PDF Oxu

Əsas

  • 3 729

“Kaspi” Təhsil Şirkəti illik hesabatını açıqladı

image

Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" Təhsil Şirkətinin 2014-2015-ci təhsil ilinə dair yekun hesabat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Kaspi" Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev, Təhsil Nazirliyinin nümayəndəsi, eləcə də Kaspi Təhsil Mərkəzlərində hazırlaşmış keçmiş abituriyentlər iştirak edib. Tədbiri açıq elan edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva ictimaiyyətə gələcək planlardan və layihələrdən bəhs edib. S.Vəliyeva qeyd edib ki, "Kaspi" Təhsil Şirkəti 2007-ci ildə fəaliyyətə başlayan zaman özünün təhsil strategiyasını müəyyən etmiş və bu gün də həmin strategiya əsasında çalışmağa davam edir: "Bizim əsas məqsədimiz dövlətin həyata keçirdiyi təhsil siyasətinə dəstək vermək olub. Bugünkü uğurlarımız da buna bariz nümunədir. Bu il "Kaspi" Təhsil Mərkəzlərində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 95%, abituriyent kursunun əsas meyarı hesab olunan orta bal isə 450 bal olub. Keçən tədris ili ilə müqayisədə bu çox gözəl nəticə hesab oluna bilər. Bundan başqa Azərbaycan bölməsi üzrə Cəfər Balakişiyev 685 balla, rus bölməsi üzrə ən yüksək nəticəni Nərmin Camalova 691 balla göstərib. Bütün bunlar bir daha onu göstərir ki, biz gələcəyə yüksək bilikli, ixtisasını sevən, daim elmə, savada önəm verən gənclər hazırlayırıq. Ölkədə fəaliyyət göstərən müxtəlif universitetlərdə "Kaspi"nin kurslarını bitirmiş 1500-ə yaxın tələbə təhsil alır. Eləcə də dünyanın müxtəlif ölkələrində təhsil alan 380 nəfər artıq xaricdə təhsilini bitirərək, ölkəmizə dönüblər. İnanırıq ki, bizim uğurlu göstəricilərimiz bundan sonra da davamlı olacaq və bizlər də öz növbəmizdə vətənimizə, Azərbaycana ixtisaslaşmış savadlı kadrlar bəxş edə biləcəyik".

Daha sonra şirkətin direktoru Elnur Əliyev bildirib ki, fəaliyyətə başladıqları 8 il ərzində bir sıra uğurlu addımlar atılıb : "Əvvəlcə əcnəbi dilləri tədris edən bir mərkəz kimi fəaliyyətə başlasaq da, sonrakı illərdə abituriyent, magistratura, məktəbəqədər hazırlıq, kompüter, ümumtəhsil orta məktəbləri, uşaq bağçaları, "Kaspi Global" kimi mərkəzləri ilə fəaliyyətimizi daha da genişləndirmişik. Hal-hazırda şirkətimizin 8 mərkəzi. 2 liseyi, 2 uşaq bağçası, 3 yerli nümayəndəliyi fəaliyyətdədir. Bundan başqa 2015-2016-cı tədris ilində Xətai rayonunda "Kaspi" Liseyinin və "Kaspi" Uşaq Bağçasının, Gəncə şəhərində daha bir mərkəzinin açılışı nəzərdə tutulub". Yüksək balla Azərbaycanın ən nüfuzlu universitetlərinə qəbul olan abituriyentlərin valideynləri isə "Kaspi" Təhsil Şirkətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda şirkətin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva yüksək nəticə göstərmiş tələbələrə hədiyyələr təqdim edib.

Digər xəbərlər