Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan etdikdən sonra Azərbaycan Respublikası MSK-nın 10 oktyabr 2015-ci il tarixli iclas protokolu komissiya üzvləri tərəfindən səsə qoyularaq təsdiq olunub.
MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün indiyə qədər dairə seçki komissiyalarında 43 459, MSK-da isə 605-dən artıq müşahidəçi qeydiyyatdan keçib: "Seçkiləri müşahidə etmək üçün indiyə qədər 22 beynəlxalq qurumdan 283 müşahidəçi MSK-da qeydə alınıb. Hazırda həm dairə seçki komissiyalarında, həm də Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı davam edir".
Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında məlumat verilib. MSK-nın üzvü Tofiq Həsənov tərəfindən isə 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər barədə ətraflı məlumat verilib. Namizədliyini Müsavat Partiyasından irəli sürmüş İmamverdi Əliyev dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib. İclasda bildirilib ki, dairə seçki komissiyası namizədliyini 75 saylı Lənkəran-Masallı seçki dairəsindən irəli sürmüş İmamaverdi Əliyevin namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 450 imzadan 55 imza etibarsız hesab olunub. MSK-nın ekspert qrupu tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 35 seçici İmamverdi Əliyevə verdiyi imzaların etibarsız hesab olunması ilə bağlı DSK-ya ərizə ilə müraciət edib. Bundan başqa, araşdırma zamanı müəyyən olunub ki, İmamverdi Əliyevin təqdim etdiyi imzadan 4-ü də etibarsızdır. Beləliklə, yerdə qalan 411 imza onun namizədliyinin qeydə alınması üçün kifayət etməyib. Buna görə də DSK-nın qərarı qüvvədə saxlanılıb. Sonda cari məsələlərə baxılıb.