PDF Oxu

Əsas

  • 1 977

İntellektual, fiziki inkişaf məktəbəqədər təhsil müəssisələrində formalaşır

İntellektual, fiziki inkişaf məktəbəqədər təhsil müəssisələrində formalaşır

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə genişmiqyaslı proqram və layihələri reallaşdırır. Fond yarandığı zamandan bu günə qədər ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Kimsəsiz və dəstəyə ehtiyacı olan insanlara ehtiramla yanaşması, valideyn himayəsindən məhrum olan uşaqların maddi-texniki bazasının yenidən qurulmasında gördüyü işlər, əhalinin sağlamlığının mühafizəsi, sosial problemlərin həlli ilə əlaqədar bir sıra genişmiqyaslı layihələr nəticəsini verməkdədir.

2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı təhsil sahəsində mövcud olan problemlərin həllində əhəmiyyətli rol oynayıb. Ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaradılıb, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemlər aradan qaldırılıb. Belə ki, ölkədə 2700 məktəb inşa olunub və ya əsaslı təmir edilib. Bununla da 1 milyondan çox şagirdin təhsil almaq şəraiti yaxşılaşdırılıb.

Fondun "Uşaq evləri və internat məktəblərinə dəstək" layihəsi də uğurla davam etdirilir. Layihə çərçivəsində 32 internat və uşaq evi yenidən qurulub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binası da inşa olunub. Fondun dəstəyi ilə təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələri yenidən qurulur. Bildiyimiz kimi, Bakı şəhəri üzrə məktəbəqədər 414 təhsil müəssisəsi var. Onlardan 137-sinin əsaslı təmirə ehtiyacı vardır, 11-i isə qəzalı vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır. Məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 28 min şagird yerlik 140 orta məktəb, 50 uşaq bağçası tikilib.

2005-ci ildən bu günə qədər fond tərəfindən respublika üzrə 30-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib. Müasir dövrümüzdə uşaq bağçalarının tikintisinə ehtiyac duyulur. 1 yaşından 5 yaşınadək 157 min 349 uşağın bağçaya ehtiyacı vardır. Yəni hazırda bu yaşda uşaqların yalnız 23,4 faizi uşaq bağçalarında təlim-tərbiyə alır. Bu tələbatın ödənilməsi məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən yeni layihəyə start verilib. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı təhsilin bu sektoruna daha böyük diqqətin olduğunu bildirir. Heydər Əliyev Fondu tərəfindən paytaxtımızda məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqi aparılmış, gələcəkdə isə bu, bütün ölkədə aparılacaqdır. Bu təhsil ocaqlarındakı şərait, uşaqların aldıqları tərbiyənin keyfiyyəti önəmli məsələdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın layihənin təqdimat mərasimində dediyi kimi, uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər: "Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır".

Təbii ki, bütün bu amillər məktəbəqədər təhsil müəssisələrinin inkişafına zərurət yaradır. Mövcud tələbat zəmnində fond tərəfindən icra edilən digər layihələr kimi, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı da uğurla icra olunacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər