PDF Oxu

Əsas

  • 1 933

Firudin Nəbiyev: “Azərbaycanda miqrasiya sahəsində görülən işlər nümunə göstərilir”

image

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlərin operativ şəkildə həlli ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin (DMX) struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib. DMX-dən AZƏRTAC-a verilən məlumata görə, Xidmət rəisi Firudin Nəbiyev müşavirədə bildirib ki, dövlətimizin başçısı xarici investisiyaları qeyri-neft sektoruna cəlb etməyi prioritetlərdən biri kimi müəyyənləşdirib və Dövlət Miqrasiya Xidməti də əcnəbi sərmayədarların ölkəmizdə miqrasiya ilə bağlı məsələlərinin operativ şəkildə həlli işinə diqqəti daha da artırmalıdır. Doğrudur, Azərbaycanın miqrasiya qanunvericiliyində əcnəbilərə ölkəmizdə yaşama və iş icazələrinin verilməsi kifayət qədər sadələşdirilib. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi. Amma 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinə əsasən bu məhdudiyyət aradan qaldırılıb. Həmçinin dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa da hazırkı qanunvericilikdəki yeniliklərdən biridir.

Xidmət rəisi əlavə edib ki, "Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bir daha vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Dövlətin Xidmətə göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq miqrasiya orqanının hər bir əməkdaşı üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməli, mənfi hallara yol aça biləcək nüanslara fürsət verməməlidir. Çünki dövlətimizin başçısının söylədiyi kimi, hər bir məmur yalnız xalqın xidmətçisidir". F.Nəbiyev xüsusi vurğulayıb ki, bilavasitə Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların fəaliyyətinə cavabdehlik daşıyan rəhbər heyətin üzərinə daha böyük məsuliyyət düşür. Ona görə də siz miqrasiya ilə bağlı bütün məsələlərə, müraciət edənlərin məmnunluğunun təmin olunması ilə əlaqədar yarana biləcək anlaşılmazlıqlara dərhal müdaxilə edərək aradan qaldırmalı, mənfi hallara yol verilməsinə imkan yaratmamalısınız. Miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Azərbaycanda qısa vaxt ərzində miqrasiya sahəsində həyata keçirilmiş yenilikləri ölkə ictimaiyyəti də, beynəlxalq təşkilatlar da, respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də görür. Ölkəmizdə miqrasiya ilə bağlı görülən işlər nümunə göstərilir. Biz bu etimadı layiqincə doğrultmalıyıq. Bunun üçün hər bir miqrasiya xidməti qulluqçusunun öz vəzifə borcuna bundan sonra da məsuliyyətlə yanaşacağına inandığını qeyd edən DMX rəisi bildirib ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları bütün vəzifə və tapşırıqların öhdəsindən peşəkarlıqla və layiqincə gəlməlidir.

Digər xəbərlər