PDF Oxu

Əsas

  • 681

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

İlk iclasın gündəliyinə 14 məsələ daxil edilib

Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başladı. Plenar iclası Milli Məclisin Sədri Oqtay Əsədov açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndi.

Oqtay Əsədov: "Milli Məclisin son - 2013-cü il payız sessiyası çox məhsuldar oldu"

Gündəlikdə duran məsələrdən öncə cari məsələlər müzakirə olundu. Spiker O.Əsədov Milli Məclisin son - 2013-cü il payız sessiyasının çox məhsuldar olduğunu bildirdi. Spiker qeyd etdi ki, payız sessiyası dövründə çox mühüm bir tarixi hadisə baş verdi - ölkədə növbəti prezident seçkiləri keçirildi və dövlət başçısı İlham Əliyev yenidən ölkə Prezidenti seçildi. O.Əsədov, eyni zamanda qeyd edib ki, payız sessiyası dövründə parlamentin beynəlxalq sahədə də əməkdaşlığı davam etdirilib: "Payız sessiyası dövründə 60-dan çox ölkəyə səfər edilib, həmçinin, 20-dən artıq xarici nümayəndə heyəti Azərbaycanda, Milli Məclisdə olub, görüş keçirib. Sessiyada 10 iclas keçirildi və 70-ə yaxın qanun və qərar layihəsi qəbul edilidi".

Millət vəkilləri Suriyada

döyüşən azərbaycanlılardan danışdılar

Millət vəkili Zahid Oruc diqqəti azərbaycanlıların müxtəlif bəhanələr və din pərdəsi altında Suriyadakı münaqişəyə və hərbi əməliyyatlara cəlb edilməsinə yönəltdi. Millət vəkili Azərbaycanın müstəqilliyi ərzində ilk dəfədir ki, belə bir ciddi fakt qarşısında qaldığını dedi: "Söhbət hər hansı bir ad altında bu döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarından gedir. Bunu təşkil edən qüvvələr, onu həyata keçirənlər sanki dünya legionerləri kimi döyüşçüləri müxtəlif ölkələrdən yığırlar. Azərbaycan bu məsələdə sükutla onun üzərindən keçə bilməz. Oradakı döyüşlərdən sağ qalsalar, Azərbaycana dönəcəklər. Onlar əslində, orada terror qruplarının tərkibindədirlər. Onlar artıq fərdi şəxslər deyillər. Bu şəbəkə sonrakı dövrdə də işləyəcək".

Z.Orucun fikrincə, burada dini qruplar, ayrı-ayrı radikal dini təriqətlərin məsuliyyəti var: "Mən təklif edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Suriyada döyüşən Azərbaycan vətəndaşları haqqında mütləq şəkildə cinayət işi qaldırsın. Bu məslənin qarşısını ala biləcək mexanizm məhz cinayət işidir. Bu insanlar bilməlidir ki, onlar bura qəhrəman kimi dönməyəcəklər. Bura gəlib sonra orda görüdükləri dəhşətləri Azərbaycanda tətbiq etmək istəyəcəklər. Bu qüvvələrin yükünü çəkmək çox çətin olacaq. Belə insanlara din, humanizm, güzəşt mövqeyindən yanaşılmasını deyil, məhz qanun prinsipindən yanaşılmasını təklif edirəm. Bununla əlaqədar qanuna da mütləq dəyişiklik edilməlidir".

Deputat Fuad Muradov çıxışında bildirdi ki, bu gün internet saytlarında nümunəvi gənclər təbliğ olunmalıdır, Suriyada döyüşənlər yox: "Azərbaycan mediası sərhədi qoruyan, erməni gülləsindən həlak olan gənclərin şücaətini təbliğ etməlidir. Bu il başlayandan ermənilərin təxribatı nəticəsində bir neçə zabitimiz həlak olub. Əsl şəhid gənclər məhz onlardır. Belə gənclərimizlə fəxr edib onları təbliğ etməliyik. Yoxsa gedib xarici ölkədə vuruşan gənclərin işini təbliğ etmək olmaz. Sosial şəbəkədə, saytların çoxunda onlardan danışılır ancaq".

F.Muradov hesab edir ki, internetdə gəncləri təxribata çağıran, Suriyada döyüşə dəvət edən saytları qadağan etmək lazımdır: "Facebook-da yaradılan bir səhifə tərəfindən açıq təbliğat gedir və gənclər də orada qeydiyyatdan keçib Suriyaya dəvət olunurlar. Bu səhifələr qapadılmalıdır. Beynəlxalq təşkilatların Azərbaycanda internetin məhdudlaşdırılması barədə bəyanatlarından çəkinməyə dəyməz. Bu, artıq terrorçuluğa çağırışdır və bununla bağlı ciddi addımlar atılmalı, cinayət işi açılmalı, həmin saytlar qapadılmalıdır".

Millət vəkili Fərəc Quliyev isə bildirdi ki, bunula bağlı daha çox maarifləndirici, profilaktik tədbirlər görülməldir: "Televiziyalarda mənasız verilişlərin yerinə, hərbi vətənpərvərlik, maarifləndirici verilişlər verilməli, insanlar arasında təbliğat aparılmalıdır". O qeyd etdi ki, onların adlarını istər muzdlu qoyaq, istər başqa şey qoysaq da, onlar Azərbaycanın vətəndaşlarıdır. Onlar haqqında cəza tədbirləri seçməkdənsə, onları öz "kisəmizə" qaytarmalıyıq.

Siyavuş Novruzov: "Onlar bilmirlər ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Artıq o dövr deyil. Azərbaycan çox güclü dövlətdir"

YAP-ın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, son vaxtlar bəzi saytlarda Azərbaycanda güclü terror hadisəsi törədiləcəyi, bəzi hüquq-mühafizə və inzibati orqanlara qarşı terror təhdidləri haqqında xəbərlər geniş yayılmaqdadır: "Bu hədəni edən təşkilatların arxasında hansı dövlətlərin, beynəlxalq qurumların olduğu artıq bizə də məlumdur". S.Novruzov onu da bildirdi ki, görünür, Azərbaycanda olan ictimai-siyasi sabitlik hansısa təşkilatlara sərf etmir: "Onlar hədələmək yoluna keçiblər. Bu yola Azərbaycana qarşı hədələrini bildirmək istəyirlər. Bu gün Azərbaycanın iqtisadi və siyasi uğurları, eləcə də dünya ölkələrinin bir çoxunun beynəlxalq tədbirləri məhz ölkəmizdə keçirməsi, görünür, bir sıra xarici təşkilatları narahat edir. Bu istiqamətdə Azərbaycana qarşı təhdidlər, tələblər, şərtlər irəli sürməyə hazırlaşırlar. Lakin onlar hələ də bilmirlər ki, Azərbaycanda yaranan ictimai-siyasi sabitliyin əsası Heydər Əliyev tərəfindən qoyulub.

Hazırda həmin siyasət də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın güclü hüquq-mühafizə orqanları var. Eyni zamanda Azərbaycan xalqının dövləti və Prezidenti birlikdədir. Hər hansı bir təhdid Azərbaycanın maraqlarından geri çəkilməsinə imkan verməyəcək, bunun dəfələrlə şahidi olmuşuq. Təbii ki, bu proses bundan sonra da davamlı şəkildə həyata keçiriləcək. Onlar Azərbaycanda terror aktları törədəcəklərini bildirirlər. Həmin qüvvələrin arxasında konkret təşkilatlar və dövlətlər dayanırlar. Lakin onlar bilmirlər ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Artıq o dövr deyil. Azərbaycan çox güclü dövlətdir". S.Novruzov qeyd etdi ki, internet məkanda xarici ölkələrdə döyüşə təbliğat çağırışlarının qarşısının alınması üçün Azərbaycan qanunvericiliyində dəyişiklik ediləcək.

Sədaqət Vəliyeva: "Məgər Qurani-Kərimdə yazılıbmı ki, Bəşər Əsədə və ya onun ordusuna qarşı vuruşsan, şəhid sayılacaqsan?"

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva məsələ ilə bağlı münasibətini bildirdi: "Son günlər ərzində mətbuatdan və digər mənbələrdən Suriyada Azərbaycan vətəndaşlarının döyüşməsi və həlak olması haqqında məlumatlar alırıq. Elə ötən həftə Ermənistanın növbəti hücumları nəticəsində Azərbaycan ordusu 2 şəhid verdiyi halda, Suriyada nə üçünsə, vuruşan 3 azərbaycanlı həlak olub. Məhz bu vəziyyət bizi bir daha bu məsələ ətrafında fikirləşməyə məcbur edir".

S.Vəliyeva onu da vurğuladı ki, bu günə qədər müəyyən təhdidlər və siqnallar da var idi ki, bəzi təriqətlərdən olan şəxslərin qeyri-dini qrupların maraqlarına xidmət etməsi haqqında düşüncələri formalaşdırırdı: "Lakin dövlət dini radikalizmin qarşısını almaq niyyətini ortaya qoyan kimi həmin dindən silah kimi istifadə edən qeyri-dini qruplar Azərbaycanı vicdan azadlığını və dini sərbəstliyi pozmaqda ittiham edirlər. Amma bu gün müşahidə etdiyimiz proseslər onu göstərir ki, artıq dinlə bəzi dindarlar arasında uçurum formalaşır. Mən heç cürə başa düşə bilmirəm ki, Suriyada kiməsə qarşı vuruşmaq və ya eyni dinin daşıyıcılarının bir-birini məhv etməsi nə vaxtdan şəhidlik olub? Məgər Qurani-Kərimdə yazılıbmı ki, Bəşər Əsədə və ya onun ordusuna qarşı vuruşsan, şəhid sayılacaqsan? Təbii ki, yox. Əgər Vətən naminə düşmənlə vuruşmaq niyyəti varsa, bizim Dağlıq Qarabağ kimi problemimiz və torpaqlarımızı işğal etmiş düşmənlərimiz var. Ona görə də, gedib Suriyada müəyyən pul müqabilində vuruşmaq nə dini, nə də azərbaycançılıq kontekstinə sığmır. Dövlətin aidiyyəti qurumları bu problemlə bağlı apardıqları işi daha da genişləndirməlidirlər. Mətbuat isə hər zaman olduğu kimi bu məsələdə diqqətli olmalı və problemə qarşı mübarizə aparan dini və dövlət nümayəndələrinin ləkələnməsinə yol verməməlidirlər".

Məsələ ilə bağlı Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu, çox ciddi məsələdir: "Lakin oradakı azərbaycanlıların hamısına terrorçu demək düzgün deyil. Ondan 2 dəfə çox Avropadan gələn nümayəndələr Azərbaycandakı döyüşlərdə iştirak ediblər. Onları terrorçu kimi damğalamaq olmaz. Bunun üzərində işləmək lazımdır. Bu, muzdlu əsgərlərdir. Onların qarşısını almaq həqiqətən də çətindir. Bu məsələlərdə problemlər var".

Azərbaycan Milli Məclisində internet saytlarda terrora çağırış, bu xarakterli hədə və bəyanatlarla bağlı qanunvericilikdə yenilik edilməsinə baxılması gözlənilir. Həmçinin, Milli Məclisdə bəzi din xadimlərinə, ruhanilərə, mollalara və dini məsələlərlə məşğul olan qurumlara iradlar tutulub. Müzakirələr zamanı deputat Gövhər Baxşəliyeva təklif etdi ki, ümumiyyətlə, Azərbaycan qanunlarında din-dövlət münasibətlərinin tənzimlənməsinə yenidən baxılmalıdır. O, təəssüflə qeyd edib ki, müxtəlif regionda vətəndaşlarımız islam dinini istədikləri formada qavrayırlar: "Çox vaxt da həqiqətdən kənarda qalırlar ki, bu da fəsad törədir. Buna nəzarət eləmək lazımdır". G.Baxşəliyeva mollaların və bəzi ruhanilərin savadsızlığından da şikayətlənib.

Spiker Oqtay Əsədov isə deputata cavab olaraq onunla razı olduğunu bildirdi: "Bu kimi məsələlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir və edəcək. Ən əsası da odur ki, islamın müqəddəs kitabı Qurani-Kərim əhalinin böyük qisminin bilmədiyi ərəb dilində təbliğ olunur. Quranda islamın çox gözəl mahiyyəti müfəssəl açıqlanır, amma bizim ruhanilər, mollalar onu məscidlərdə, yas mərasimlərində ərəbcə təbliğ edirlər ki, bunu da heç kim başa düşmür və formal xarakter daşıyır. Məsələn, Bakının elə kəndləri var ki, orada Quran Azərbaycan dilində oxunur və insanlar bunu başa düşür. Bu da həmin yerlərdə yaxşı effekt verir. Bizim ruhanilər, din xadimləri və bu işə nəzarət edənlər islamı vətəndaşlara başa düşdüyü dildə təbliğ etməlidir ki, ayrı-ayrı qüvvələr yaranan boşluqdan istifadə etməsin".

Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik planı qəbul olundu

Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarıldı. Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, deputat Mübariz Qurbanlı "Psixoloji xidmətlər haqqında" yeni qanunun işlənib hazırlanması təklifini irəli sürdü.

Siyavuş Novruzov: "Bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidirlər"

YAP İcra katibinin müavini, millət vəkili S.Novruzov bələdiyyə seçkiləri ilə bağlı münasibət bildirərkən qeyd etdi ki, dünyada ən asan bələdiyyə seçkiləri Azərbaycanda keçirilir: "Bələdiyyə üzvləri ilə yanaşı, bələdiyyə sədrlərini də vətəndaşlar seçməlidirlər. Ona görə də məsələ ilə bağlı müvafiq qanunvericiliyə də dəyişikliklər edilməlidir".

S.Novruzov bələdiyyə üzvlərinin də sayının az olması təklifini və sədrin vətəndaşlar tərəfindən seçilməsi təklifi ilə çıxış etdi: "Bir namizədin irəli sürülməsi üçün 10-15 nəfərin imzası yetərlidir. Hazırda bələdiyyə sədrini bələdiyyə üzvləri öz aralarından seçirlər. Əslində bu, düzgün deyil. Yaxşı olardı ki, seçicilər bələdiyyə üzvlərini seçdikləri kimi, bələdiyyə sədrini də seçsinlər. Çünki bu, həmin bələdiyyə sədrləri qarşısında məsuliyyət yaradar. Bu, həm bələdiyyə sədrinin işini asanlaşdırar, həm də onun vətəndaşlarla birbaşa əlaqələrində problemlərin qarşısını alar".

Millət vəkili Zahid Oruc Milli Məclisin adının dəyişdirilərək Millət Məclisi adlandırılmasını, müəllimlərə dövlət qulluqçusu adının verilməsinin iş planına daxil edilməsi təklifini səsləndirdi. Elmira Axundova tikintidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini vacib saydı. Fəzail Ağamalı ipoteka ilə bağlı qanuna dəyişiklik edilməsini vurğuladı. Fuad Muradov ehtiyacı olan gənclərə evlərin verilməsinə daha çox diqqətin ayrılmasını zəruri hesab etdi.

Milli Məclisdə yaz sessiyasının qanunvericilik iş planı müzakirə edildi. İş planı haqqında məlumat verən spiker Oqtay Əsədov bildirdi ki, yaz sessiyasının gündəliyinə 12 məsələ daxil edilib. Onun sözlərinə görə, yaz sessiyası müddətində parlamentarilər "Rəqabət Məcəlləsi"ni, "Reklam haqqında", "Dəniz limanları", "Hərbi qulluqçuların statusu" haqqında, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr" haqqında, "Elm" haqqında qanun layihələrini müzakirə edəcəklər. Spiker onu da əlavə etdi ki, deputatlar eyni zamanda "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Akkreditasiya haqqında" qanun layihələrini, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər, təşəbbüs qaydasına daxil olan qanun layihələrini müzakirə edəcəkdir.

Müzakirələrdə çıxış edən deputatlar da yaz sessiyasında bir sıra qanunların müzakirəsinin vacibliyini qeyd etdilər. Müzakirələrdən sonra parlament 4 qanun layihəsini ratifikasiya etdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər