PDF Oxu

Əsas

  • 1 474

Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət və milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsipləri olmalıdır

Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət və milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsipləri olmalıdır

Akademik Ramiz Mehdiyev: "Müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli

maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir"

Məlum olduğu kimi, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli tərəqqi dövrünü yaşayır. Bu mənada, ölkəmizin beynəlxalq nüfuzu gündən-günə yüksəlir, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurlu nəticələr verib. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər ölkəmizi cəlbedici geostrateji məkana çevirib.

Əlbəttə ki, Azərbaycanın sürətli inkişafı və əldə etdiyi nailiyyət bir sıra xarici antimilli qüvvələri, xüsusilə də, erməni lobbisini narahat edən başlıca amilə çevrilib. Bu baxımdan da, onlar Azərbaycandakı "beşinci kolon" vasitəsilə ölkəmizin siyasi-ictimai sabitliyinə xələl gətirmək və dinamik inkişafı böhranla əvəzləməyə cəhdlər göstərirlər. Məhz bu məqsədlə Azərbaycanda yaradılmış demokratik mühitdən sui-istifadə edən antimilli ünsürlərin vasitəsilə siyasi şoular düzənləməyə çalışılır. Təbii ki, qanunu pozanların hər biri layiqli cəzasını alır və hətta hüquqi çərçivədə lazımi addımlar atılır. Bununla bağlı avqustun 29-da keçirilmiş dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində çıxışı zamanı mövqeyini bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd edib ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. O, qeyd edib ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaq. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcək.

O da qeyd olunmalıdır ki, Azərbycanın daxilindəki bəzi qüvvələr bilərəkdən ölkəmizin milli təhlükəsizliyini təhdid altına ala biləcək addımlar da ataraq dövlətimizin mövqelərinə zərbələr vurmağa çalışırlar. Biz bunu iyul ayının 31-də Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik zamanı bir sıra informasiya vasitələri ya populizm, ya da maddi maraqları naminə ölkəmizin informasiya təhlükəsizliyinə xələl gətirməyə cəhd edirdilər. Hətta onlar ordumuzun dislokasiyası haqqında belə məlumatları ictimailəşdirməkdən çəkinmirdilər. Bu işdə isə radikal müxalifətin nəzarətində olan KİV xüsusi fəallıq göstərirdi.

Administrasiyanın rəhbəri Ramiz Mehdiyev məsələ ilə bağlı qeyd edib ki, avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsini açıq nümayiş etdirib. Ramiz Mehdiyev cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar göstərib.

Təbii ki, sözügedən KİV-lər və ayrı-ayrı subyektlər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının 7.9.3. dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər və 7.9.4. digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi maddələrinin üzərinə çıxmış olurlar.

Buna görə də, akademik Ramiz Mehdiyev xəbərdarlıq edib ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev deyib: "Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır".

Məhz bütün bunları nəzərə alaraq qeyd etmək yerinə düşər ki, Azərbaycanın hazırkı vəziyyətində mətbuat xüsusi fəallıq nümayiş etdirməli və neqativ halların qarşısını almalıdır. Bunun üçün isə əlbəttə ki, ilk növbədə vətənpərvərlik, milli dövlətçiliyə sədaqət və milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsipləri olmalıdır. Akademik Ramiz Mehdiyevin sözlərilə desək, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hisləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər