Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans və "Parisin ürəyində Azərbaycan musiqisi" adlı konsert təşkil olunub
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində sentyabrın 8-də Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans keçirilib və "Parisin ürəyində Azərbaycan musiqisi" adlı konsert təşkil olunub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib. Konfransda Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun aktuallığını qeyd etdi. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb:
-Xanımlar və cənablar. Əvvəla, belə əhəmiyyətli tədbirdə iştirak etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Mən Heydər Əliyev Fondunun rəhbəri xanım Əliyevanın bu tədbirdə iştirakından qürur duyuram. Bu tədbirdə biz fikir mübadiləsi aparacaq, mənəviyyat və siyasət barədə müxtəlif təklifləri müzakirə edəcəyik. Bildirmək istəyirəm ki, heç bir konsepsiya digərindən üstün deyil, bütün ideyalar idraka və sağlam düşüncəyə söykənməlidir. Sağ olun.
Konfransın aparıcısı görkəmli politoloq Pyer Konetsa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirdi, Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışaraq dedi:
-Əziz dostlar. Tolerantlıq Fransada əsas məsələlərdən biridir. Bu məsələ bizi dərindən narahat edir, düşündürür. Fikrimcə, Azərbaycandakı tolerantlıq məsələsinə də nəzər yetirmək lazımdır. Bilmək lazımdır, belə bir gənc ölkə necə oldu ki, tez bir zamanda özünün siyasi seçiminə nail oldu. Bu gün bu ölkə ilə olan sıx əlaqələrə nəzər salmaq lazımdır. Bu səbəbdən biz bu gün Azərbaycandakı dini müxtəliflikdən, Fransa və Azərbaycan təcrübələrindən danışacağıq. Burada hər iki ölkənin çox sayda nümayəndəsi var. Xanım Əliyevanın çıxışından sonra biz diskussiyalara başlayacağıq. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda çıxış edib. O bildirib ki, Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib: "Hörmətli konfrans iştirakçıları. Xanımlar və cənablar. Əziz qonaqlar.
"Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" adlı konfransda sizin hər birinizi salamlayıram. Konfransın hazırlanmasında bizə dəstək olan Parisin 1-ci rayonunun meri cənab Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar.
Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq. Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik. Bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub, lakin reallıq da belədir. Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir. Heç zaman Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar. Bu sahədə düşünülmüş dövlət siyasəti, cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq ənənələri və əlbəttə, ölkəmizin son illər çox sürətli iqtisadi inkişafı dünyada yayılan radikalizm və dini ekstremizm meyillərinin qarşısını almaq üçün ən əsas amillərdir."
M.Əliyeva qeyd edib ki, bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər: " Azərbaycan əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədir. Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən əminəm ki, hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir. Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Multikulturalizmin alternativi yoxdur. Son zamanlar bununla bağlı müxtəlif fikirlər, bəzən pessimist ideyalar səslənir. Amma bunun alternativi nədir? Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır."
Aparıcı Pyer Konetsa: Xanım Əliyeva, ölkəniz haqqında belə ətraflı təqdimata görə Sizə minnətdarıq. Ölkənizdəki dini müxtəlifliyi çox orijinal və müdrik formada istiqamətləndirirsiniz. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipinin yer aldığını, bu dünyəviliyin isə özündə din-dövlət münasibətlərini ehtiva etdiyini bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir. Mübariz Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verdi, ölkəmizdə ənənəvi dini icmalara hərtərəfli yardım göstərildiyini, onların arasında ayrı-seçkiliyin qoyulmadığını diqqətə çatdırdı. Heydər Əliyev Fondunun ölkəmizdə tolerantlıq mühitinin daha da güclənməsinə mühüm töhfələr verdiyini vurğuladı.
Pyer Konetsa: Bu gün biz müxtəlif dini, siyasi və mədəni məsələləri müzakirə edəcəyik. Lakin bir fransız kimi mənə Azərbaycandakı vəziyyət maraqlı gəlir. Burada əsrlər boyu yəhudilər sülh şəraitində, heç bir təqibə məruz qalmadan yaşayıb və yaşayır. Mən bu sahədə mütəxəssis deyiləm. Amma bu fakt artıq müzakirə mövzusu olmalıdır. Bu fenomen necə baş verir? İkincisi, Azərbaycanda qarşıdurmalara heç zaman rast gəlinməyib. Bu birgə yaşayışın necə təmin olunması da maraqlıdır. Üçüncü məsələ isə icmaların parlamentdə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təmsil olunmasıdır. Məncə, bu məsələdə də Azərbaycan təcrübəsi müzakirə edilə bilər. Fransanın böyük ravvini Haim Korsia Azərbaycanda dinə münasibətdə heç bir problemin olmadığını bildirdi və qeyd etdi ki, bir çox ölkələrdə insanlar dini baxışlarına görə ayrı-seçkiliyə məruz qalırlar. Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev çıxışında bildirdi ki, Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdiriblər:
- Dağ yəhudiləri uzun əsrlərdən bəridir ki, Azərbaycanda yaşayırlar. Bu uzun əsrlər boyu biz Azərbaycan xalqı ilə dostlaşmış, qardaşlaşmış bir xalqıq. Bizim mentalitetimiz eyniləşib. Amma bizim öz Tövratımız, Musa peyğəmbərimiz, öz milli mənəvi dəyərlərimiz var. Azərbaycan öz milli mənəvi dəyərləri ilə yaşayır və inkişaf edir. Bir qədər əvvəl möhtərəm ravvin dedi ki, biz elə bil faktla rastlaşmışıq ki, bayırda fransız, içəridə isə yəhudiyik. Amma Azərbaycanda belə deyil. Biz bayırda da yəhudiyik, içəridə də yəhudiyik. Biz bayırda da bu kipa ilə gəzirik, içəridə də. Biz içəridə də "Şəma İsrail" deyirik, bayırda da bunu deməyə qorxmuruq. Mən bir şeyi qeyd etmək istərdim ki, indi Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir "İşiva" kollec, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Biz bu illər ərzində Azərbaycan xalqının xoş gününə sevinmişik. Olmasın bəd günlər, bəd günlərdə də bir yerdə olmuşuq. Son illər Azərbaycan təcavüzə məruz qalanda bizim də şəhidlərimiz oldu. Bizim də Albert Aqoronov kimi milli qəhrəmanımız var. Biz harada olmağımızdan asılı olmayaraq bununla fəxr edirik. Azərbaycanın bugünkü həqiqətlərini inanın Allaha ki, gəlib görmək lazımdır.
Bizə dünyanın hər yerindən qonaqlar gəlir. Elə il yoxdur ki, iki qrup, üç qrup fransız gəlməsin. Biz hər şənbə şabat süfrəsi açırıq. Onlar bizim şabat süfrəsinə qonaq oldular. Süfrədən sonra Marselioza oxumağa başladılar. Biz də oxuduq, onlar da oxudular. Bir də gördüm təsirləniblər. Soruşdum ki, niyə təsirlənmisiniz? Dedilər ki, biz belə bir şabata həsrətik. Dünyada analoqu olmayan müsəlman dövləti bizə sinaqoq tikib, təhvil verib, töhfə edib. Onun fəaliyyətini təmin etmək üçün hər il bizə yardım göstərirlər. İnanın Allaha ki, bu, Azərbaycanda bizim gündəlik həyatımızdır. Bu, gəlişi gözəl sözlər deyil. Azərbaycan dünyada yəhudilər üçün ən münbit bir dövlətdir.
Fransanın Doqones şəhərinin məscidinin nümayəndəsi İmam Həsən bütün dünyada mövcud olan dini dözümsüzlükdən, müxtəlif dinlərin nümayəndələri arasında olan münaqişələrdən danışdı və Azərbaycandakı vəziyyətin digər ölkələrdəki vəziyyətdən tam fərqləndiyini bildirdi. Fransa Yəhudi Təsisatları Şurasının nümayəndəsi Jan Pyer Lalebi konfransda çıxış edərək müxtəlif ölkələrdə dinə olan münasibətdən danışdı. Qeyd etdi ki, bir çox ölkələrdə dünyəvilik yeni bir din kimi qarşılanır, Azərbaycanda isə bunun tam əksidir. Hər kəs bir-birinə mane olmadan dini etiqadına riayət edir. Fransanın İvri şəhərinin katolik yepiskopu Dübost Azərbaycanın quruluşuna görə dünyəvi dövlət olduğunu qeyd etdi və bildirdi ki, buna baxmayaraq burada bütün dini icmalar sülh şəraitində birgə yaşayırlar. Konfransdakı çıxışlara münasibət bildirən Mehriban Əliyeva dedi:
- Hörmətli qonaqlar, mən ilk növbədə, burada ölkəmiz haqqında çıxış edən, Azərbaycanda olan konfrans iştirakçılarının sözlərinə görə onlara öz dərin minnətdarlığımı çatdırıram. Mən sizin hər birinizi Azərbaycana dəvət etmək istəyirəm. Bəzi suallara mən də öz fikrimi bildirmək istəyirəm. Terrorizmin, radikalizmin heç bir dini və milləti yoxdur. Bu cür həssas məsələlərdə çox dəqiq olmaq lazımdır. Düşünmək lazımdır ki, bu kəlmələr milyonlarla insanın hisslərinə toxunur. Çünki mən yenə də demək istəyirəm, bu halların İslama heç bir aidiyyəti yoxdur.
Siz sual verdiniz ki, Azərbaycanda bu mühit necə əldə edilib. Əlbəttə, burada tarixi köklər çox vacibdir. Əsrlər boyu insanlar bir-birinə qarışıb, müxtəlif mədəniyyətlər, müxtəlif dinlər arasında yaşayıb. Digər tərəfdən, əlbəttə, bu, dövlət siyasəti olmalıdır. Çünki dövlət bu tolerantlıq ənənələrinin saxlanmasına, qorunmasına böyük diqqət verir. Həmçinin çox vacib məsələ, əlbəttə, iqtisadi və sosial problemlərin həllidir. Çünki biz nəzər salsaq görərik ki, bu pis meyillər hansı ölkələrdə hökm sürür. O ölkələrdə ki, sabitlik, iqtisadi inkişaf yoxdur, yoxsulluq var, təhsilin səviyyəsi çox aşağıdır.
Əlbəttə, biz ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yola nəzər salsaq, - 24 ildir ki, müstəqilliyimizi bərpa etmişik, - görərik ki, bu qısa zamanda çox böyük nailiyyətlər əldə etmişik. Misal üçün, 10 il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. Bu gün 5 faizdir. Bu gün işsizliyin səviyyəsi 5 faizə düşüb. Bu gün bütün dünyaya bəllidir ki, Azərbaycanın iqtisadiyyatı necə böyük sürətlə inkişaf edir.
Biz bu gün siyasətimizdə təhsilə ən vacib prioritet istiqamət kimi baxırıq. Çünki biz yenə də nəzər salsaq görərik ki, əhalinin hansı təbəqəsi radikalizmə, ekstremizmə meyillidir. Əfsuslar olsun ki, bunlar gənclərdir. O gənclər ki, nə biliklərə malikdir, nə də təhsil ala bilir. Odur ki, radikalizmin qarşısını almaqda təhsilin çox böyük əhəmiyyəti var və biz Azərbaycanda buna böyük diqqətlə yanaşırıq. Biz öz gənclərimizi xarici ölkələrə təhsil almağa göndəririk. İstəyirik ki, onlar bütün dünyada mövcud olan ab-havanı görsünlər. Əlbəttə ki, sabitlik, iqtisadi inkişaf bu məsələlərdə çox böyük rol oynayır.
Pyer Konetsa: Xanım Əliyeva, maraqlı çıxışınıza görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycandakı sağlam dini mühitin mövcud olmasında Sizin rolunuz böyükdür. Sizin ölkənizin təcrübəsini tətbiq edərək bizdəki bəzi problemləri də həll etmək mümkündür.
Konfransda Fransa Müsəlmanları Şurasının vitse-prezidenti Tofiq Septi dini radikalizmlə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, radikalizmlə mübarizə təkcə hüquq mühafizə orqanlarının işi deyil, bu məsələdə bütün dini icmalar yaxından iştirak etməlidirlər. Valiske Yəhudi Assosiasiyasının nümayəndəsi Andrey Kosmiki Azərbaycan cəmiyyətində qadınların rolunun böyük olduğunu vurğuladı. Fransa sakini xanım Xosla Mehriban Əliyevanın Azərbaycan-Fransa əlaqələrinin inkişafındakı xidmətlərini xüsusi qeyd etdi, dünyada tolerant yaşayışın önəmini diqqətə çatdırdı.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət göstərən idarənin dövlət-din münasibətlərinə töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən də istifadə olunduğunu bildirdi. UNESCO-nun xoşməramlı səfiri Edva Ser Azərbaycanda olduğu müddətdə gördüyü tolerantlıqdan ətraflı danışıb:
- Mən bu ölkədə dəfələrlə olmuşam. Azərbaycanda mən sərbəst və təhlükəsiz şəraitdə hərəkət edə bilirəm. Bakıda insanlar səmimi və gülərüzdürlər. Təəssüf ki, bu gün əksər ölkələrdə belə insanlara rast gəlmək çətindir. Mən Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri ilə görüşmüşəm. Bu ölkədə hər addımda tolerantlıq ruhu hiss olunur. Azərbaycanda qədim binalara tez-tez rast gəlinir. Dövlət qədim tarixi irsi qoruyur. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd etdi ki, bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və onlar cəmiyyətin həyatında yaxından iştirak edir. O dedi:
- Hörmətli Mehriban xanım, cənab Löqare, xanımlar və cənablar. Cənab Fekete ilə mən Azərbaycanın xristian icmasını təmsil edirik. Mən pravoslavam, o isə Roma katolik kilsəsinə mənsubdur. Təbii ki, Azərbaycan dünyəvi dövlətdir. Din dövlətdən ayrıdır. Ancaq tərkib hissəsinə görə ölkə İslam ölkəsidir, çünki vətəndaşların əksəriyyəti müsəlmanlardır. Yalnız az bir qismi xristianlardır. Lakin buna baxmayaraq Azərbaycanda bütün dinlər bərabərhüquqludur. Bunun sübutu isə dövlət institutları, biznes, təhsil, səhiyyə sahələrində bütün millətlərin və bütün dinlərin nümayəndələrinin təmsil olunmasıdır. Biz bununla çox fəxr edirik. Bizdə məscidlər, məbədlər, kastyollar, yeni sinaqoqlar var. Həm də onların yeniləri açılır, inşa olunur, köhnələri bərpa edilir. Bu məsələdə Heydər Əliyev Fondu böyük kömək göstərir. Lap bu yaxınlarda bizdə Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Demək lazımdır ki, dövlət dini problemlərə son dərəcə diqqətlə yanaşır. Hər il Azərbaycan Prezidenti dini icmaları təbrik edir - xristianları Pasxa və Milad, müsəlmanları Qurban, yəhudiləri isə Roş-Ha-Şana bayramları münasibətilə təbrik edir.
Mən də fürsətdən istifadə edərək Fransa yəhudilərini qarşıdan gələn Roş-Ha-Şana bayramı münasibətilə təbrik edirəm. Demək istərdim ki, bizdə həm də dini-tədris müəssisələri mövcuddur. Məsələn, İslam Universiteti, bizim məbəddə xristian məktəbi, həmçinin yəhudi tədris müəssisələri fəaliyyət göstərir. Bu, dövlətimizin dini problemlərə nə qədər ehtiramla yanaşdığını sübut edir.
Alban-Udi dini icmasının sədri Robert Mobili udi icmasının da Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunduğunu bildirib:
Həqiqətən bu gün Azərbaycanda mövcud olan tolerantlıq çox vacib mövzudur. Mən Azərbaycanda qədim avtoxton etnos olan udiləri təmsil edirəm. Bu, çox maraqlı bir etnosdur, Azərbaycanda, düzənlik bir yerdə öz dinlərini və dillərini saxlayıb. Bu, faktiki olaraq xristian dünyasında bir fenomendir. Xristianlığı saxlayıblar. Şərq kilsəsinin, Alban kilsəsinin varisidir. Udilər dini tərəfdən xristianların varisləridir. Alban kilsəsi Apostol kilsəsi olub. Bu gün udilər həmin kilsəni saxlayıblar və burada ibadət edirlər.
Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç ölkəmizdə digər dinlərin nümayəndələri ilə yanaşı, yəhudilərin də diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete ölkəmizdə katoliklər üçün də münbit şəraitin yaradıldığını vurğulayıb.
"Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" adlı konfransa birinci xanım Mehriban Əliyeva yekun vurub:
- Mən sonda konfransın bütün iştirakçılarına bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Cənab mer, sizə bir daha təşəkkür edirəm. Siz həm bu konfransın, həm də on gün Parisin 1-ci rayonunda Azərbaycan şəhərciyinin təşkilində bizə böyük yardım göstərmisiniz.
Mən bugünkü konfransı aparan moderatora öz dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək fransız xalqına bir daha öz dərin hörmətimi və məhəbbətimi çatdırmaq istəyirəm. Siz bilirsiniz ki, mən sizin ölkənizə tez-tez səfər edirəm və hər dəfə biz çalışırıq ölkəmiz haqqında yeni layihələr həyata keçirək, Azərbaycanı daha da yaxşı tanıdaq, xüsusən də humanitar sahədə, mədəniyyət sahəsində. Hər dəfə belə tədbirlərin böyük uğurla keçməsi, böyük maraqla qarşılanması, əlbəttə, məni sevindirir. Onu da qeyd etmək istəyirəm ki, hər gəlişimdən sonra mən Fransada yeni dostlar tapır, Azərbaycana hörmətlə yanaşan, Azərbaycanla maraqlanan yeni insanlarla tanış oluram. Bu da özlüyündə ölkələrimizin, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına böyük töhfə verir.
Hesab edirəm ki, bugünkü konfrans uğurla keçdi. Mənim bir təklifim var. Konfransın ikinci sessiyasını sizin hamınızın iştirakı ilə Azərbaycanda, Bakıda keçirməyi təklif edirəm. Mən sizin hamınızı Bakıya dəvət edirəm. Bir daha çox sağ olun.
Sentyabrın 8-də axşam Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Parisin ürəyində Azərbaycan musiqisi" adlı klassik musiqi gecəsi keçirildi. Gecədə çıxış edən Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bir neçə gündür ki, Parisdə Azərbaycan incəsənətinin uğurla təmsil olunduğunu və səslənən əsərlərin sənətsevərlərin xatirində unudulmaz təəssürat yaratdığını bildirdi və bu fürsəti onlara yaratdığı üçün Azərbaycanın birinci xanımına minnətdarlıq etdi. Sonra xalq artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və başqalarının iştirakı ilə geniş konsert proqramı təqdim olundu. Gecənin sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks etdirən fotolarından ibarət maraqlı kompozisiya nümayiş etdirildi. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan 3D formatlı illüstrasiya mərasim salonunun tavanında heyrətamiz görüntülər yaratdı və tamaşaçıların böyük marağına səbəb oldu.