Əli Əhmədov: "YAP hər zaman xalqın marağından çıxış edərək böyük dəstək qazanıb"
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı respublikamızın qərb bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Gəncədə zona müşavirəsi keçirib.
YAP Mərkəzi Seçki Qərargahının Gəncə şəhəri, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir, Daşkəsən, Samux, Göygöl rayon şöbələri üzvlərinin iştirakı ilə keçirilən müşavirədə əvvəlcə YAP Gəncə şəhər və Qazax rayon təşkilatları rəhbərlərinin seçkilərə hazırlıqla bağlı hesabat xarakterli məlumatları dinlənilib.
Müşavirədə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Milli Məclisə keçiriləcək növbəti seçkilərlə bağlı qarşıda duran vəzifələrdən danışıb. Baş nazirin müavini diqqətə çatdırıb ki, əvvəlki seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də ciddi hazırlaşır: "Bildiyimiz kimi, ölkəmizin rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri fəaliyət göstərir. Seçki Qərargahında partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər ki, onlar partiyanın hər bir seçkidəki iştirakında yeni texnologiyalar təqdim edirlər. Bu isə seçkilərin daha şəffaf, ədalətli, demokratik, məhz xalqın marağı kontekstində keçirilməsinə zəmin yaradan əsas amillərdən biridir. Bu baxımdan hesab edirəm ki, ölkəmizdə növbəti dəfə keçiriləcək azad və ədalətli parlament seçkilərində xalqın inamını, etimadını qazanmış Yeni Azərbaycan Partiyası bir daha uğurlara imza ataraq, zəfər və qələbə əldə edəcək."
Respublikada 6 milyon seçicinin olduğunu diqqətə çatdıran Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, xüsusilə gənclər və qadınlarla aparılan işin böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, partiyanın üzvləri bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər.
Həmçinin YAP-ın uğurlarının zəfər və qələbələrinin əsasında xalq dəstəyinin olduğunu vurğulayan Əli Əhmədov ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin gördüyü nəhəng miqyaslı işlərin, qlobal layihələrin xalqın partiyaya olan inamının daha da artmasına zəmin olduğunu deyib: "Daha öncəki seçkilərdə də YAP xalqın marağından çıxış edərək məhz bu prinsiplərə öz sədaqətini nümayiş etdirib və böyük dəstək qazanıb. O cümlədən, təşkilatın yerli strukturlarında iş aparan seçki qərargahlarının üzvlərinin bir çoxu böyük seçki təcrübəsinə malik olan partiyadaşlarımızdırlar. Bu isə həm də onu sübut edir ki, YAP hər seçki prosesində daxili resurslarından, xüsusilə insan resurslarından uğurla istifadə edib. Nəticədə, YAP-ın qələbəsi təmin olunub."
Sonda Əli Əhmədov əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazanacağına əminliyini ifadə edərək, seçkilərin mütəşəkkil keçməsi üçün YAP Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri üzvlərinə tapşırıq və tövsiyələrini verdi.
Müşavirədə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin Aqrar Siyasət Daimi Komitəsinin sədri Eldar İbrahimov iştirak ediblər.
Rövşən NURƏDDİNOĞLU