Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin edib
Artıq xalqımız 24 ildir ki, 18 oktyabr tarixini Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi böyük coşqu və şərəf hissi ilə qeyd edir. Lakin müstəqillik əldə edilməsinə baxmayaraq, ölkə daxilində baş alıb gedən hərc-mərcliklər, hakimiyyət uğrunda aparılan amansız mübarizələr Azərbaycanda marağı olan bir çox xarici siyasi dairələrin diqqətini cəlb edirdi. Azərbaycanın yeraltı və yerüstü sərvətləri həm daxildə, həm də xaricdə olan düşmənlərin iştahasını daha da artırıdrı. Belə olan halda həm də vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə qalan ölkə çıxılmaz vəziyyətdən çıxış yolunu tapa bilmirdi. Eyni zamanda, Ermənistanın Dağlıq Qarabağı işğal etmək cəhdləri də həmin dövrlərdəki situasiyanı və böhranı dərinləşdirirdi. Beləliklə, Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Xalqın isə bir xilaskara, bir dahi siyasətçiyə ehtiyacı vardı.
Məhz 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin etmiş oldu. Tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş siması Ulu Öndər Heydər Əliyevin yaratdığı tarix isə öz uğurlu yoluna davam etməkdədir.
Məhz bu səbəbdən vurğulamaq yerinə düşərdi ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini məhz Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra əldə edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz Heydər Əliyev dühasının zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı.
Müstəqillik Azərbaycan Respublikasının möhkəm əsaslar üzərində yeni
inkişaf xəttidir
Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən Ümummilli Lider Heydər Əliyev "müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər Heydər Əliyev qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Söz yox ki, əsl müstəqillik öz sərvətlərinin tam sahibi olmaqdır. Ümummilli Lider bu barədə vurğulamışdır: "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm". Ulu Öndər bu sözləri ona görə demişdir ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqət, faciəli anlar, ağrılı günlər öz izini qoymuşdur. Ulu Öndər Heydər Əliyevin bu həyat manifesti Azərbaycan xalqında ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə Onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır.
1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqil Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi və Heydər Əliyev faktoru yeni qlobal dünyada ölkələrin yerini müəyyənləşdirdi. Azərbaycanın dünyaya. dünyanın Azərbaycana gərəkli olduğunu sübut etdi.
Müstəqillik konsepsiyası -sabitlikdən inkişafa doğru
Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır.
Ulu Öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən "Sabitlikdən inkişafa doğru" ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən Ümummilli Liderimizin daha bir müdrik sözləri yada düşür: "Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır". Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuz və əbədidir!
RƏFİQƏ KAMALQIZI