PDF Oxu

Əsas

  • 1 852

Avropa Parlamenti gözündəki tiri görmür

image

Azərbaycana qarşı qərəzli yanaşmaların arxasında bir çox təəssüfedici və qərəzli amillər dayanır

Son zamanlar, xüsusilə parlament seçkiləri öncəsi Qərbdə müəyyən dairələrin Azərbaycana qarşı təxribat kampaniyası davam edir. İstər bəzi qərəzli təşkilatların və erməni lobbisinin himayəsi ilə fəaliyyət göstərən təşkilatların, istərsə də bir sıra Avropa qurumlarının bu cür fəaliyyətləri, yəni öz gözlərindəki tirləri görməzlikdən gələrək, başqalarının göznüdə qıl axtarmaları, nəticədə onlar barədə növbəti ifşaedici faktların ortaya çıxmasına səbəb olur. Bu xüsusda Avropa Parlamenti daha çox canfəşanlıq göstərir.

Avropa Parlamenti qoca qitənin "xristian klubu"nun aparıcı arenasına çevrilib

Zaman-zaman bu qurum ölkəmizlə bağlı dırnararası dinləmələr keçirərək, Azərbaycana qarşı bir sıra yersiz və əsası olmayan iddialar səsləndirməsi də həmin təşkilatın ikili standartlardan çıxış etməsini təsdiq edir. Məsələn, bu, həmin təşkilatdır ki, bir müddət öncə qondarma "erməni soyqırımı"nı tanımaqla, Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə əleyhinə fəaliyyətdə də canfəşanlıq göstərmişdi. Artıq tam əminliklə demək mümkündür ki, Avropa Parlamenti qoca qitənin "xristian klubu"nun aparıcı arenasına çevrilib və xüsusilə inkişaf edən müsəlman dövlətlərinə qarşı ardıcıl qərəzlərə və hücumlara getməsilə həmin klubda rol oynadığını təsdiq edir.

Biz bu kimi oyunbazlıqları ilk Avropa Oyunlarına çox az zaman qaldığı bir vaxtda da müşahidə etmiş olduq. Çünki Qərbdəki bəzi qurumların ümdə məqsədlərindən biri də ölkəmizdə sabitliyi pozmaqla, onu xaosla əvəzləməyə göstərdikləri cəhdlərdir. Biz belə nəhəng tədbirlər ərəfəsində Azərbaycana qarşı kəskin təzyiqlərin baş verdiyinin daha öncəki illərdə də şahidi olmuşuq. Məsələn, 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı yarışması ərəfəsində Qərbdən gələn anoloji dəst-xətlərin indiki dönəmlə bənzərliyi qeyd edilən fikirlərə sübutdur.

Prezident İlham Əliyev: "Bu gün ölkəmizdə xalq-hakimiyyət birliyi mövcuddur və bu birliyi pozmaq heç bir xarici təşkilatların gücündə deyil"

Bu arada daha bir amil istər Avropa Parlamentinin, istərsə də bu kimi digər qurumların bir neçə mərkəzdən idarə olunmasıdır. Amma hər kəsə gün kimi aydındır ki, bu hərəkətləri birbaşa olaraq onların siyasi təzyiqindən başqa bir şey deyil. Əslində, biz onu da bilirik ki, onları Azərbaycandakı insan hüquq və azadlıqlar məsələsi elə də maraqlandırmır. Onlar üçün ən vacibi Azərbaycana təzyiq etmələri, onu müstəqil siyasət yolundan döndərməyə, ölkəmizin diktə altında fəaliyyət göstərən dövlət olmasına nail olmaqdır. Çünki Azərbaycanın hazırkı müstəqil siyasəti heç bir halda Qərbin maraqlarına cavab vermir.

Bir çox yerli siyasi ekpertlərin də vurğuladığı kimi, xarici təşkilatlar bənzər eksperimentləri Azərbaycan üzərində keçən əsrin 90-cı illərinin əvvəllərində keçiriblər. Lakin nə onda, nə də indi heç nəyə nail ola bilmirlər. Görünür, bu da onları qıcıqlandırır.

Bu gün Azərbaycanda siyasi sabitlik var, xalqla Prezident birdir və xalq öz Prezidentini, dövlətçilik maraqlarını müdafiə edir. Prezident İlham Əliyev xalqın mənafeyindən çıxış edən siyasət həyata keçirir. Bir neçə gün öncə ölkə başçısının keçirdiyi müşavirədə də Onun tərəfindən vurğulandığı kimi, bu gün qərəzli qüvvələr Azərbaycana qarşı qərəz hücumuna başlayıblar. Onların çirkin məqsədlərini isə "beşinci kolon" reallaşdırmağa çalışır. Radikalizm və xaosu dəstəkləyən bu kimi qragüruhçu "qüvvələr" hər vəchlə erməni lobbisinin də yer aldığı bu hücumlardan bəhrələnməyə cəhdlər göstərirlər.

Prezident İlham Əliyev sözügedən müşavirədə bir önəmli ifadəsi ilə vurğulayıb: "Bu gün ölkəmizdə xalq-hakimiyyət birliyi mövcuddur və bu birliyi pozmaq heç bir xarici təşkilatların gücündə deyil".

Avropa Parlamentindəki qurumlar açıq şəkildə özlərinin simasızlığı və dəyərsizliyini, ümumi, universal dəyərlərə yox, şəxsi siyasi maraqlara xidmət etdiklərini sübut etmiş olurlar

Ona görə də bəri başdan deyə bilərik ki, Qərbin Azərbaycanda idarə olunan xaos yaratmaq cəhdlərinin heç bir real nəticəsi olmayacaq. Artıq bu, hər kəsə bəllidir. Belə olan halda, xüsusilə, dövlət başçımızın həmin bəyanatından sonra onlar isterik duruma düşürlər. Nəticədə, bu kimi qərəz və addımları son nəticədə, bumeranq effektinə səbəb olur və öz ölkələrinin xarici siyasət sferasında müəyyən problemlərin yaranmasına şərait yaradır.

Söz yox ki, belə qərəzlərin bir adı var: Avropa Parlamentindəki qurumlar açıq şəkildə özlərinin simasızlığı və dəyərsizliyini, ümumi, universal dəyərlərə yox, şəxsi siyasi maraqlara xidmət etdiklərini sübut etmiş olurlar. Bu, həm də artıq Avropanın öz "simasıdır."

Sonda isə belə bir nəticəyə gələrək onu da vurğulaya bilərik ki, Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnamə reallıqdan uzaq, qərəzli, ədalətsiz və yersizdir. Yaxşı olardı ki, Avropa Parlamenti hazırda bu qoca qitənin düşdüyü çətin vəziyyətdən çıxış yolu tapsın. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibətini araşdırsın, insan hüquqlarının necə və hansı üsullarla tapdandığının fərqinə varsın. Avropa Parlamenti bu gün anti-Azərbaycan xəstəliyini müalicə etirməsilə yanaşı, öz gözündəki tiri də çıxartmağa çalışsın ki, doğrunu, realllığı, inkişaf və tərəqqini yaxşı görsün və dərk etsin. Hər halda bunu biz demirik, Avropanın bulaşdığı və sağalmaz, çarəsi olmayan xəstəliyi bunları açıq-aşkar göstərir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər