Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları - 2013" mövzusunda beşgünlük beynəlxalq konfrans iyunun 9-da başa çatdı.
Konfransın son günündə tədbir iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğuna gedərək, buradakı muzeydə nümayiş etdirilən eksponatlarla tanış olublar. Qonaqlara məlumat verilib ki, dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.
Daha sonra konfrans iştirakçıları Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi "Bioloji məhsuldarlığın fundamental problemləri" şöbəsinin əsas fəaliyyət istiqamətləri ilə tanış olublar. Qonaqlara bildirilib ki, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsaslarını tədqiq edən şöbə bir sıra mühüm elmi nəticələr əldə edibdir. "İdeal" buğda tipinin yüksək məhsuldarlığını müəyyən edən prinsiplər işlənilib hazırlanıb, bitkilərin karbon qazı mübadiləsi tədqiq edilib və genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor münasibətlərindən asılı olaraq karbon qazının assimilyasiyasının geniş diapazonda dəyişməsi aşkar olunubdur. Bundan əlavə, şöbədə ali bitkilərin karboanhidrazasının struktur-funksional təşkili ətraflı tədqiq olunub, ilk dəfə tut yarpaqlarından karboanhidraza fermentinin kristalları ayrılıb və onun dördüncü quruluşunun molekulyar modeli təklif edilibdir. Bitkilərin ekstremal şəraitə uyğunlaşmasında fotosintetik dəyişikliklərin mümkün rolu müəyyənləşdirilibdir. Müxtəlif molekulyar markerlərdən istifadə etməklə buğda bitkilərində quraqlığa davamlılığa cavabdeh lokuslar və genlər müəyyən edilibdir. Azərbaycanda ilk dəfə meyvə ağaclarında və tərəvəz bitkilərində fitoplazma və tərkibində birzəncirli tsiklik DNT saxlayan viruslar aşkar edilib, onların molekulyar səviyyədə tam identifikasiyası aparılıbdır. Qeyd olunub ki, şöbənin tərkibində müasir avadanlıqla təchiz edilən 11 elmi laboratoriya fəaliyyət göstərir. Laboratoriyaların əsas fəaliyyət istiqamətləri və əldə olunan mühüm elmi nəticələr haqqında qonaqlara ətraflı məlumat verilib.
Sonra beynəlxalq konfrans işini "Crescent Beach" otelində sonuncu bölmə iclası ilə davam etdirib. İclasda Azərbaycan ilə yanaşı, ABŞ, İsveçrə, Macarıstan, Misir, Avstraliya, Estoniya, Almaniya, İtaliya, Yaponiya və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
ABŞ-ın Kaliforniya ştatındakı Birləşmiş Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı Asəf Salamov, Avstraliyanın Viktoriya ştatındakı Bandura Universitetinin əməkdaşı Aydın Muradov mövzuya dair məruzələrlə çıxış ediblər.
Tədbirdə fotosintez prosesinin öyrənilməsi sahəsində dünya şöhrətli alim-akademik Cəlal Əliyevin tədqiqatlarının əhəmiyyətindən söz açılıb, akademik Cəlal Əliyevin Azərbaycan və dünya elminə böyük töhfələr verdiyi, dünyaya istedadlı tələbələr bəxş etdiyini vurğulayıblar. Qeyd olunub ki, konfransın materialları beynəlxalq "Biochemica et Biophysica Acta (Bioenergetics)" və "Plant Physiology and Biochemistry (PPB)" elmi jurnallarının xüsusi buraxılışlarında çap ediləcək.
Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Sonra akademik Cəlal Əliyevin iştirakı ilə konfransın bağlanış mərasimi olub.
NƏZAKƏT