3 yeni məhəlli və ərazi ilk partiya təşkilatları yaradılmışdır. Bunlardan 4030 nəfərini qadınlar, 2150 nəfərini gənclər təşkil edir.

Konfransda YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirdi: "Ümummilli Liderimiz Heydər Əliyevin Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyəti sayəsində müstəqil Azərbaycanımız dünyanın bütün ölkələrində tanınır. Bu və ya digər sahələrdə Yeni Azərbaycan Partiyasının və onun yaradıcısı, türk dünyasının böyük oğlu Heydər Əliyev Cənablarının misilsiz xidmətləri böyük olmuşdur".

Ə.Əhmədova Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qadınlara verdiyi yüksək diqqət və qayğıdan da danışdı.

Konfransda YAP Siyasi Şurasının üzvü Elmar Qasımov konfransın işinə uğurlar arzuladı və Yeni Azərbaycan Partiyasının uğurlarından, onun Lideri cənab Prezidentimizin siyasi nüfuzundan, qüdrətindən söz açdı. Həmçinin, qarşıdan gələn Yeni Azərbaycan Partiyasının V qurultayının işinə uğurlar arzuladı. Sonda Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycan cəmiyyətində böyük sevinclə, maraqla qarşılanan əlamətdar bir hadisə olduğunu söylədi: "Bu gün Yeni Azərbaycan Partiyasının sıraları durmadan artır. Sevinirik ki, bu, kəmiyyətdə deyil, keyfiyyət etibarı ilə də özünü göstərir. Xüsusiə də, partiyaya gənclərin axını və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi yevlaxlıların partiyamıza və onun Sədri cənab İlham Əliyevə birmənalı şəkildə məhəbbət və sədaqətinin bariz nümunəsidir". Sonda Yeni Azərbaycan Partiyasının V qurultayına 7 nəfərdən ibarət nümayəndə seçildi.

Konfransda YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.

A.Səmədova

Digər xəbərlər