PDF Oxu

Əsas

  • 1 817

Müsbət dəyişikliklər parlament seçklərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq

image

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qubada zona müşavirəsi keçirilib

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının qərargahında partiyanın Mərkəzi Seçki Qərargahının Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon şöbələrinin üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar zona müşavirəsi keçirilib. Müşavirədə YAP Sədrinin müavini- İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP-ın Şimal bölgəsi üzrə rayon təşkilatlarının sədrləri, eləcə də qərargah üzvləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov açaraq bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Qərargahının rayon şöbələrində toplantıların keçirilməsinə artıq start verildiyini bildirib: "Noyabr ayında Milli Məclisə növbəti seçkilər keçiriləcək. Sentyabrın əvvəlində isə seçki kampaniyasına rəsmi şəkildə start veriləcək. YAP-ın yerli strukturları, partiyanın fəalları parlament seçkilərinin hazırlıq prosesinə cəlb olunublar. Rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər. Hesab eldirəm ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur".

Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən əsas amillərdən danışan İcra katibi Əli Əhmədov qeyd edib ki, bunlar ölkəmizdə mövcud olan siyasi ab-hava, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əmin-amanlıqdır: "Ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçklərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq".

Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir: "İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Ümummilli Lider Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər".

YAP-ın növbəti parlament seçkilərinə məhz bu nailiyyətlərlə getdiyini deyən Əli Əhmədov bildirib ki,ainsanlar hər bir partiyaya, xüsusilə də, hakimiyyətdə olan partiyaya görülən işlərə görə qiymət verirlər: "Biz də növbəti parlament seçkilərinə gedərkən hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər".

Müşavirədə çıxış edən YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bildirib ki, hər bir partiya üçün seçki qədər əhəmiyyətli ikinci bir məqam yoxdur: "Müasir, demokratik dövlətlərdə seçki əhalinin öz iradəsini ifadə etməsinin ən əsas formasıdır. Çünki seçkidə iştirak etməklə seçicilər dövlətin istər qanunverici, istərsə də icraedici orqanlarının formalaşdırılması və fəaliyyəti üzərində nəzarət etmək imkanı və hüququ əldə edir. Vətəndaşların seçki hüququ siyasi hüquq olmaq etibarilə onların Konstitusiya ilə təsbit olunmuş huququdur. Yeni Azərbaycan Partiyası 1995, 2000, 2005 və 2010-cu illərdə keçirilən parlament seçkilərində uğurla iştirak etmiş və parlamentdə səs çoxluğunu qazanaraq bütün parametlərinə görə hakim partiya statusu əldə etmişdir. İnanırıq ki, bu il keçiriləcək parlament seçkiləri də, əvvəlki seçkilərdə olduğu kimi, yüksək səviyyədə baş tutacaq və xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu çox böyük uğurla həyata keçirən, ölkəmizin xoşbəxt və firavan gələcəyinin təminatçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyasinın namizədlərinə səs verəcəklər".

Daha sonra çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev rayon təşkilatında seçki prosesi ilə bağlı lazımi tədbirlərin görüldüyünü qeyd edib, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, YAP Mərkəzi Seçki Qərargahının qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Xaçmaz rayon şöbəsi fəaliyyətini genişləndirəcək, seçkilərdə qazanılacaq qələbəyə öz töhfəsini verəcəkdir.

Sonda YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov toplantı iştirakçılarına bir daha parlament seçkiləri ilə əlaqədar öz tapşırıq və tövsiyələrini verib.

NƏZAKƏT BAYRAMOVA

Digər xəbərlər