"Ayağa qalx, Ermənistan" hərəkatının apardığı mübarizə deyilənlərin məntiqi nəticəsidir
Yerevan yenə çalxalanır. Şəhərdə aksiyalar yenidən vüsət alıb. "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə artıq iyulun 31-dən başlayaraq polisin təziqlərinə baxmayaraq "Ya ölmək, ya da qalib gəlmək!" şüarı ilə paytaxtın və başqa şəhərlərin küçələrini bağlamağa başlayıblar. "Miras" partiyasının mətbuat katibi David Sanasaryan bildirib ki, biz mübarizəmizi davam edirik: "Ən əsası isə, istəklərimizlə bağlı vərəqələri qapılara paylayacağıq. Biz müvəffəqiyyət əldə edəcəyik. Bundan sonra hərəkat konstitusiya islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir".
Səfalətin və aclığın hökm sürdüyü ölkədə siyasi rəhbərlik hər zamankı kimi çıxış yollarını başqa dövlətlərin rəhbərlərinin qapısında "ianə" toplamaqda görür. Təbii ki, ermənilər hər zaman olduğu kimi bu "ianə"ləri, ad və formalarını dəyişdirməklə, üstlərini hiyləgərliklə ört-basdır etməklə, don geyindirib bəzəməklə müxtəlif bəhanə və səbəblərlə alırlar. Hökumət aldığı bu vəsaitlərlə ölkədə partlayış həddinə gələn iqtisadi, sosial problemləri həll etməyə çalışır. Artıq etirazçıların irəli sürdükləri sosial tələblərin yerinə yetirilməsi üçün verilən müddət bitdi. Avqustun 1-i hökumətlə etirazçılar arasında danışıqların aparılması və ya tələblərlə bağlı hər hansı razılığa gəlinməsi üfüqdə görünmədiyindən ölkədə situasiya çox ağır durumdadır. Ümumi razılığın olmaması, tələblərin yerinə yetirilməməsi etiraz aksiyalarına digər qüvvələrin də qoşulmasını, etiraz dalğasının genişlənməsini reallaşdırır. Bu isə Ermənistanda paytaxt və digər şəhərlərdə etiraz dalğasının böyüməsinə gətirib çıxarır.
Leonid Savin: "Bu il Ermənistanda vəziyyət pisləşməyə başlayacaq"
Rusiyalı politoloq, "Geopolitika" jurnalının baş redaktoru Leonid Savin Moskvada "Svobodnaya pressa" internet dərgisinin beynəlxalq vəziyyətə dair təşkil etdiyi dəyirmi masada çıxışında bildirib ki, Ermənistanda bu dəfə vəziyyət daha da pisləşəcək: "Rusiyanı zəiflətmək üçün Qərb qonşu ölkələrdə dövlət çevrilişləri seriyası planlaşdırır. 2015-ci ildə yeni "narıncı" inqilabları gözləmək olar".
Onun sözlərinə görə, Qərbin bütün dövlət çevrilişləri texnologiyaları köhnədir: "Burada heç bir yenilik yoxdur. Yalnız metodika modernləşdirilib. Bu, kimin hakimiyyətdə olmasından, əhalinin ona verdiyi dəstəkdən və hansı rıçaqlara sahib olmasından asılıdır. Biz tez-tez təkrar ssenariləri görə bilərik".
Politoloq, həmçinin bu il ərzində vəziyyətin pisləşəcəyi postsovet ölkələrinin də adını açıqlayıb. Onun proqnozuna görə, Tacikistan və Qazaxıstan üçün də çətinliklər gözlənilir.
Sarkisyan hakimiyyətinin fəaliyyətinin təhlili
Serj Sarkisyan və onun komandasının kriminal fəaliyyəti Cənubi Qafqaz bölgəsində daimi təsir gücünə malik olmaq istəyən qüvvələr tərəfindən hərtərəfli dəstəklənir və bunun qarşısı alınmasa, Ermənistan əhalisinin aqibətinin necə olacağını təsəvvür etmək çətin deyil. Daha aydın olsun deyə Sarkisyan hakimiyyətinin fəaliyyətinə nəzər yetirmək kifayətdir: 2008-ci ilin 1 mart hadisələri - Ermənistanın "müstəqillik" əldə etdikdən sonra üzləşdiyi çoxlu sayda itkilərlə müşayiət olunan ən qanlı hadisə. Bu hadisə Koçaryan-Sarkisyan cütlüyünün birgə səyi nəticəsində 19 fevral 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayan Ermənistan xalqının soyqırımı kimi dəyərləndirilə bilər. Sirr deyil ki, həmin hadisələr zamanı ermənilərin qanını axıdan şəxslər bu gün yüksək vəzifələr tutaraq "əzabkeş" ermənilərə zülm etməkdə davam edirlər. Ən maraqlısı isə odur ki, bu gün Azərbaycan snayperlərindən ağızdolusu şikayət edən hazırkı Ermənistan rəhbərliyinin göstərişinə əsasən, həmin hadisələrdə bir çox ermənilər məhz erməni snayperin peşəkar fəaliyyəti nəticəsində qətlə yetiriliblər. 2003-2008-ci illərdəki ikinci prezidentlik dövründə Robert Koçaryan tərəfindən dövlət büdcəsindən 3 milyard ABŞ dolları məbləğində vəsaitin mənimsənilərək talan edilməsi faktı ölkədə böyük rezonans doğursa da, Serj Sarkisyanın bu günədək ölkəyə vurduğu ziyan ictimaiyyətdən gizlədilir. Sarkisyanın prezidentliyi dövründə Ermənistanda iqtisadi artım 2,3%-ə qədər azalıb, işsizliyin səviyyəsi isə 53%-ə qədər yüksəlib. 2008-2014-cü illər ərzində Ermənistanı ümumilikdə 300 minə yaxın insan tərk edib. 2013-2014-cü illər ərzində ölkənin ümumtəhsil müəssisələrində 664 min 600 şagird yerinin nəzərdə tutulmasına baxmayaraq, onların sayı 360 min 500 nəfərdən az olub. Bu müddət ərzində 38 ümumtəhsil məktəbi, 25 ali təhsil müəssisəsi və 5 orta ixtisas təhsil müəssisəsi bağlanıb və ya ləğv edilib. Sarkisyanın prezidentlik dövrünün son bir neçə ili ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin surətdə artaraq yüzlərlə nəfər təşkil edib ki, bu da Ermənistan kimi cılız bir dövlət üçün çox böyük göstəricidir.
Çıxış yolu
Ekspertlrin sözlərinə görə çıxış yolu Ermənistanın hazırkı hakimiyyətinə qarşı sonadək mübarizənin aparılmasıdır. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklər etmək, qonşu dövlətlərə qarşı iddialı və işğalçılıq siyasətinə son qoymaqla Ermənistanın gələcəyi haqqında düşünmək olar. Əks təqdirdə, Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.
A.SƏMƏDOVA