Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında rayon gənclər birliyininin Rəsulzadə qəsəbə ərazi ilk partiya təşkilatının gəncləri ilə görüşü keçirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın gənclər birliyinin sədri Mahmud Məmmədzadə, təşkilatın aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı ƏİPT-in və M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Rəsulzadə qəsəbə gənclər birliyi ƏİPT-nin sədri Elnar Alməmmədov, ƏİPT-in və qəsəbənin ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gəncləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan rayon gənclər birliyinin sədri Mahmud Məmmədzadə gəncləri salamlayaraq, görüşün əsas məqsəd və məramını açıqlayıb. Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən, eyni zamanda, Binəqədi rayonu ərazisində gənclərlə bağlı görülən işlərdən və həyata keçirilən layihələrdən danışıb. M.Məmmədzadə çıxışının sonunda qəsəbə gənclərini daim fəal olmağa və rayonun, eləcə də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, öz dəstəklərini əsirgəməməyə çağırıb.
Görüşdə Rəsulzadə qəsəbə gənclər birliyi ƏİPT-nin sədri Elnar Alməmmədov gənclər birliyinin gördüyü işlər barədə məlumat verib. Qəsəbə gənclərinin təşəbbüsü və YAP Binəqədi rayon təşkilatının dəstəyi ilə reallaşan layihələrdən danışıb. O bildirib ki, gənclər birliyinin üzvləri tərəfindən müxtəlif mövzulu və gənclərin böyük marağına səbəb olan layihələr həyata keçirilir. Bu cür layihələrin davamlı olacağını və qəsəbə gənclərinin daim fəallaşdırılması və ictimai-siyasi proseslərə uğurlu inteqrasiyası üçün bütün güclərini səfərbər edəcəklərini qeyd edib.
Görüşdə çıxış edən gənclər birliyinin fəal üzvü, M.Ə.Rəsuzladə qəsəbə Bələdiyyəsinin daimi komissiya sədri Rüfət İsayev gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq, partiya rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra gənclər birliyinin fəallarından olan Sara Qurbanlı çıxışında daun sindromlu gənclərlə birgə görüşün təşkil olunması təklifini irəli sürüb. O, sağlam gəncliyin ölkə gələcəyinin təminatı olduğunu bildirərək, bu xəstəlikdən əziyyət çəkən gənclərin cəmiyyətə adaptasiyası məqsədilə müəyyən tədbirlərin görülməsini məqsədəuyğun hesab edib.
Görüşdə yekun nitqi ilə çıxış edən rayon təşkilatının sədri Ramiz Göyüşov gənclərlə bu qəbildən olan görüşlərin keçirilməsindən məmnunluğunu bildirib. O, qeyd edib ki, fəallıqları ilə seçilən Binəqədi rayon gəncləri müxtəlif maraqlı layihələrin, tədbirlərin təşəbbüskarı kimi çıxış edirlər. R.Göyüşov gənclərin bu günədək qazandıqları uğurlarla kifayətlənməyərək, gələcəkdə daha böyük uğurlara nail olmaq üçün əzmkarlıq göstərmələrini tövsiyə edib. Azərbaycanda gənclər sahəsində əldə olunan uğurlardan və gənclərimizə göstərilən diqqət və qayğıdan geniş danışıb. O, həmçinin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə toxunaraq, seçkilərin mühüm siyasi bir kampaniya olduğunu və gənclərin bu cür kapmaniyalarda fəal iştirak etmələrinin əhəmiyyətini vurğulayıb. Gəncləri istər ictimai-siyasi proseslərdə, istərsə də sosial şəbəkələrdə bu istiqamətdə daim təbliğat aparmağa, ölkəmizin və YAP-ın mənafeyinin müdafiəsi istiqamətində işlər görməyə çağırıb.
Görüşdə, həmçinin yüksək bal toplayan gənclərdən Elmira Həşimova, Pakizə Paşayeva, Rafiq Cabbarov və başqaları çıxış edərək öz təhsillərində daim müvəffəqiyyət qazanacaqlarını və fəal olacaqlarını bildiriblər. Ölkəmizin haqlı mövqeyinin müdafiəsi istiqamətində həyata keçirilən işlərə dəstək verəcəklərini də qeyd ediblər.
Tədbirin sonunda yüksək bal toplayıb ali məktəblərə qəbul olunmuş gənclərə kitablar hədiyyə olunub.
ZÜMRÜD BAYRAMOVA