PDF Oxu

Əsas

  • 1 864

YENİ İNFRASTRUKTURLARIN YARADILMASI MÜASİRLİYƏ DOĞRU APARAN YOL

image

İlham Əliyev: "Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin işə salıması şəhərimizin həyatında doğrudan da böyük və tarixi hadisədir"

Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında regionların, Bakı və şəhərətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi reallaşdırılıb. Regionların inkişafilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları məhz Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir. Bütövlükdə, regionların inkişafilə bağlı həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər bunu deməyə əsas verir ki, Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən beynəlxalq birliyə uğurla inteqrasiya edir.

Bu gün paytaxtda və respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Həyata keçirilən dövlət proqramları regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm tədbirləri özündə birləşdirir. Qeyd etmək lazımdır ki, çoxsaylı infrastruktur layihələri və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb.

Əhalinin içməli su probleminin həllinə nail olunması tarixi əhəmiyyət daşıyır

Məlum olduğu kimi, Prezident İlham Əliyevin qarşıya qoyduğu sosial hədəflərdən biri də respublikada əhalinin içməli suya olan tələbatının yüksək səviyyədə ödənilməsilə bağlıdır. Bu, sırf sosial proqramdır. Bu layihələrə yönəldilən investisiyalar geri qayıtmasa da, Azərbaycan sosial dövlət olduğunu nümayiş etdirərək sözügedən sahəyə böyük həcmdə sərmayələr yönəldir. Dövlət başçısı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə reallaşdırılan su layihələrini tarixi hadisə kimi səciyyələndirərək deyib: "Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir".

Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin iştirakilə oktyabrın 28-də Abşeron rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi olub.

Qeyd edək ki, Ceyranbatan su təchizatı idarəsinin ərazisində məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli 2011-ci il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakilə qoyulub. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilmiş hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunmuş suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir. Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanmış Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəmərilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur ki, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq. Bu da magistral kəmərdə və paylayıcı şəbəkələrdə sabit, dayanıqlı hidravlik rejimin təmin olunmasına, həmçinin qəza və planlı dayanmalar zamanı fasiləsiz su təchizatının aparılmasına imkan verəcək. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və Ceyranbatan-Zirə magistral su kəməri layihəsi, Pirallahı qəsəbəsi də daxil olmaqla, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edəcək. Dövlətimizin başçısı kompleksi işə saldı.

"Sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyekti Azərbaycanda, Bakıda yaradılıb"

Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin işə salınmasının şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gün olduğunu bildirib: "Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək".

Prezident İlham Əliyev sutəmizləyici qurğular kompleksinin dünyanın ən böyük təmizləyici infrastruktur obyektinin Azərbaycanda - Bakıda yaradılmasının tarixi hadisə olduğunu bildirib: "Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Biz fəxr edirik ki, bu, Azərbaycanda - Bakıda yaradılıb. Bu kompleksin tikintisi üçün böyük həcmdə dövlət vəsaiti ayrılıb. Əlbəttə ki, bu günə qədər infrastruktur layihələrinin icrası da bu kompleksin işinə öz dəstəyini verir. İlk növbədə, Taxtakörpü su anbarı, Taxtakörpü-Ceyranbatan su kəmərinin tikintisi bu kompleksin fəaliyyətinə, əlbəttə ki, çox müsbət təsir göstərir. Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər. Kompleksin istismarı işində də, əminəm ki, heç bir problem olmayacaq və beləliklə, biz bu böyük sosial layihəni artıq başa çatdırırıq".

Dövlət başçısı Azərbaycanda infrastruktur layihələrinin icrasının prioritet məsələ olduğunu da deyib və vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır: "Bu infrastruktur layihələrinin içində, əlbəttə ki, içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə mənim iştirakımla bu layihələrin açılışlarını etmişik. Hələ ki, bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz olaraq bütün əhaliyə verilsin".

"Biz bu məqsədə çatmaq üçün artıq çox önəmli addımlar atırıq" -deyən ölkə Prezidenti bu sahədə görülən işlər əhali tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "Hər il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan vəsait ayrılır və ən azı 300 subartezian quyusunun qazılması təmin edilir. Çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Yəni biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və əlbəttə ki, burada əsas rolu "Azərsu" icra edir. Şadam ki, son illər ərzində bu sahədə görülən işlər əhali tərəfindən də yüksək qiymətləndirilir. Eyni zamanda, biz görürük ki, məsələlər öz həllini tapmaqdadır".

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük infrastruktur layihələrinin icra edildiyini də qeyd edib: " Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə böyük infrastruktur layihələri icra edilmişdir. Ancaq müstəqillik illərinin ağır şəraiti, xüsusilə 90-cı illərin əvvəllərində yaranmış çox ağır sosial, iqtisadi və siyasi vəziyyət imkan vermirdi ki, biz müasir texnologiyaları Azərbaycana cəlb edək. Bu məqsədlə çox böyük işlər görülmüşdür. Bəzi layihələr xaricdən götürülmüş kreditlər hesabına icra edilmişdir. Ancaq iqtisadi gücümüz artdıqca biz bu vəsaiti, ilk növbədə, insanları ən çox narahat edən problemlərin həllinə yönəldə bilmişik və bu gün belə gözəl, nəhəng qurğuların istismara verilməsini qeyd edirik. Bir daha demək istəyirəm ki, bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli sudur".

"Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır"

Prezident bütün çıxışlarında olduğu kimi, bu mərasimdə də bildirib ki, bizim siyasətimizin təməlində insan amili dayanır: "Bizim siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanın çox güclü düşünülmüş sosial siyasəti vardır və insan amili bu siyasətin mərkəzində dayanır. İnsan sağlamlığı üçün əsas şərt təmiz içməli sudur. Biz bunu həll edirik. İkinci əsas şərt təmiz havadır. Bunu da həll edirik... Yenə də deyirəm, Azərbaycanda son vaxtlar ərzində güclü sosial siyasət sayəsində insanların ömrünün uzunluğu artır. Bu, gözəl göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan bütün ölkə üzrə pulsuz müayinədən keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam qida - bizim prioritetlərimiz bax, bunlardır. Ona görə, bu, çox böyük sosial layihədir, çox böyük infrastruktur layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün Azərbaycan bu istiqamətdə də dünyada birincidir".

Beləliklə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər