PDF Oxu

Əsas

  • 15

Azərbaycanda idman sahəsindəki uğurlar beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanda idman sahəsindəki uğurlar beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilir

Mehriban xanım Əliyeva:"Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi əsas məsələlərdəndir"

Azərbaycanın dünyada artan nüfuzunun nəticəsidir ki, ölkəmiz beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Bu gün Azərbaycan sivil ölkə kimi beynəlxalq nüfuz və yüksək imic sahibidir. Təbii ki, bu nailiyyət ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılıb. Azərbaycanın gündən-günə artan iqtisadi qüdrəti, idmana olan diqqət və qayğının nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilib. 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi və s. dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırıb. İlk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də təsadüfi deyil. Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakıya həvalə edilməsi böyük əhəmiyyətə malikdir. Belə ki, Azərbaycanın iqtisadi, siyasi və əmin-amanlığın təmini baxımından özünü sabit ölkə kimi təsdiqləməsi daha bir mötəbər tədbirin 2015-ci ildə birinci Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə nəticələndi.

Məlum qərarın qəbul edilməsi respublikamızda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Bu möhtəşəm tədbirin ölkəmizə keçirilməsi məqsədi ilə Təşkilat Komitəsi yaradıldı. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında Təşkilat Komitəsinin görəcəyi işlərə diqqət yönəlmişdir. İclasda oyunların qaydaları və keçirilməsi haqqında və əldə olunmuş informasiya, fəaliyyət istiqamətləri müzakirə edilib.

Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulan I Avropa Oyunlarında Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulduğunu bildirib. Rəsmi nümayəndə heyətinin sayının təxminən min olması gözlənilir.

Mehriban Əliyeva I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerlərinin müəyyən edildiyini vurğulayıb. Belə ki, yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", "Sərhədçi" İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin isə Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.

Mehriban xanım Əliyeva Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsinin əsas məslələrdən biri olduğunu diqqətə çatdırıb. Təşkilat Komitəsi tərəfindən simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülür. Belə ki, I Avropa Oyunları mövzusunda açıq loqotip müsabiqəsi artıq elan edilib. Bununla yanaşı, Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Mehriban xanım Əliyeva hazırda medalların dizaynı ilə bağlı təkliflərin hazırlandığını bildirib. Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məsələsinə gəlincə isə bildirək ki, Təşkilat Komitəsi tərəfindən Atletlər Kəndinin yaradılması nəzərdə tutulub. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri isə Media Kəndində yerləşdiriləcəklər.

Təşkilat Komitəsinin sədrinin sözlərinə görə, oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır.

Qısa bir müddətdə Təşkilat Komitəsi tərəfindən hazırlanan təkliflər nəzərdə tutulan I Avropa Oyunlarının da ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər