İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü olub. Dövlətimizin başçısı Avropa Komissiyasının sədrini qarşıladı. Prezident İlham Əliyev və Joze Manuel Barrozu rəsmi foto çəkdirdilər.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təkbətək görüşü oldu. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirildi. Joze Manuel Barrozunun respublikamıza səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından önəmi qeyd edildi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir: Cənab sədr, bir daha xoş gəlmisiniz. Sizi Azərbaycanda yenidən görməyimə şadam. Biz planlarımız və görülmüş işlər barədə çox yaxşı müzakirələr apardıq. Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq. Bizim əlaqələrimiz bir çox sahələri - siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir. Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik - Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, Sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək, daha çox sahələri əhatə edəcək və inkişaf edəcəkdir. Bir daha Azərbaycana xoş gəlmisiniz.
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu: Cənab Prezident, xoş sözlərinizə və qəbulunuza görə təşəkkür edirəm. 2011-ci ildəki səfərimdən sonra mən yenidən burada olmağımdan çox şadam. Mən "Cənub" dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalandığı əvvəlki səfərimi çox yaxşı xatırlayıram. Bu layihə hazırda uğurla həyata keçirilir. Mən, eyni zamanda, ötən ilin iyulunda Sizi Brüsseldə salamlamaq şərəfinə nail oldum. Biz, həmçinin Vilnüsdə "Şərq tərəfdaşlığı" Sammitində görüşdük. Mən görüşlərimizin intensivliyini görməkdən çox şadam. Dünən gecə buraya gələn kimi Bakının əhəmiyyətli dərəcədə müasirləşdiyini gördüm, 2011-ci illə müqayisədə yaxşılığa doğru çoxlu fərqlər vardır. Mən bununla bağlı Sizi təbrik edirəm. Mən, cənab Prezident, Sizin, hakimiyyətin və Azərbaycan xalqının daha müasir, sabit, inkişaf edən ölkə uğrunda səylərinizi görürəm. Mən, həmçinin Sizi təkcə diplomatik deyil, mühüm beynəlxalq uğurlarınız - "Eurovision" mahnı müsabiqəsi, Azərbaycanın dəstəklədiyi komandanın İspaniya çempionatında qələbəsi münasibətilə təbrik edirəm. İyunun 14-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanmışdır. Sənədi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard, Avropa İttifaqı Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkənin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov imzaladılar. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatında qeyd edib ki, bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilir. Azad media, azad internet mövcuddur. Cənab sədrə dediyim kimi, Azərbaycan əhalisinin 70 faizi fəal internet istifadəçisidir. Ölkəmizdə toplaşmaq azadlığı, təşkilatlanma azadlığı tam şəkildə təmin olunur. Din azadlığı da ölkəmizdə təmin olunur. Azərbaycan çoxmədəniyyətli ölkə və cəmiyyətdir: "Bizim ən böyük sərvətlərimizdən biri ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşamasıdır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. İxrac haqqında danışsaq, bizim ixracın 80 faizi Avropa İttifaqının payına düşür. İqtisadi əməkdaşlığımızın böyük potensialı vardır. Xüsusilə, bu yaxınlarda Avropa istehsalçıları ilə enerji və qeyri-enerji sektorunu əhatə edən bir neçə milyard dollar həcmində müxtəlif mühüm sazişlər imzalanmışdır. Elə həmin səbəbdən yaxın zamanlarda iqtisadiyyat sahəsində daha böyük fəallıq olacağını düşünürəm.
Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini də müzakirə etdik. Təəssüflər olsun ki, danışıqların 20 il davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmamışdır. Bunun başlıca səbəbi Ermənistanın Azərbaycanla sülh əldə etmək istəməməsidir. Yəni, onlar status-kvonun dəyişməsini istəmirlər.
Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin başçıları status-kvonun qəbuledilməz olması ilə bağlı bir necə dəfə bəyanatlar vermişlər, Ermənistan hələ də buna məhəl qoymur, vəziyyəti dondurmaq və status-kvonu saxlamaq üçün hər şeyi edir. Torpaqlarımız işğal altındadır. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi Ermənistanın nəzarətindədir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz geri çəkilməsini tələb edən 4 qətnaməsi hələ də icra olunmamışdır. Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar bənzər qətnamə və qərarlar qəbul etmişlər, lakin onların heç biri icra olunmamışdır. Beləliklə, münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması regionumuz üçün mühüm əhəmiyyətli məsələdir. Bu münaqişənin nizamlanması Cənubi Qafqaz regionunda yeni mühit, sülh və əməkdaşlıq ab-havası yaradacaqdır. Təbii ki, bu gün biz Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığını da müzakirə etdik. Üç il bundan öncə Sədr Barrozu ilə biz burada enerji əməkdaşlığına dair tarixi Bəyannamə imzaladıq. Bunu artıq tarixi sənəd adlandırmaq olar, çünki həmin sənədin uğurlu icrasına başlanmışdır.
2012-ci ildə biz Türkiyə ilə Trans-Anadolu kəməri üzrə Saziş imzaladıq. 2013-cü ildə Trans-Adriatik kəməri ilə bağlı Saziş imzalandı və nəhayət, həmin ilin sonunda "Sahdəniz-2" ilə bağlı Yekun İnvestisiya Qərarı imzalandı. Bunlar Azərbaycan qazının Avropa bazarlarına çıxışını təmin edəcəkdir.
Proses artıq başlanmışdır və biz bu nəhəng layihələri vaxtında icra etmək əzmindəyik. "Şahdəniz-2", TANAP və TAP bu gün Avropanın ən iri infrastruktur layihələridir və dəyəri ən azı 45 milyard dollardır. Onların həyata keçirilməsi üçün bütün maliyyə və texniki imkanlarımız vardır. Biz bütün tərəfdaşlarımızla əməkdaşlıq edirik, eyni zamanda, tranzit və istehlakçı ölkələrlə çalışırıq. Əlbəttə ki, gələcəkdə bütün tərəflər və iştirakçılar arasında fəaliyyətin əlaqələndirilməsi istiqamətində Avropa Komissiyasının iştirakı bizim üçün çox vacib məsələdir və biz bunu yüksək qiymətləndiririk.
Bizim üçün enerji təhlükəsizliyi təchizat marşrutlarının şaxələndirilməsidirsə, Avropa üçün enerji təhlükəsizliyi mənbələrin saxələndirilməsi deməkdir. Azərbaycan Avropa üçün təkcə yeni marşrut deyil, eyni zamanda, təbii qazın yeni mənbəyidir. Bizim nəhəng ehtiyatlarımız var və mövcud infrastruktura yeni infrastruktur əlavə ediləcəkdir. Biz bu tarixi layihəni vaxtında həyata keçirmək əzmindəyik. Əlaqələrimiz müxtəlif sahələri əhatə edir. Cənab sədrlə biz bu gün çox səmimi və acıq müzakirələr apardıq. Mən buna görə təşəkkür etmək istərdim. Bu, məhz belə də olmalıdır. Çünki biz gələcək fəaliyyətimizin istiqamətlərini müəyyən etməliyik, bizi yaxınlaşdıracaq növbəti addımları atmalıyıq. Onu da əlavə etmək istərdim ki, bizim Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti ilə gözəl münasibətlərimiz vardır. Bu da ümumi müsbət əməkdaşlıq mühitinə töhfə verir. Cənab sədr, bir daha Sizi Azərbaycanda salamlayıram."
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bəyanatında qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır:
"Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Məmnunam ki, biz "Cənub" qaz dəhlizi ilə bağlı irəliləyişi də müzakirə etdik. Mən və Prezident Əliyev bu sahədə bir neçə il ərzində çox fəal çalışmışıq və şadıq ki, biz artıq real addımların atılmasının şahidiyik. Bu gün biz "Şahdəniz" qazının - Avropa istehlakçılarına nəql olunacaq qazın başlanğıc nöqtəsi olan Səngəçal terminalına birlikdə səfər edəcəyik. Bu, ilk mərhələdə 2019-cu ildən etibarən əlavə 10 milyard kubmetr qazın Avropaya nəql edilməsi deməkdir və gələcəkdə qazın həcmi artacaqdır. Biz "Cənub" qaz dəhlizi layihəsinin sürətləndirilməsi və genişləndirilməsi məsələsinə də toxunduq və razılığa gəldik ki, qarşıdan gələn illər ərzində bu məsələ bizim qarşılıqlı prioritetimiz olacaqdır. Mən bu layihənin inkişafı ilə bağlı əlavə imkanların müzakirəsini nəzərdə tuturam.
Avropa İttifaqı "Cənub" qaz dəhlizinin uğurlu inkişafı ilə bağlı öz üzərinə düşənləri edəcəkdir. Bu, istehlakçılar və mənbələrin şaxələndirilməsi işində mühüm məsələdir. Eyni zamanda, bu, Avropa Komissiyası tərəfindən Şuraya təqdim edilmiş Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının tərkib hissəsidir. Həmin strategiya bu ayın 27-də Avropa İttifaqı Şurasında müzakirəyə çıxarılacaqdır.
Enerji əməkdaşlığına diqqət yönəltməyimin səbəbi odur ki, ötən illərdə bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Lakin Azərbaycan ilə Avropa İttifaqı arasında çox mühüm əməkdaşlığı nəzərə alsaq, biz yalnız enerji sahəsi ilə məhdudlaşmamalıyıq və münasibətlərimizin digər sahələrdə də genişləndirilməsi arzusundayıq. Yeri gəlmişkən, biz ticarət sahəsində də çox vacib tərəfdaşıq. Siyasi sahədə də dialoqumuz genişlənir və dərinləşir. Dediklərimin konkret nümunəsi Azərbaycanın Avropa İttifaqının müxtəlif proqramlarında iştirakını təmin edəcək az öncə burada imzalanan Sazişdir. Bu, elm, təhsil, ətraf mühit və istehlak siyasəti, səhiyyə kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcəkdir. Görüşümüzdə Prezident Əliyev təhsilin Azərbaycanın inkişafı və müasirləşməsi üçün nə dərəcədə əhəmiyyətli məsələ olduğunu diqqətə çatdırdı. Mən şadam ki, Azərbaycandan olan çoxsaylı alim və tələbələr Avropa İttifaqının təhsil ocaqlarında, elm mərkəzlərində çalışır və təhsil alırlar. Bu da çox ümidverici sahədir. Biz Azərbaycan ilə əlaqələri genişləndirmək arzusundayıq və bu mənada assosiativ üzvlüklə bağlı dəvətimiz qüvvədədir. Çox şadam ki, 2013-cü ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 17,9 milyard avroya çatıb. Bu isə Azərbaycanın xarici ticarətinin 42 faizi deməkdir. Bu, ölkənizdə Avropa şirkətləri üçün geniş imkanların olduğunu göstərir. Prezident Əliyev burada çox düzgün qeyd etdi ki, Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlıqla yanaşı, ikitərəfli formatda üzv dövlətlərlə də uğurlu əməkdaşlıq mövcuddur. Biz üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana tez-tez səfərə gəlməsini və yaxınlarda Prezident Əliyevin Avropa İttifaqına üzv dövlətlərə nəzərdə tutulmuş səfərini alqışlayırıq.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bizim əməkdaşlığımız hökumətlər və dövlət qurumları arasında əməkdaşlıqla məhdudlaşmır. Biz xalqlarımızı və cəmiyyətlərimizi bir araya gətirmək üçün çalışırıq və Prezident Əliyev Avropa Komissiyasına səfər edərkən Azərbaycan və Avropa İttifaqının mümkün qədər yaxın olması arzusunu ifadə etmişdi. Biz bu yaxınlarda viza sadələşdirilməsi və readmissiya Sazişini imzaladıq. Ümid edirəm ki, bu saziş Azərbaycan və Avropa İttifaqı arasında gediş-gəlişi sadələşdirəcəkdir. Açıq səma Sazişi də bu sahədə öz töhfəsini verə bilər. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Avropa İttifaqının qənaətinə görə bu münaqişənin ədalətli həlli olmadan Cənubi Qafqazda sülh və sabitlik bərqərar olmayacaqdır. Status-kvo davamlı deyildir. Biz ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını və irəliləyişin əldə edilməsi çağırışlarını dəstəkləyirik. Mən bu münaqişənin həllində Avropa İttifaqının münaqişə tərəflərinin mövqelərinin yaxınlaşdırılmasında konstruktiv rol oynamağa hazır olduğunu Prezident Əliyevin diqqətinə çatdırdım. Bundan əlavə, biz Ukrayna kimi qlobal və regional əhəmiyyətli məsələləri müzakirə etdik. Cənab Prezident, Azərbaycan bizim üçün çox yaxın tərəfdaşdır və biz artıq enerji sahəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişik. Ümid edirəm ki, Sizin rəhbərliyiniz və dəstəyiniz sayəsində biz yaxın zamanlarda Strateji Modernləşmə Tərəfdaşlığı Sazişini imzalayacağıq ki, bu da qeyd etdiyimiz kimi, Azərbaycanı Avropa İttifaqına mümkün qədər yaxınlaşdıracaqdır."