"Bakı şəhərinin bir sıra əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi təsadüfi deyil. Çünki paytaxt Bakı bu kimi tədbirlərin keçirilməsi üçün əlverişli məkandır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı II Qlobal Açıq Cəmiyyətlər Forumunda Prezident İlham Əliyevin irəli sürdüyü fikirlərə münasibətini bildirərkən deyib.
"Bu gün Azərbaycanın Şərqlə Qərb arasında birləşdirici rol oynaması da bir növ, bu faktorların məntiqi nəticəsidir", - deyə qeyd edən Mübariz Qurbanlı onu da bildirib ki, ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı, yaradılan sosial infrastruktur beynəlxalq tədbirlərin Azərbaycana cəlb edilməsi üçün zəmin yaradan amillərdəndir: "Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq tədbirlərdə bir qayda olaraq ölkə başçısı çıxışında Azərbaycanın keçdiyi yola nəzər salmaqla qarşıda duran vəzifələrdən danışır. Həmçinin, keçirilən tədbirin əhəmiyyəti barədə dəyərli tövsiyələrini verir. Bu günlərdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda dünyanın 30 ölkəsinin sabiq dövlət və hökumət başçıları, o cümlədən, 200-dən çox beynəlxalq miqyasda tanınan ictimai və siyasi xadim iştirak edib. Bu şəxslər əvvəllər Azərbaycanla sıx əlaqədə olan şəxslərdir. Sözügedən tədbirdə Prezident İlham Əliyevin çıxışının bir sıra məqamlarına toxunmaq istərdim. Belə ki, Forumda Azərbaycanın müstəqil dövlət quruculuğu üçün atılan addımlar xüsusi qeyd edilib. Azərbaycan xalqı üçün dövlət müstəqilliyi müqəddəs vəzifədir və biz bu müstəqilliyi qorumaq üçün əlimizdən gələni etməyə hazırıq, Azərbaycan xalqı da bu yöndə həmrəydir. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində bizə qarşı böyük təziqlər olub. İstənilən ölkədə milli birlik, vətəndaş sülhü çox vacib məsələdir. Azərbaycanda isə bu faktorlar Ulu Öndər Heydər Əliyev zamanında bərqərar olub və bu gün də davam etdirilir".
Mübariz Qurbanlı cəmiyyətin inkişafı ilə bağlı fikirlərini bildirərkən deyib ki, demokratik ölkələrdə cəmiyyətin inkişafı, mövcud vəziyyətlə, qarşıda duran vəzifələrlə bağlı fikir ayrılıqları ola bilər: "Bu milli birliyə heç bir xələl gətirmir. Çünki biz azad, demokratik cəmiyyətdə yaşayırıq. Azərbaycanda hakimiyyətlə bərabər müxalifət də mövcuddur. Müxtəlif partiya və qurumlar ola bilər, lakin əsas strateji məsələlərdə xalqımız birlikdədir, yekdildir".
YAP rəsmisi Forumda Ermənistanın Azərbaycana təcavüzü məsələsinin də önə çıxarıldığını qeyd edib. O vurğulayıb ki, Prezident İlham Əliyev daim beynəlxalq tədbirlərdə bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırır. Həmçinin Azərbaycanın xüsusi yeri və rolu haqqında. Qazandığı uğur və nailiyyətləri barədə əhəmiyyətli fikirlərini önə sürür: "Beynəlxlaq aləmdəki vəziyyətə də nəzər salan Prezident İham Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq miqysada daim dəstək alıb və 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildik. Seçilərkən Təhlükəsizlik Şurasında iki əsas vəzifəni: ədaləti və beynəlxalq hüququn aliliyini qorumaq üçün çalışdıq. Forumda iştirak edənlərin beynəlxalq münasibətlər sistemini yaxşı bildikləri üçün bu gün beynəlxalq münasibətlər sistemində təhlükəli presidentlərin, nümunələrin yarandığını görürlər. Bü cür nümunələr bütövlükdə beynəlxalq münasibətlər sistemini dağıda bilər. Bu sistemdə mövcud norma və qaydaların dağılması isə hamıya zərər verə bilər".
İntizarə Məmmədova