Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir"
Ötən əsrin sonunda Azərbaycandakı iqtisadi böhran, vətəndaş itaətsizliyi narahatlıq doğurduğu bir vaxtda təsis olunan, qısa müddətdə üzvlərinin sayı artan Yeni Azərbaycan Partiyası şərəfli yol keçibdir. 1990-cı ilin əvvəllərində ölkədə yaranan xaos - hamını eyni məqsəd ətrafında birləşdirdi.
O ağır günlərdə Azərbaycanı düşdüyü bəlalardan qurtara biləcək milyonların etimadını qazanmış böyük şəxsiyyətə, müdrik siyasətçiyə, liderə ehtiyacı var idi. Xalq bu inamda idi ki, o dövrdə Naxçıvan MR Ali Məclisinin Sədri kimi tək muxtar respublika yox, bütünlükdə Azərbaycan üçün tarixi hadisələrə imza atan, birlik və həmrəyliyin təməlini qoyan müdrik siyasətçi Heydər Əliyevdən başqa xalqı düşdüyü çətin vəziyyətdən qurtara biləcək ikinci bir şəxsiyyət ola bilməz. Ümumxalq rəyini nəzərə alan respublikanın görkəmli ziyalıları bu məqsədlə Ulu Öndərə tarixi müraciət ünvanladılar. Artıq bu hadisələrdən 22 il keçir və Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü ölkəmizin qürurlu tarixinin bir hissəsidir. Bu baxımdan, xüsusilə, vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyev qurucusu olan Yeni Azərbaycan Partiyası ötən dövr ərzində şərəfli mübarizə yolu keçib və ümumxalq partiyası olaraq, qazanılan möhtəşəm qələbələrə imza atıb.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tarixi hadisələrə münasibətini bildirərkən qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: "650 min nəfərdən çox üzvü olan partiyamız ötən dövrdə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də, siyasi partiyanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir".
YAP İcra katibinin müavini Siyavuş Novruzov eyni zamanda bildirib ki, bu gün YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Onun layiqli təmsilçisi, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın Avropada və o cümlədən, bütün dünyada tanınmasına nail olmuşdur. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 22 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyev Cənablarının vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Buna isə gənclərin son illərdə əldə etdiyi nailiyyətlər təkan verəcəkdir".
Bu gün partiyada gənclər siyasətinin də uğurla aparıldığını vurğulayan Siyavuş Novruzov bildirib ki, YAP-ın sıralarında gənclərin böyük bir qüvvə kimi çıxış etməsi çox vacib bir göstəricidir: "Sevindirici haldır ki, yüksək intellektli, bilik və bacarıqlı gənclər, qadınlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Bu gün partiya üzvlərinin 40 faiz, qadınların isə 50 faizdən artıq olması da siyasi təşkilatın gələcək uğurlarının göstəricisi kimi qiymətləndirilməlidir".
Rövşən RƏSULOV