İyulun 29-da Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimi olmuşdur.
"Səs" qəzeti xəbər verir ki, mərasimdə çıxış edən MSK-nın sədri Məzahir Pənahov kursların əhəmiyyətini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, seçkilər hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biridir. Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin mövcud olduğunu deyən MSK-nın sədri qeyd etmişdir ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza vardır. Azərbaycanda seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Məzahir Pənahov diqqətə çatdırmışdır ki, kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamlarına uyğun olaraq təşkil edilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarının əhəmiyyətindən danışmışlar.
Sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri", Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə "Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları" mövzularında mühazirələrlə çıxış etmişlər.
Kurslar avqustun 4-dək davam edəcəkdir.