"ATƏT-in özü, həm də digər qurumları həmişə Azərbaycana qeyri-obyektiv yanaşıblar. Onların bugünkü mövqeləri də bizə bəllidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Siyavuş Novruzov ATƏT Parlament Assambleyasının Demokratiya və insan haqları komitəsinin sədri İzabel Santosun parlament seçkiləri öncəsi Azərbaycandakı vəziyyət barədə bəyanatına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, ATƏT və onun qurumları dəfələrlə qeyri-demokratik seçkilər keçirən ölkələr haqqında çox yüksək fikir söyləyiblər, lakin Azərbaycanda keçirilən azad, ədalətli, demokratik seçkilər haqqında mənfi rəy yaratmağa çalışıblar: "O cümlədən, ayrı-ayrı birtərəfli informasiya əsasında və yaxud hər hansı bir qeyri-hökumət təşkilatının yazdığı donosu nöqtəsini, vergülünü dəyişmədən ATƏT-in rəyi kimi təqdim edirlər. İndiki halda da bunların mövqeyi bizə bəllidir". S.Novruzov vurğulayıb ki, ATƏT öz üzərinə götürdüyü funksiyanı yerinə yetirə bilmir - 20 ildən artıqdır ki, təşkilatın Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini həll etmək funksiyasını üzərinə götürüb: "İndiyə qədər niyə öz funksiyasını yerinə yetirməyib? Bütün bunların arxasında Azərbaycanı istəməyən qüvvələr, erməni lobbisi, Azərbaycanda olan iqtisadi inkişafı, Azərbaycan xalqının prezidentlə birgə olmasını, prezidenti dəstəkləməsini və Azərbaycanın müstəqil siyasət aparmasını, hansısa ölkənin, təşkilatın diktəsi ilə oturub-durmamasını gözü götürməyən qüvvələr dayanır".
Millət vəkili vurğulayıb ki, ATƏT və onun qurumlarını seçki prosesi və digər məsələlər maraqlandırmır: "Demokratiyadan danışırlar, insan hüquqlarından danışırlar, amma Azərbaycanda 20 ildən artıqdır ki, bütün hüquqları Ermənistan işğalı nəticəsində kobud şəkildə pozulan bir milyondan artıq qaçqın və məcburi köçkün haqqında heç nə demirlər. Yüz minlərlə insanı evsiz-eşiksiz qoyublar, didərgin salıblar - bunlarla məşğul olsunlar. Avropada insanları qarın, şaxtanın altında saxlayb məhv edirlər - bundan danışsınlar, buna münasibət bildirsinlər. Yoxsa hansısa cinayət törədərək həbs olunan bir-iki nəfərin dalınca düşüblər. ATƏT nə zaman bəyanat verdi ki, ərəb ölkəsində Avropanın nə işi var? Niyə dağıdırsınız bu ölkələri? İnsanları niyə qaçqın vəziyyətinə salırsınız, evindən-eşiyindən məhrum edirsiniz? Ona görə də onların danışmağa üzü yoxdur, dedikləri də bizim üçün əhəmiyyətli deyil". Siyavuş Novruzov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan hökuməti Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etməsi üçün bütün Avropa qurumlarına müraciət edib: "Seçkiləri müşahidə etməsi üçün Avropa təsisatlarına, o cümlədən ATƏT Parlament Assambelyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna dəvət göndərmişik. Lakin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli bəyanatlarından sonra onlar düşünürdü ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün müraciət etməyəcək və seçkiyə müşahidəçi göndərməyəcəklər. Bu baxımdan özlərinə arxayın idilər. Lakin həm Mərkəzi Seçki Komissiyası, həm Milli Məclis bu qurumlara seçkiləri müşahidə etməsi üçün dəvət göndərdi. Doğrudur, çoxunu dəvət etmək bizim borcumuz deyil. Çünki, Azərbaycan Avropa Şurasının üzvüdür və onun seçkinin monitorinqini aparmaq hüququ var. Digərlərinin yox. Lakin biz onları dəvət etdik. Razılıq əldə olunsa da, onlar başladılar başqa oyunlar oynamağa".
Deputat qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna Azərbaycan tərəfindən hər seçki dairəsi üzrə, yəni 125 qısa müddətli, 6 uzun müddətli müşahidəçi göndərməsi üçün dəvət göndərilib: "Onlar isə bizim təklifimizdən sonra açıqlama verdilər ki, seçkiləri izləmək üçün 360 nəfər müşahidəçi göndərirlər. Sual olunur: Ukraynanın ərazisi, əhalisi, seçki dairələrinin, məntəqələrinin sayı Azərbaycandan çoxdur. Ukraynaya 200 civarında, yaxud Rusiyadakı seçkilərə cəmi 47 nəfər müşahidəçi göndərilir. Bizə niyə 360 müşahidəçi göndərilir? Yaxşı, bu müşahidəçinin saxlanılmasına vəsaiti haradan alırsan? Başqa yerlərə müşahidəçi tələb olunanda deyirlər ki, vəsait çatışmır. Bəs Azərbaycana gələndə niyə vəsait artıqlaması ilə tapılır? Bəlli oldu ki, bunlar erməni lobbisinin, ermənipərəst, anti-Azərbaycan qüvvələrin işləridir".
Millət vəkilinin sözlərinə görə, ATƏT PA bu addımı atmaqla seçkidən öncə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq istəyir: "Onların hesabatı bizə çoxdan bəllidir. Çünki hesabatı Azərbaycan Xalq Cəbhəsi Partiyası yazıb göndərmişdi. Onlar yalnız bu partiya ilə işləyirlər və nöqtə, vergülünü belə dəyişmədən "hesabatı" dərc edirlər. Bu baxımdan Azərbaycan buna öz etirazını bildirdi və təklif olunan sayda müşahidəçi göndərməyi tələb edin. Baxmayaraq ki, onlar yoxdur, ancaq ABŞ, Kanada, Avstraliya, Pakistan, İCAPP, o cümlədən Avropa ölkələrindən 500-ə yaxın xarici, 60000 yerli müşahidəçi seçkini izləyəcək. Ona görə də kim müşahidə aparmaq istəyir buyursun". Məlumat üçün bildirək ki, ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin sədri İzabel Santoş bəyanatında Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirib. O bəzi müxalifət nümayəndələrinin və QHT təmsilçilərinin həbsini siyasiləşdirərək parlament seçkilərinin şəffaf keçiriləcəyinə şübhə ilə yanaşdığını diqqətə çatdırıb.