PDF Oxu

Əsas

  • 110

Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən tanınır

Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən tanınır

Leyla xanım Əliyeva: "Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər gərək heç yerdə təkrar olunmasın"

Müasir dövrümüzdə dünya Azərbaycan reallıqlarına biganə qala bilmir. Həqiqətlər birmənalı, qeyd-şərtsiz qəbul olunur. Buna səbəb ölkəmizin beynəlxalq aləmdə nüfuzu ilə yanaşı, onun gerçəklikləri, inkişafı, sülhsevərliyi, humanizm prinsipləri ilə yaşaması, maddi-mənəvi dəyərləridir. Dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçvəsində deyə bilir. İstənilən bir sahədəki nailiyyətlərimiz Azərbaycan məfhumunu dünyaya yaxınlaşdırıb. Bu baxımdan Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr geniş sferanın əhatəliyi və əhəmiyyəti baxımından önəmlidir. Sosial, mədəniyyət, səhiyyə, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələr dünya ölkələrində ölkəmizin həqiqətlərini saysız insanlara təqdim edir. Belə ki, fondun dəstəyi ilə keçirilən tədbirlər, gerçəkləşən layihələr Qərb ilə Şərqin qovuşmasında bir körpü rolunu oynayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində tədbirləri xüsusi qeyd etməliyik. 1992-ci ildə fevralın 26-na keçən gecə erməni silahlılarının Azərbaycanın Xocalı şəhərinə soxularaq 613 dinc insanı, 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetirməsi dünya ictimaiyyətinə faktların dili ilə çatdırılır. Belə bir hadisəni törədənlərə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir. "Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər gərək heç yerdə təkrar olunmasın" - deyən Leyla Əliyeva 2008-ci il mayın 8-də "Xocalıya ədalət" beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürüb. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Artıq neçə illərdir ki, Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın onlarla ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirilir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyırlar. ABŞ-ın Vest Virciniya, Pensilvaniya, Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennesi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir. Artıq dünyada insanlar həqiqəti yalandan ayırmağı bacarır. Xocalı kimi faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalı unudulmamalıdır. Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sıraya qoyula bilər. Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan növbəti sənəd qəbul edib. Belə ki, dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə Nazirlər Şurasının 40-cı sessiyasında belə bir qərar verilib. Qətnamə layihəsində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına dair xüsusi bənd ayrılıb. Bu bənddə "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər kampaniyanın işində fəal iştiraka və lazımi səylər göstərməyə çağırılır.

Onu da vurğulayım ki, Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası yeni aksiya keçirir. Aksiyanın məqsədi Xocalıda baş verənlərin beynəlxalq səviyyədə soyqırımı kimi tanıtdırılması yolunda Xocalı faciəsi haqqında məlumatların dünya ictimaiyyəti arasında daha geniş yayılması və akademik səviyyədə görüləcək işlərin miqyasının artırılmasından ibarətdir.

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşəriyyətin faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə, amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılmalı və bu istiqamətdə gerçəkləşən layihələrin coğrafi məkanı ilbəil genişlənməlidir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər