PDF Oxu

Əsas

  • 1 852

Azərbaycanın güclü ordusu işğalçıları yerindən oynadıb

image

Keçirilən nəhəng hərbi təlimlər öz miqyası ilə Silahlı Qüvvələrin qələbə potensialını sübuta yetirir

Bir müddət bundan öncə qardaş Türkiyənin Hərbi-Hava Qüvvələri ilə müştərək təlimlər keçirərək özünü Qafqazın ən güclü ordusu kimi təsdiq edən Azrbaycanın Silahlı Qüvvələri bu günlərdə növbəti hərbi təlimlərini keçirməkdədir. Belə ki, verilən rəsmi məlumatlara əsasən, sentyabrın 13-dək davam edəcək təlimlərə 65 min nəfərlik şəxsi heyət, 700 zirehli texnika, 500-dən çox raket və artilleriya qurğusu, 40-dək təyyarə, 50-dək helikopter, 20-dək gəmi və kater cəlb edilib ki, bir həftə ərzində Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazır olma və döyüş qabiliyyətinin ən ciddi şəkildə yoxlanılması nəzərdə tutulub.

65 minlik şəxsi heyətin sayı bütövlükdə həm Ermənistanın, həm də qondarma separatçı "DQR" rejiminin silahlı qüvvələrini dəfələrlə üstələməkdədir

Bu amil bir daha təsdiq edir ki, kifayət qədər genişmiqyaslı təlimlər kimi ordumuzun şanlı tarixinə yazılan bu hadisə, eyni zamanda, işğalçı Ermənistanı və təcavüzkar ölkənin havadarlıq etdiyi separatçı "DQR"-i, o cümlədən, digər havadarlıq edən siyasi dairələri ciddi şəkildə narahat etməyə başlayıb. Təkcə bir fakt sübut edir ki, 65 minlik şəxsi heyətin sayı bütövlükdə həm Ermənistanın, həm də qondarma separatçı "DQR" rejiminin silahlı qüvvələrini dəfələrlə üstələməkdədir. Bu isə, əlbəttə ki, işğalçıları rahat buraxmayan amildir. Qarşı tərəf yaxşı anlayır ki, əgər Azərbaycan Ordusu anidən onların başlarının üstünü alarsa, onlar üçün heç də yaxşı olmayacaq. Əgər belə olmasaydı, Ermənistan tərəfi hərbi təlimlər başlayan andan etibarən, Azərbaycanla həmsərhəd kəndlərini təxliyyə etməz, mülki əhalini Yerevan ətrafına köçürməyin variantlarını nəzərdən keçirməzdi.

Əgər Rusiya bazaları bu ölkədə olmasa, Ermənistan həmin sıralamada ən sonuncu yerlərdən birini tutmalı olacaqdı

Yeri gəlmişkən, bu günlərdə "Global Firepower" portalı dünyanın ən güclü ordularının növbəti reytinq siyahısını dərc edib. Hərbi yeniliklər üzrə ixtisaslaşan Amerikanın "Global Firepower"in mütəxəssisləri də reytinq cədvəlini müəyyənləşdirərkən vurğulayıblar ki, Cənubi Qafqazda ən güclü ordu məhz Azərbaycana məxsusdur. Azərbaycan siyahıda döyüş gücünə görə 63-cü yerdədir. İşğalçı Ermənistan isə düz 11 pillə aşağıda - 74-cü yerdə qərarlaşıb. Hərbi mütəxəssislər bu ölkənin ordusunun 74-cü yerdə qərarlaşmasını Rusiyanın Ermənistandakı bazalarına görə müəyyənləşdiriblər. Əgər Rusiya bazaları bu ölkədə olmasa, Ermənistan həmin sıralamada ən sonuncu yerlərdən birini tutmalı olacaqdı.

Söz yox ki, Azərbaycan Silahlı Qüvvələrinin güclü olmasının səbəblərdən biri də ölkə iqtisadiyyatının gücü və qüdrətidir. Ölkəmizin büdcəsinin mühüm hissəsi, eyni zamanda hərbi məqsədlərə sərf edilir. Məsələn, Azərbaycan 2014-cü il üçün nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırıb. Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır. O cümlədən, Azərbaycanın son on il ərzində əldə etdiyi ən müasir silah-sursat, hərbi texnika, həmçinin, dünyanın ən aparıcı ordularına məxsus olanlardandır. Bu baxımdan, keçirilən hərbi təlimlər barəsində məlumatlar Azərbaycan Silahlı Qüvvələrinin adının dünyanın, eləcə də Cənubi Qafqazın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilməsi ilə də sübut etdi ki, onun gücü və qüdrəti danılmazdır.

Nəticə olaraq, onu da vurğulamaq mümkündür ki, Qarabağ cəbhəsində, işğalçı Ermənistanın dizə gətirilməsində, eləcə də qələbəyə tərəf atılacaq addımın əsas gücü və vasitəsi məhz Azərbaycan Silahlı Qüvvələrimiz, güclü ordumuz olacaq. Bu gün öz ölkəsini sevən, onun uğrunda canından keçməyə hazır olan hər bir vətəndaş buna inanır!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər