Özünü "demokratiyanın beşiyi" sayan ABŞ-da qətl hadisələri səngimək bilmir
ABŞ-ın Virciniya ştatında Vester lee Flanagan adlı şəxsin "WDBJ7 TV" televiziya kanalının aparcısı Alison Parker-i və operator Adam Ward-ı canlı efir zamanı odlu silahdan atəş açmaqla öldürməsi hazırda gündəmin əsas mövzularındandır. Ona görə yox ki, bu sadəcə qətldir. Məsələ ondadır ki, mütəmadi olaraq dünya dövlətlərini insan hüquqlarını pozmaqda ittiham edən, jurnalistlərə qarşı edilən təzyiqləri pisləyən ABŞ-ın özündə niyə bu hadisə baş verir? Deməli, kimsə heç nədən sığortalı deyil. Baş vermiş hansısa bədbəxt hadisə nəticəsində həyatını itirən jurnalistin ölümünü siyasiləşdirməyin sonu belə olur. Kim zəmanət verə bilər ki, Vester Lee Flanagan sifarişi yerinə yetirməyib? Maraqlısı odur ki, bu şəxs özü də əvvəl "WDBJ7" kanalının işçisi olub. Keçək təfərrüata.
"Bu afro-amerikalıların kilsəsinə ağdərili silahlı tərəfindən edilən basqına cavabdır"
41 yaşlı Vester Lee Flanagan həmin "WDBJ7 TV" kanalının keçmiş işçisi olub. Peşəkar təxəllüsü Bryce Williams olan bu şəxs özünü vurarkən avtomobilində polis tərəfindən mühasirəyə alınıbmış. O, bundan 8 saat əvvəl WDBJ7 TV kanalının aparcısı Alison Parker-i və operator Adam Ward-ı canlı efir zamanı odlu silahdan atəş açmaqla öldürmüşdü. Lakin intihar etməzdən əvvəl o, jurnalistləri öldürdüyü səhnəni əks etdirən videonu internetə yükləmişdi. Flanagan-ın twitter hesabı göstərib ki, o, öldürdüyü keçmiş həmkarlarına düşmənçilik hissi bəsləyirmiş. Flanagan tərəfindən göndərildiyi güman edilən 23 səhifəlik faks alınıb. Bu məktubda jurnalistlərə hücumun bu ilin əvvəllərində afro-amerikalıların kilsəsinə ağdərili silahlı tərəfindən edilən basqına cavab olduğunu bildirib. Flanagan məktubda, həmçinin keçmiş iş yerində üzləşdiyi irqçılıkdən və qısnamalardan gileylənir. Çəkiliş zamanı jurnalistin suallarına cavab verən qadın hazırda xəstəxanadadır. Onun vəziyyəti ağır olsa da, sabitdir. Flanagan-ın keçmiş rəisləri bildiriblər ki, o, "kollektivdə işləməsi çətin olan bədbəxt birisi" olub. Bu da bəlli olub ki, Flanagan işdən azad ediləndə, onu telekanalın binasından polis müşaiyəti ilə çıxarıblarmış.
"Bu məsələdə günahkar yenə ABŞ dövlətidir"
Heç təsadüfi deyil və siyasətçilər bildirirlər ki, Virciniyada baş vermis bu qanlı hadisə Amerika cəmiyyəti üçün iki ən ağrılı məsələni yenidən siyasi gündəmə gətirəcək. Bunlardan biri irqçiliyin təzahürləri, digəri isə odlu silahların sərbəst satışıdır. Məsələ bundadır ki, daha 3 nəfər ABŞ-da aparılan irqçiliyin qurbanı oldu. Flanagan açıq-aşkar yazır ki, bunu öldürülən qaradərilinin qisasını almaq üçün edib. Məgər bu ABŞ hökumətinə qarşı qisasçılıq deyilmi? Ortada bir sıra psixoloji məqamlar var. Bu gün ABŞ-da bütün qaradərili insanlar hesab edirlər ki, bu vaxta kimi qaradərili vətəndaşları qətlə yetirən polislərin heç biri öz layiqli cəzasını almayıb, ədalət yerini tutmayıb. Bir növ bütün qaradərili vətəndaşlar ürəklərində qisasçılıq hisslərini yaşadırlar. Yerinə düşəndə isə bunu Flagan kimi büruzə verərək ağır cinayət törətmiş olurlar. Lakin istənilən halda bu məsələdə günahkar yenə ABŞ dövlətidir. Çünki dövlət cinayətkarı cəzalandırmırsa, növbəti bir cinayətkar yetişdirmiş olur. Özünü insan hüquqlarının "ən mahir" qoruyucusu kimi təqdim edən bu dövlətdə, əslində gizli şəkildə soyuq savaş gedir.
Samir