Ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov Rusiyanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrilə partiyanın qərargahında görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov da iştirak edib.
Rusiyalı jurnalistlər ilk öncə hakim partiyanın mənzil-qərargahı ilə tanış olublar. Görüşdə qonaqları salamlayan partiyanın Sədr müavini- İcra katibi Əli Əhmədov ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində Azərbaycana səfər etdiklərinə görə jurnalistlərə təşəkkürünü bildirərək qeyd edib ki, onların Azərbaycanda seçkiöncəsi vəziyyətə dair hazırlayacaqları materialların obyektiv və ədalətli olacağından şübhə etmir: "Bildiyiniz kimi noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcəkdir. Seçkilərdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti, o cümlədən də Yeni Azərbaycan Partiyası iştirak edir. Hesab edirəm ki, siz Azərbaycanda olduğunuz müddət ərzində bu haqda kifayət qədər məlumat toplaya bilmisiniz və bundan sonra da özünüz bütün prosesləri izləyə biləcəksiniz. Ona görə də seçkilərdən çox danışmaq istəməzdim. İstərdim Yeni Azərbaycan Partiyasının seçkiyə hazırlığı, parlament seçkilərindən gözləntilərimiz barədə danışım. Yeni Azərbaycan Partiyası 1992-ci ilin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılıb. Hazırda ölkə başçısı İlham Əliyev Cənabları partiyamıza Sədrlik edir. Partiya demək olar ki, yarandıqdan cəmi 6 ay sonra- Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə, ölkədə hakim partiyaya çevrilib. Bundan əlavə, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün ölkədə ictimai-siyasi vəziyyət sabitdir. Hakim partiya bu seçkiləri demokratik, ədalətli və şəffaf keçirilməsində maraqlıdır və buna çalışır. Hesab edirəm ki, bünün üçün hər bir şərait yaradılıb, ölkəmizdə kifayət qədər qanunvericilik bazası mövcuddur. Qarşıdan gələn seçkilərdən gözləntilərimiz isə bundan ibarətdir ki, seçkiyə qatılan bütün siyasi partiyalar kimi, YAP da parlament seçkilərində qələbə qazanmaq niyyətindədir".
Baş nazirin müavini, həmçinin əlavə edib ki, seçki marafonunda hakim partiyanın əsas vəzifəsi, ən azından, ötən parlament seçkilərində qazandığı nəticəni təkrarlamaqdır: "Məlumunuz olsun ki, Azərbaycan parlamentinin tərkibi çox da geniş deyildir- cəmi 125 deputat yeri mövcuddur. 5 il əvvəl keçirilən parlament seçkilərində YAP parlamentə yerlərdən 71-nə sahib ola bilib. Bu, təqribən parlamentdəki deputat yerlərinin 60% -i deməkdir. Əgər YAP qarşıdakı seçkilərdə daha üstün nəticə göstərərsə, bu, bizim üçün daha da yaxşı olar".
Baş nazirin müavini vurğulayıb ki, seçki marafonunda 20-dən artıq siyasi partiya iştirak edir, onların əksəriyyəti üzvlərinin sayına görə kiçik partiyalardır: "Onların aralarında yalnız bir neçə partiya var ki, üzvlərinin sayına görə böyük partiya hesab oluna bilər. Seçkilər birmandatlı seçki sistemi üzrə keçirilir. Seçkilərdə partiyanın irəli sürdüyü namizədlərdən savayı, müstəqil namizədlər də iştirak edirlər. Seçkilərdə təqribən partiyalar tərəfindən 800-dək irəli sürülən namizədlər iştirak edirlər ki, orta hesabla hər dairəyə 7-8 namizəd düşür. Bəzi seçki dairələri üzrə müstəqil namizədlər daha çox YAP-a rəqib sayılırlar, nəinki digər siyasi partiyalardan olan təmsilçilər. Odur ki, YAP qarşıdakı seçkilərdə təkcə siyasi partiyalarla deyil, həm də müstəqil namizədlərlə rəqabət aparacaqdır. Düşünürük ki, bir sıra seçki dairələri üzrə namizədliyini irəli sürən müstəqil namizədlərin seçkidə qalib gəlmək şansları böyükdür və biz onları özümüzə rəqib hesab edirik. Odur ki, bəzi seçki dairələrində əsas rəqabət məhz YAP təmsilçilərilə müstəqil namizədlər arasında gedəcək".
YAP İcra katibi Əli Əhmədov daha sonra qeyd edib ki, Azərbaycandakı parlament seçkiləri kifayət qədər xarici müşahidəçilər tərəfindən də izləniləcək: "MDB ölkələri, bir sıra Avropa ölkələri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar və QHT-lər seçkiləri izləmək üçün artıq öz nümayəndələrini ölkəmizə göndəriblər. Azərbaycandakı parlament seçkilərini təqribən 700-dən artıq beynəlxalq müşahidəçi izləyəcək. Onu da nəzərinizə çatdırmaq istərdim ki, bir sıra Avropa dövlətləri və beynəlxalq təşkilatlar parlament seçkilərini izləməkdən imtina ediblər. Bu, ilk növbədə, ATƏT-dir. Bizə hələ də müəmmalı qalıb ki, onlar hansı səbəbdən parlament seçkilərini izləməkdən imtina edirlər. Amma hesab edirəm ki, onların müşahidə edib-etməməsinin parlament seçkilərinə heç bir ziyanı yoxdur. Az öncə qeyd etdiyim kimi, parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə kifayət qədər xarici müşahidəçi gəlib və yaxın günlərdə bu proses hələ davam edəcəkdir".
Daha sonra Baş nazirin müavini, YAP İcra katibi Əli Əhmədov jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Tədbir maraqlı diskussiyalarla bitib.
İntizarə Məmmədova