Bilindiyi kimi, bu günlərdə paytaxt Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclası keçirilib. 18 ölkədən 40 nəfərə yaxın nümayəndənin iştirak etdiyi iclasda qadınların dünyada üzləşdiyi problemlər və bu problemlərdən çıxış yolları geniş müzakirə olunub. Belə ki, təşkilatın Qadınlar Qolunun növbəti iclasının məhz Azərbaycanda - Bakıda keçirilməsi ilk növbədə bir əhəmiyyətli fikri təsdiq edir ki, ölkəmizdə bütün sahələrdə mövcud olan inkişaf və tərəqqi faktoru bu cür nüfuzlu beynəlxalq təşkilatların diqqətinin ölkəmizə olan marağını ehtiva etməkdədir. Həmçnini, bu gün Azərbaycan qadınlarının istər cəmiyyətimizdə, istərsə də beynəlxalq aləmdə mövqeyi çox yüksəkdir. Bu amili də nəzərə alsaq, qeyd etmək mümkündür ki, ümumiyyətlə, Azərbaycan qadını artıq öz uğurlu sözünü deməkdədir.
Tədbir əsnasında vurğulanıb ki, Asiyada 70-dən çox ölkə var və İCAPP-da bu ölkələri 300-dən çox siyasi partiya təmsil edir. Eyni zamanda fərəhləndirici haldır ki, İCAPP-ın bundan öncə də keçirdiyi bir neçə mötəbər iclasları məhz YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib.
Əli Əhmədov: "Asiya qitəsi, Şərq ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşırlar"
Qeyd edək ki, sentyabrın 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşüb. Qadınlar Qolunun 3-cü iclasının önəmindən danışan Əli Əhmədov tədbirdə bir sıra əhəmiyyətli məsələlərin müzakirə edildiyini vurğulayıb. Baş nazirin müavini əminliklə qeyd edib ki, iclasda qəbul edilən qərarlar üzv ölkələrin hər birində öz müsbət təsirini göstərəcək. İclasın nəticələri gələcək fəaliyyəti üçün əsas olacaq. Sitat: "Asiya qitəsi, Şərq ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. İCAPP-ın bu məsələyə bu cür diqqət göstərməsi də sevindirici haldır."
Çunq Eui-Yonq: "Bakı iclası bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaradıb"
Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini bildirən Əli Əhmədov vurğulayıb ki, ona görə də İCAPP-ın bu həssas mövzuda tədbirinin Bakıda keçirilməsi heç də təsadüfi deyildir.
Daha bir əhəmiyyətli məqam isə İCAPP-ın daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eui-Yonqun ölkəmizlə bağlı bildirdiyi ifadələridir. "Bakı artıq İCAPP-ın tədbirlərinin keçirildiyi mərkəzə çevrilib",- deyən Çunq Eui-yonq təşkilata verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib: "Bakı iclası bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaradıb."
Məhz bu amil də belə qənaətə gəlməyə kifayət qədər zəmin verir ki, qadınlarla bağlı müxtəlif məsələlərin ölkəmizdə müzakirə olunması Azərbaycanda yürüdülən uğurlu qadınlar siyasətinin məntiqi nəticəsidir.
Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldilməsinə imkan yaradır
O cümlədən, xüsusilə deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadın hüquqları ilə bağlı geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldilməsinə imkan yaradır. O, ölkənin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə nəinki Azərbaycan Respublikasının, eləcə də müxtəlif dövlət və beynəlxalq təkilatların mükafat və fəxri adlarla təltif olunmuşdur. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərən, bəşəriyyətin ali ideallarına xidmət edən Mehriban xanım Əliyeva bütün dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir. O, nəinki ölkə qadınları üçün, eləcə də dünya qadınları üçün örnəkdir.
Vitse-spiker: "Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası təşkilatda öz layiqli yerini tutur və qarşıya qoyulan hədəfləri dəstəkləyir"
Azərbaycan Milli Məclis sədr müavini Bahar Muradova da Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun Bakıda keçirilən 3-cü iclasının iştirakçıları ilə görüşüb.
Vitse-spiker İCAPP-ın Qadınlar Qolunun yaradılmasının önəmli olduğunu vurğulayaraq deyib ki, bu fəaliyyətdə Yeni Azərbaycan Partiyasının rolu və yeri danılmazdır: "Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası təşkilatda öz layiqli yerini tutur və qarşıya qoyulan hədəfləri dəstəkləyir."
Bahar Muradova İCAPP Qadınlar Qolunun toplantısında qadınlar arasında yoxsulluğun aradan qaldırılması, onların sağlamlığı, təhsili, siyasi iştirakçılığı ilə bağlı mühüm məsələlərin müzakirə edildiyini söyləyib və bu məsələlərin həllində qadınların ictimai təmsilçilik hüququnun tanınmasının əhəmiyyətini vurğulayıb: "Təşkilatın Qadınlar Qolu məhz Bakıda təsis edilib və Azərbaycan tərəfinin qurumun tədbirlərinə ev sahibliyi etməyə hər zaman hazırdır."
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun baş katibi Çunq Ei-Yonq Azərbaycan dövləti tərəfindən göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü ifadə edib.
Beləliklə, daha bir əhəmiyyətli məqam həm də ondan ibarətdir ki, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf edir. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.
Rövşən RƏSULOV