Əli Əhmədov: "Bugünkü Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafında öz məsuliyyətini dərk edir"
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi kimi önəmli yerlərdən birini tutmaqdadır. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. 1997-ci il fevralın 1-də 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Ulu Öndər Heydər Əliyev tərəfindən mühüm Sərəncam imzalanmışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Bu gün bu uğurlu siyasət ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalamış, gənc nəslin inkişafında və tərəqqisində xüsusi töhfəsini vermişdir. Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur.
Seymur Orucov: "Ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq bir çox Avropa və dünya ölkələrinə nümunə ola biləcək səviyyəyə gəlib çatıb"
Artıq Azərbaycan gəncləri üçün ənənə şəkli alan 2 fevral "Gənclər Günü" hər il böyük vüsət və fərəh hissi ilə qeyd edilir. Belə bayram tədbirlərindən biri də ötən həftə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi tərəfindən keçirilmişdir. Belə ki, tədbirdə Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov, vitse-spiker Bahar Muradova, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, media kapitanları və təşkilatın fəal üzvləri də yaxından iştirak ediblər.
Həmin tədbirdə çıxış edən YAP GB sədri Seymur Orucov Gənclər Gününün tarixi haqqında fikirlərini bildirərkən qeyd edib ki, bu günün əsası məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə keçirilən Gənclərin I Forumunda qoyulub: "Dünya ölkələri arasında Azərbaycan ilk ölkədir ki, gənclər üçün xüsusi gün ayırıb. Bu günün təsis edilməsi ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının əsas göstəricilərindən biridir. Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı nəinki Azərbaycanda, həm də beynəlxalq səviyyədə özünü göstərir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq bir çox Avropa və dünya ölkələrinə nümunə ola biləcək səviyyəyə gəlib çatıb".
Bahar Muradova: "Düşünürəm ki, yaşlı nəsillər öz yerlərini rahat şəkildə gənclərə verə bilərlər"
Söz yox ki, YAP-ın aparıcı simaları və tanınmış dövlət və hökumət xadimlərinin də bu kimi bayram tədbirinə qatılması, onların gənclərlə bağlı fikirləri böyük diqqətlə dinlənildi. Belə ki, Baş nazirin müavini YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov 2 Fevral Gənclər Günü ilə bağlı fikirlərini bölüşərkən çox əhəmiyyətli məqama toxunaraq vurğulayıb ki, bu tarixi günün yaranmasından təxminən 20 il keçir: "Tədbirin məhz 2 fevrala salınması da təsadüfi deyil. Bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqamətində böyük işlər görülüb. Bu işlər bu gün də görülməkdədir".
Əli Əhmədov, eyni zamanda, daha bir önəmli məqama toxunaraq vurğulayıb ki, bu gün Azərbaycan gəncliyi yeni azərbaycançılıq siyasəti ətrafında sıx birləşərək, gələcəklərini, uğurlarını YAP sıralarında görməkdədirlər: "Azərbaycan gənclərinin əksəriyyəti YAP GB-nin sıralarında yerləşib. YAP-ın 600 mindən çox üzvünün təxminən 40 faizini gənclər təşkil edir. Onlar yüksək təhsil və biliklərə yiyələnmiş, Ulu Öndər siyasətinə sadiq olan gənclərdir. Biz inanırıq ki, bugünkü Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafında öz məsuliyyətini dərk edir".
Qeyd etdiyimiz kimi, 2 Fevral Gənclər Günü münasibəti ilə digər dövlət və hökumət rəsmiləri tərəfindən də təbriklər ünvanlanır, gənclərin fəaliyyətinə uğurlar arzu edilir. Belə ki, Milli Məclisin vitse-spikeri Bahar Muradova da gəncləri təbrik edərək söyləyib ki, bu günün təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyev milləti irəli aparan gənclərlə bağlı çox işlər aparıb və bu gün gəncilk onun bəhrələrini görməkdə davam edirlər: "Yadımdadır ki, o zaman partiya yarananda da ora gənclər gəlirdi. Lakin o zamanın gəncləri ilə indiki gənclər arasında çox fərq var. Mən daha çox bugünkü gənclərə üstünlük verirəm. Bugünkü gənclik özünün parlaq dövrünü yaşayır. Müasir gənclərin özünə inamı bizdən daha çoxdur. Azərbaycanın gələcəyi ilə bağlı qəbul edilən qərarların məsuliyyəti siz gənclərin üzərinə düşür. İnanıram ki, siz buna hazırsınız. Düşünürəm ki, yaşlı nəsil öz yerlərini rahat şəkildə gənclərə verə bilərlər".
Azərbaycanda dövlət-gənclər siyasətinin daha yeni və modern mərhələsinə start verilib
Beləliklə, bir daha vurğulamaq mümkündür ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artması istiqamətində uğurlu layihələr reallaşdırılmışdır. Bu arada onu da xatırlatmaq mümkündür ki, 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu da fəaliyyət göstərməkdədir. Bununla da Azərbaycanda dövlət-gənclər siyasətinin daha yeni və modern mərhələsinə start verilmişdir ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaqdır. Bu uğurlar isə təbii ki, Azərbaycanın daha uğurlu gələcəyini təmin edən əhəmiyyətli faktor kimi dəyərləndirilməkdədir.
Rövşən NURƏDDİNOĞLU