Əli Əhmədov: "Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və dəstəklənməsi ötən on ildə uğurlu fəaliyyətinə, Azərbaycanın bugünkü reallıqlarına əsaslanır"
Dünən YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun YAP Qaradağ rayon ərazi ilk təşkilatı sədrləri ilə görüşü keçirildi. Ə.Əhmədov bildirdi ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq partiyanın ilk ərazi təşkilatlarının rəhbərləri ilə görüşlər keçirir: "Bu günə qədər partiyanın bir neçə rayon təşkilatında belə görüşlər təşkil olunub, fikir mübadiləsi aparılıb. Yeni Azərbaycan Partiyasının V qurultayına hazırlıq ərəfəsində görüşlərin keçirilməsinə fasilə verildi. Qurultay yüksək səviyyədə keçirildi, qərarlar qəbul edildi. Ən başlıcası qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının, ümumiyyətlə, Azərbaycan xalqının böyük əksəriyyətinin namizədi rəsmi şəkildə təsdiq edilib.
Artıq qurultaydan sonra partiyanın rayon təşkilatlarında bu səpgili görüşlərin keçirilməsi bərpa olunub. Məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkilərində partiya təşkilatlarının və onların özündə birləşdirdiyi ilk ərazi təşkilatlarının sədrlərini səfərbər etməkdir. Təbii ki, seçki kampaniyaları arasında prezident seçkiləri ölkənin siyasi həyatı və gələcək perspektivlərinin təmin edilməsi baxımından daha önəmli yer tutur. Buna görə də Yeni Azərbaycan Partityası 2013-cü ilin prezident seçkilərinə ciddi hazırlaşmaqdadır. Bütövlükdə seçki kampaniyasının həyata keçirilməsi ilə bağlı Yeni Azərbaycan Partiyasının çox ciddi konsepsiyası müəyyənləşdirilib. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ötən illər ərzində ölkədə keçirilən bütün seçkilərdə uğurlar qazanıb, seçki kampaniyasını yüksək səviyyədə keçirmək üçün zəngin təcrübə toplayıb. Bir çox həlledici səbəblərlə yanaşı, Yeni Azərbaycan Partiyasının bütövlükdə mənimsədiyi böyük və zəngin təcrübə bu seçki kampaniyasının da yüksək səviyyədə keçirilməsinə inamımızı artırır."
Əli Əhmədov onu da bildirdi ki, Azərbaycan cəmiyyətinin seçkiqabağı ovqatı Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə müəyyənləşdirilir: "Əslində, Cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi bütövlükdə Azərbaycan cəmiyyətinin rəyinin ifadəsi idi. Bu addımı Azərbaycan vətəndaşlarının qənaəti kimi dəyərləndiririk. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasının fəalları olaraq hər biriniz seçkiöncəsi ovqatın məhz bu duyğular əsasında kökləməsinin səbəbini çox yaxşı bilirsiniz. Bu, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə həyata keçirilən işlər və onların nəticələrinə Azərbaycan vətəndaşlarının verdiyi qiymətlə əlaqədardır. Ölkə əhalisi Prezident İlham Əliyevin rəhbərliyi altında ötən dövr ərzində Azərbaycanın böyük inkişaf mərhələsi keçdiyini birmənalı şəkildə etiraf edirlər. Yalnız Yeni Azərbaycan Partiyasının fəalları olaraq yox, bir Azərbaycan vətəndaşı kimi son 10 ildə bütün sahələrdə nə qədər böyük dəyişikliklərin baş verdiyinin bilavasitə şahidisiniz. Bu dəyişikliklər hər kəsin gözü qarşısında baş verib. Bu dəyişikliklər hər birimizin həyatını dəyişib, həyatımıza yeni çalarlar gətirib. Əgər biz 10 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı, eynilə də on il bundən əvvəlki həyatımızın ayrı-ayrı parametrləri ilə bugünkü həyatımızı müqayisə etsək, nə qədər böyük dəyişikliklərin baş verdiyinin şahidi olarıq. Ümumi fonda bu illər ərzində Azərbaycanın iqtisadiyyatı böyük inkişaf mərhələsi keçib. İqtisadiyyatımız 3 dəfə artıb. İnsanların sosal rifah halı daha da yaxşılaşıb. Ölkəmizdə böyük yeniləşmə, modernləşmə siyasəti həyata keçirilməkdədir ki, bunun da əsas məqsədi Azərbaycanı müasir dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevirməkdir. Şəhərlərimizin, kənd və qəsəbələrimizin simasının dəyişməsi, müasirləşməsi, yeniləşməsi Azərbaycanı dünyanın müasir dövlətlərindən birinə çevirir, eyni zamanda bunun ikinci, daha önəmli tərəfi bundan ibarətdir ki, insanların həyatı dəyişir, yeniləşir. Həyat səviyyəsinin dəyişməsini formalaşdıran başlıca məqam rifahın yaxşılaşmasıdır. Əmək haqları, pensiyalar artır, əhalinin pul gəlirləri yüksəlir. Bu, həyatımızın dəyişikliyini müəyyənləşdirən əsas məqamdır. Biz bu inkişafı hər gün, hər an hiss edirik. Təbii ki, bütün bunlar insanların əhval-ruhiyyəsinə təsir göstərən əsas məqamlardır. Müasirləşmə, yeniləşmə siyasəti insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət göstərir. İnsanlar inkişafı öz həyatlarında hiss etdikləri üçün həyata keçirilən siyasəti, Prezident İlham Əliyevin namizədiliyini dəstəkləyir və onun qələbəsinin təmin olunması üçün ciddi səylər göstərir."
YAP Sədrinin müavini onu da vurğuladı ki, Azərbaycan bu gün dinamik bir ölkə kimi özünü təqdim edir. Həyatımızın hər sahəsində bu dinamika özünü göstərməkdədir: "Həyat dəyişdikcə qarşıya yeni vəzifələr qoyulmaqla yanaşı, insanlarda yeni-yeni istəklər yaranır. Müstəqilliyimizin ilk illərində yaşanan durumu yada salaq. O zaman insanların ən böyük istəyi ölkədə sabitliyin, əmin- amanlığın yaradılması idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqın sabaha ümidləri artdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik təmin edildi, əlverişli iqtisadi mühit formalaşdı. O zaman insanlarda Azərbaycanı daha qüdrətli, zəngin ölkə kimi görmək istəyi yarandı. Uğurlu addımlar, həyata keçirilən tədbirlər bu istəyi də reallığa çevirdi. Bunları ümumiləşdirərək deyə bilərik ki, 20 il bundan öncə Azərbaycan xalqı yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparırdısa, artıq sonrakı illərdə qüdrətli dövlət, yüksək rifah hər bir ölkə vətəndaşının əsas arzusuna, istəyinə çevrildi. Dövlətin uğurlu siyasəti hər bir məqsədə yüksək səviyyədə nail olmağa, yeni hədəflərin ortaya qoyulmasına stimul verir. Bu gün isə müasirləşən, yeniləşən, modernləşən Azərbaycan böyük uğurları ilə dünyanın diqqətindədir. Bu günün əsas hədəfi isə Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün bütün əsaslar mövcuddur".
Əli Əhmədov bir daha vurğuladı ki, bu uğurları, xalqın hər bir istəyini mövcud iqtidarın həyata keçirdiyi siyasət təmin edib: "Bu gün insanlar dövlətin siyasətini dəstəkləyir, gələcəyə böyük inamla baxırlar. Ölkəmizin simasının dəyişməsi, insanların rifah halının yaxşılaşması, Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsi, beynəlxalq münasibətlər sistemində rolunun artması və s. kimi uğurlar bugünümüzün reallıqlarıdır. Bütün bu reallıqlar, insanların gələcəyə böyük ümidlərlə baxması kompleks şəkildə qarşıdan gələn prezident seçkiləri ilə bağlı həm əhval-ruhiyyəni, həm də insanlarımızın mövqeyini və iradəsini formalaşdırıb".
Əli Əhmədov Cənab İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsini və qələbəsini şərtləndirən amillərdən biri də ölkədə ictimai-siyasi durumun sabitliyi, əmin-amanlıq olduğunu bildirdi: "Bu amil olmasaydı, təbii ki, iqtisadiyyatın inkişafı, bunun fonunda digər sahələrin tərəqqisi mümkün olmazdı. Bölgələrimizin, kənd və qəsəbələrin siması dəyişir, yeniləşir, müasirləşir, insanların daha rahat yaşaması üçün şərait yaradılır. İnsanlar öz həyatını dəyərləndirərkən bir yandan öz həyat şəraitinin göstəricilərinə istinad edir, digər tərəfdən də bu rahatlığın təmin olunmasını şərtləndirən amilə önəm verir. Sabitlik gələcəyə böyük inamla baxmağa etibarlı əsas yaradıb. Bütün bunlar ümumiləşdirimiş şəkildə Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində dəstəklənməsini şərtləndirən amillərdir".
"Yeni Azərbaycan Partiyası olaraq ölkəmizin biri-birini əvəzləyən uğurlarından böyük qürur hissi keçiririk" fikrini söləyən Əli Əhmədov qeyd etdi ki, təbii ki, qarşıdan gələn prezident seçkilərində yüksək seçki fəallığının nümayiş etdirilməsi və növbəti seçki qələbəsinin təmin edilməsi məsuliyyəti də üzərimizdə dayanır: "YAP olaraq bu məsuliyyəti dərk etməli və bundan sonrakı dövr ərzində də bu məsuliyyətə uyğun şəkildə fəaliyyət göstərməliyik. Bu nailyyətlərin əldə olunmasında bütövlükdə partiyanın rayon və şəhər təşkilatlarının, eyni zamanda onların özündə birləşdirdikləri ərazi ilk təşkilatlarının üzərinə böyük vəzifə düşür. Hər bir rayon təşkilatı artıq illərlə keçirilən seçki kampaniyaları əsasında çox dəyərli təcrübə toplayıb. Rayon təşkilatlarının özlərində birləşdirdiyi ilk ərazi təşkilatarının fəallığı da hər zaman yüksək dəyərləndirilir. Düşünürük ki, bu seçkilərdə də fəallıq yüksək səviyyədə olacaq."
Sonda müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparılmaqla yanaşı, tövsiyələr verildi.
RƏFİQƏ KAMALQIZI