Siyavuş Novruzov: "Valideynlər partiya rəhbərlərindən soruşmalıdılar ki, nəyə görə gəncləri elmə, tədrisə deyil, aksiyalara, polislə qarşıdurma yaratmağa yönəldirsiniz?"
Çox təəssüflər olsun ki, siyasi əxlaq və mənəvi-milli keyfiyyətlərdən uzaq addımlar atan radikal müxalifət təmsilçilərinin korporativ maraqları naminə gəncləri qurban verməsi günümüzün reallığıdır. Əslində, indiki müxalifətin gənclərə siyasi alət kimi baxması da yeni bir tendensiya deyil. Çünki müstəqilliyimizin ilk illərində gənclərimizin potensialı AXC-Müsavat deyilən qaragüruhçuların çirkin əməllərinin həyata keçirilməsinə istiqamətləndirilmişdi. Həmin dövrdə gənclər müxtəlif kriminal və özbaşınalıq fəaliyyətlərinə cəlb edilmiş, cinayətlərin törədilməsinə sürüklənmişdilər. Məhz hazırda da Azərbaycanın uğurlarına kölgə salmaq üçün anti-milli qüvvələrin məkrli planlarının reallaşdırılmasında gənclərdən istifadə etməyə cəhd göstərirlər.
Doğrudan da müəyyən daxili və xarici qüvvələr Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Burada da həmişə olduğu kimi, anti-milli mövqedə durmuş radikal müxalifət nümayəndələri yer alırlar. Radikal müxalifət təmsilçiləri ətraflarına yığdıqları 5-10 gənci yenidən mitinqlərə, piketlərə çıxmağa məcbur edir və onlardan öz cılız siyasi maraqları naminə istifadə etməyə çalışırlar. Elə Dağlıq Qarabağı ermənilərə satan, Azərbaycana təzyiq etmək üçün xarici dövlətlərin kəşfiyyat orqanlarına material ötürən gənclər, məhz AXCP və Müsavatın sıralarından çıxıb. Həmin gənclər bəlkə də, etdiklərinin fərqini iş-işdən keçdikdən sonra anlamağa başlayırlar. Lakin məsələnin özəyi ondan ibarətdir ki, çirkin oyunların alətinə çevrilmiş gəncləri, məhz radikal müxalifət yolundan azdırır. Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli kimilər gənclərə yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik öyrədir. Bu faktı, həmçinin, bir müddət öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılmış AXCP üzvü Rahib Hacıyev Azərbaycan Prezidentinə ünvanladığı müraciətində təsdiqləyib. AXCP-çi müraciətində deyirdi ki, üzvü olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası özünün maddi və siyasi mənafeyi üçün mənim siyasi təcrübəsizliyimdən sui-istifadə edib, məndən yararlanaraq özlərinə dividend qazanıblar. Bu cür siyasi qurumlar, müxalif simalar məndən və mənim kimi təcrübəsiz insanlardan beynəlxalq arenada ölkəmizə və Vətənimizə təzyiq göstərmək üçün bir alət kimi istifadə ediblər.
Göründüyü kimi, radikal müxalifət gənclərin təcrübəsizliyindən sui-istifadə edərək onların səhv yola düşməsinə səbəb olurlar. Lakin dövlət istənilən halda çalışır ki, ölkəmizin gələcəyi olan gəncləri bu cür anti-milli ünsürlərin planlarına alət olmasın və gələcəyini yüksək səviyyədə qursunlar. Bu istiqamətdə reallaşdırılan gənclər siyasəti məhz Ulu Öndər Heydər Əliyev tərəfindən hələ 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə gəldikdən sonra müəyyənləşdirilib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyilə həyata keçirilən institusional islahatlar nəticəsində gənclərin potensialı maksimum dərəcədə dövlətimizin quruculuğu prosesinə yönəldildi.
Həmin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik fəaliyyəti nəticəsində isə bu gün Azərbaycan gəncləri nəinki ölkənin inkişaf etdirilməsi prosesində iştirak edir, hətta xarici dövlətlərdə anti-Azərbaycan dairələrinə qarşı mübarizə aparır, doğma məmləkətimizin maraqlarını müdafiə edirlər. Ötən müddət ərzində vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilən Azərbaycan gəncliyi ümummilli məsələlərin həllində ön sırada gedərək, Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvəsilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verir.
Elə iqtidar partiyası Yeni Azərbaycan Partiyası da üzərinə düşən məsuliyyəti hiss edərək gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi istiqamətində ciddi addımlar atır. Bunlardan birini də məhz yay və qış məktəbləri təşkil edir. 2007-ci ildən başlanan bu layihədə ölkəmizin fəal gəncləri iştirak edir və inkişaf edirlər. Məhz bu dəfə də YAP rəhbərliyi gənclər üçün yay məktəbi təşkil edəcək. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, yay məktəblərinin proqramları çox zəngindir: "İKT proqramları tədris olunacaq. Digər maarifçilik işləri aparılacaq. Yay məktəblərindəki gənclər sonradan qruplar yaradırlar, dostluq edirlər, sosial şəbəkələrdə fəallıq göstərirlər. Həmçinin siyasi bacarıqlarını, liderlik keyfiyyətlərini artırırlar. Bu proseslər intensiv şəkildə, intellektual müstəvidə aparılır. Biz gəncləri Azərbaycanın gözəl guşələrinə aparırıq, onlara siyasi mədəniyyəti, elm, bilik öyrədirik, savadlandırırıq.
Müxalifət isə gəncləri küçələrə çıxarır, onların tərbiyəsini pozur, qeyri-qanuni aksiyaya çıxarır. Həmin gənclər heç bir təqsiri olmaya-olmaya, partiya rəhbərlərinin səhv yola yönəltmələri üzündən cinayət məsuliyyətinə cəlb olunurlar. Valideynlər partiya rəhbərlərindən soruşmalıdılar ki, nəyə görə gəncləri elmə, tədrisə deyil, aksiyalara, polislə qarşıdurma yaratmağa yönəldirsiniz? Nəticədə o uşaqlar həbs olunurlar, gənclik illərini dəmir barmaqlıqlar arasında keçirirlər". Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətinin başlıca məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və radikal müxalifətin planlarına alət olmadan cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bütün bunlar isə quru sözlərlə bəzədilmir, əksinə, real işlər görülür.
"Səs" Analitik Qrupu