Azərbaycanın sürətlə inkişaf edən qədim Naxçıvan diyarı türkdilli ölkələr üçün mühüm əhəmiyyət daşıyır. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı zamanı Türk dünyası üçün önəmli bir təşkilatın - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin də məhz Naxçıvanda imzalanması bunu bir daha təsdiq edir. Bu sözləri AZƏRTAC-a müsahibəsində oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasına səfər edən Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov söyləyib. Naxçıvan şəhəri, onun tarixi abidələri və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olan Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi səfər təəssüratları barədə sualımızı cavablandıraraq deyib: "Naxçıvan çox zəngin mədəni-tarixi irsə malikdir. Bu diyarda olan tarixi abidələr insanı valeh edir. Görünən odur ki, tarixi abidələrin qorunub saxlanılmasına Naxçıvanda xüsusi diqqət yetirilir. Yenidən bərpa olunan, ətrafı abadlaşdırılan abidələrə böyük maraqla baxdım. Muxtar respublikada ağır bronxial-astma xəstəliklərinin müalicəsi üçün də çox gözəl bir məkan - Duzdağ Fizioterapiya Mərkəzi var. Orada da oldum. Bir sözlə, Naxçıvanın tarixi abidələri, gözəl təbiəti, təmiz havası, təbii müalicə məkanı onun cazibəsini daha da artırır". Jandos Asanov qeyd edib ki, səfər çərçivəsində Naxçıvan şəhərindəki Biznes Mərkəzində də olub. O, burada gördüklərindən fərəh hissi duyduğunu bildirərək deyib ki, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların çeşidlərinin çoxluğu muxtar respublikanın sürətli iqtisadi inkişafını bir daha sübut edir. Bütün dünyada maliyyə böhranının səngimədiyi bir vaxtda açıq şəkildə görünür ki, bu böhran Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafına təsir göstərə bilməyib. Muxtar respublikanın iqtisadiyyatı şaxələnib. Bu, qürurvericidir. Səfərinin məqsədi və bu səfər zamanı əldə olunan nəticələr barədə də danışan Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi deyib: "Naxçıvanda keçirdiyim rəsmi görüşlərdə Türkdilli Ölkələrin Parlament Assambleyası ilə muxtar respublika arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi apardıq. Birgə tədbirlərin keçirilməsinə dair razılıq əldə etdik. Bu, gələcəkdə əməkdaşlığımızın inkişafı baxımından önəmlidir".