Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının VIII konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının VIII konfransı keçirildi. Konfransda millət vəkilləri, partiya fəalları və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.YAP Sabunçu rayon təşkilatının qərargahında öz işinə başlayan konfransda dövlət himni səsləndi. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva konfransın gündəliyində duran məsələləri elan etdikdən sonra hesabat məruzəsi ilə çıxış etdi. M.Abasquliyeva ötən dövr ərzində rayon təşkilatının həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verdi. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini vurğuladı. Bildirdi ki, rayon təşkilatının fəallrı prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər: "Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəsini və millətini yüksək səviyyədə təmsil edir. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq".M.Abasquliyeva onu da qeyd etdi ki, respublikamızın ictimai-siyasi həyatında öz aktivliyi ilə fərqlənən ilk təşkilatlar partiya ideyalarının təbliğində, ictimai-siyasi tədbirlərin keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, konfransdan ötən müddət ərzində gənclər arasında təbliğat işləri güclənib, onların partiya sıralarına qəbulu artıb: "Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən dəstəklənən, monolit birliyə malik olan təşkilatımız, İlham Əliyev kimi Prezidentimiz və Liderimiz vardır".Konfransın işində çıxış edən Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. O bildirdi ki, təşkilat üzvləri Sabunçu rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. A.Vəliyev, həmçinin, rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verdi. Onun sözlərinə görə, ölkə Prezidentinin təsdiq etdiyi Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bir sıra layihələr həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində lazımi addımlar atılır. İcra hakimiyyətinin başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabunçu rayonunda mühüm layihələrin reallaşdığını da vurğuladı.YAP İdarə Heyətinin üzvü, millət vəkili Nizami Xudiyev konfransda çıxış edərək, partiyanın yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik naminə fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş işlərdən danışdı.Millət vəkili Qalib Salahzadə isə çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı, avanqard siyasi qüvvəsi olduğunu söylədi. O, vurğuladı ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişindən sonra Azərbaycan qüdrətli dövlətə çevrilib və bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Konfransın sonunda Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçildi.
RƏFİQƏ KAMALQIZI