PDF Oxu

Əsas

  • 27

YAP növbəti humanitar aksiya keçirib

YAP növbəti humanitar aksiya keçirib

Dünən Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyi növbəti humanitar aksiya həyata keçirib. Belə ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında qanvermə aksiyası reallaşdırılıb. Aksiyada YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müaviniləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, eləcə də xeyli sayda gənclər iştirak ediblər.

Əli Əhmədov: "Bu aksiya YAP gənclərinin vətənpərvərliyindən, eləcə də Azərbaycanda həyata keçirilən bütün işlərdə maraqlı olduğundan və bu proseslərdə iştirak etmək istəyindən xəbər verir"

YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu aksiyanın həyata keçirilməsi təklifini Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi irəli sürüb: "Hesab edirəm ki, bu, çox humanist xarakterli təşəbbüsdür. YAP Gənclər Birliyi tərəfindən irəli sürülən bu təşəbbüsə partiyanın funksionerləri də qoşulmaq qərarına gəldi. Təbii ki, biz də gənclərlə bir yerdə olmaq istədik. Düşünürəm ki, bu aksiya YAP gənclərinin vətənpərvərliyindən, eləcə də Azərbaycanda həyata keçirilən bütün işlərdə maraqlı olduğundan və bu proseslərdə iştirak etmək istəyindən xəbər verir. Qanvermə aksiyası birmənalı şəkildə humanist xarakterli tədbirdir. Yəqin ki, burada verilən qanlar ehtiyacı olan insanların şəfa tapmasına müsbət təsirini göstərəcək. Fikrimcə, bu aksiyanın mənəvi tərəfi də var. Bu da ondan ibarətdir ki, YAP-ın gəncləri bununla hər kəsə bir nümunə göstərirlər. Biz bunu alqışlayır və dəstəkləyirik. Sevindirici haldır ki, Azərbaycanda qan problemi yoxdur. Bizə verilən məlumata görə, vətəndaşlar könüllü surətdə bu instituta gələrək qan verirlər. Bütün bunlar isə təqdirəlayiq hal kimi qiymətləndirilməlidir".

Mübariz Qurbanlı: "Mən də qan

verirəm və gənclərimizin belə bir

təşəbbüsü bir çox insanlar üçün faydalı olacaq"

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da partiyanın Gənclər Birliyinin təşəbbüsünü yüksək qiymətləndirib: "Hər il partiyamızın yüzlərlə gənc üzvü belə bir kampaniyada iştirak edir. Bu tədbirlər davamlı olacaq. Mən də qan verirəm və gənclərimizin belə bir təşəbbüsü bir çox insanlar üçün faydalı olacaq".

Siyavuş Novruzov: "Partiyamızın gənclərinin qanvermə aksiyası ilə bağlı təşəbbüsü çox təqdirəlayiqdir"

"Partiyamızın gənclərinin qanvermə aksiyası ilə bağlı təşəbbüsləri çox təqdirəlayiqdir. Biz də bu təşəbbüsə qoşuluruq və bunu alqışlayırıq". Bu fikirləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, gənclərin təşəbbüsü irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən, uşaqlara böyük yardım edəcək. "YAP və onun Gənclər Birliyi bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir. İnanıram ki, belə aksiyalar davamlı olacaq" - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Seymur Orucov: "Qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub"

YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir: "Bu haqda sosial şəbəkələrdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub". O digər gənclər təşkilatlarına, o cümlədən müxalifətçi gənclərə çağırış edərək cəmiyyətə fayda verən işlərlə məşğul olmağı tövsiyə edib.

YAP Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov isə bildirib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir. Onun sözlərinə görə, bu haqda sosial şəbəkələrdə, KİV-lərdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına YAP üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub. "Hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlar var ki, onlara bu formada yardım göstərmək olduqca vacibdir. Burada toplanılan qan xəstə insanların şəfası üçün istifadə olunacaq" - deyə S.Hüseynov qeyd edib.

YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da bildirib ki, bu cür aksiyaların keçirilməsi qana ehtiyacı olanlara böyük köməkdir. Ölkəmizdə qan xəstəliklərindən əziyyət çəkənlər üçün mühüm tədbirlərin həyata keçirildiyini deyən S.Quliyeva bu istiqamətdə YAP-ın keçirdiyi aksiyaların əhəmiyyətli olduğunu vurğulayıb: "Bu, çox xeyirxah missiyadır. Belə missiyalar gələcəkdə də davam edəcək".

"Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqla bir olub və xoş, eyni zamanda kədərli günlərdə də daim onunla eyni addımlayıb. Partiyamızın Gənclər Birliyi də böyüklərdən örnək götürərək bu ənənələri davam etdirir. Gənclərin təşəbbüsü ilə mütəmadi olaraq humanitar aksiyalar keçirilməsi buna sübutdur. Bu gün YAP Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyası da buna sübutdur". Bu fikirləri isə YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva deyib. A.Əliyeva bildirib ki, YAP daim, xüsusilə Yeni il, Ramazan, Qurban, Novruz bayramları münasibətilə bu tipli tədbirlər keçirib. Onun sözlərinə görə, qanvermə aksiyasına gənclər kütləvi şəkildə qoşulublar. "Bir neçə gün öncə Gənclər Birliyi tərəfindən sosial şəbəkələrdə, KİV-lərdə bu aksiya ilə bağlı çağırışlar edilmişdi. Bu çağırışa güclü dəstək gəldi və biz gözlədiyimizdən də üstün nəticəni əldə etdik. Qan xəstəlikləri hər bir insanı yaxalaya bilər. Ona görə də, bu məsələdə insanlara dəstək olmaq üçün həmrəylik göstərməli, çiyin-çiyinə olmalıyıq. Bu tədbir birliyimizin bir daha nümayişi oldu " - deyə A.Əliyeva vurğulayıb.

Qeyd edək ki, ümumilikdə qanvermə aksiyasında 200-ə qədər gənc iştirak edib.

R.HÜSEYNOVA

Digər xəbərlər