"Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad edilməsi Prezident İlham Əliyevin səlahiyyətlərinə daxil olan məsələdir. Çünki Ali İcra Hakimiyyətinin başçısı, məhz prezidentdir. Ona görə də kiminsə qəbul olunan qərara şərh vermək və onu müzakirə etmək haqqı yoxdur". SİA xəbər verir ki, bunu "report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib. S.Novruzov vurgulayıb ki, Prezident kimi istəsə vəzifəyə həm təyin edir, həm də vəzifədən azad edir: "Lakin Milli Məclisin üzvlərindən bəziləri bu məsələyə qoşulub fikir bildirir. Prezident kimi nə vaxt istəsə vəzifəyə təyin edir, yaxud nə vaxt işdən azad edir özü bilir. Ona görə də heç kim Prezidentin səlahiyyətlərinə qarışmasın. Kimsə mollalıq, münəccimlik etməsin". E.Mahmudov milli təhlükəsizlik naziri olduğu dövrdə necə işləməsinə gəlincə, YAP İcra katibinin müavini deyib: "Mən əlavə heç nə deyə bilmərəm. Mən Prezidentimin bildiyindən artıq heç nə bilmirəm. Hər şeyi bilən cənab Prezidentdi".