PDF Oxu

Əsas

  • 1 967

Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu bir regionda yerləşən sabitlik adasıdır

image

Beynəlxalq sorğu mərkəzləri də təsdiqləyir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir

Dünyadakı dərin maliyyə böhranı, xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın "sabitlik adası" kimi qalmaqdadır. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub.

Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Ölkə rəhbəri Azərbaycanı qüdrətli dövlətə çevirmək məqsədini, sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin gördüyü işlərlə bağlı mütəmadi olaraq xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəllər resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru yüksək artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə keçən Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Ölkə rəhbərinin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanmışdır.

Dövlət başçısının ötən 12 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Odur ki, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Avropa ölkələrinin qaçqın böhranı ilə üzləşməsi və iqtisadi sahədə böyük çətinliklərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitliyin qorunması mühüm nailiyyət sayıla bilər. Ölkəmizin demokratik yolla tərəqqisi, inkişaf etmiş dövlətlər sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması antiazərbaycançı şəbəkəni əməlli-başlı qayğılandırır. Avropada bəzi təşkilatların Azərbaycana qarşı zaman-zaman qərəzli mövqeyinin səbəbləri də kifayət qədər üzdədir: son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla çatan Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir.

Məhz bu uğurlu kursun davamı həm də onunla bağlıdır ki, xalq Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, onunla davamlı olaraq birlik nümayiş etdirir. Elə bunun nəticəsidir ki, keçirilən rəy sorğularında, aparılan elmi-ictimai təhlillərdə Azərbaycan vətəndaşlarının mütləq çoxluğu Prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi hakimiyyətə müsbət münasibətini bildirir. Məsələn, ABŞ-ın tanınmış sorğu firması "Arthur J. Finkelstein & Associates"in oktyabrın 14-də yaydığı seçkiqabağı sorğu 5,1 milyon seçicini maraqlandıran məsələlərə diqqəti yönəldir.

Sorğuda göstərilir ki, gələn ay Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərə qatılacaq seçicilərin təxminən 80%-i hesab edir ki, dövlət hazırkı rəhbərlik tərəfindən düzgün istiqamətdə irəliləyir və həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi əsas məsələ olaraq qalır.

Sorğuda iştirak edənlərin 77,1%-i "Hər şey düzgün, yaxud yanlış istiqamətdə gedir" sualına düzgün istiqamət, yalnız 14,7%-i yanlış istiqamət cavabını verib. Seçicilərin üzləşdiyi ən vacib məsələlər barədə suala təbii ehtiyatlarla zəngin dövlətdə yalnız 7, 2% iqtisadiyyat, 41, 3 % isə beynəlxalq qətnamələrin qeyd-şərtsiz geriçəkilmə barədə çağırışlarına zidd olaraq, Ermənistanın hələ də işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi ətraf rayon cavabını seçib.

"Beş dəfə çox respondent dövlətin ən vacib məsələsi kimi, iqtisadiyyatdan çox Dağlıq Qarabağı qeyd edib", - "Arthur J. Finkelstein & Associates"in icraçı direktoru Corc Birnbaum bildirib: "Bu, siyasət və hökumətin bütün aspektlərini o qədər əhatə edən həssas məsələdir ki, Qərbin bir çox müşahidəçisi bunu sadəcə anlamır".

Geosiyasi məsələlərə gəldikdə, respondentlərin 81,7%-i bu fikirlə razılaşıb: "Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu bir regionda yerləşən sabitlik adasıdır".

Ən vacib məqam odur ki, Avropada baş verənləri nəzərə alsaq, respondentlərin 71%-i hesab edir ki, hazırkı hökumət immiqrasiya böhranının Azərbaycana təsirinin qarşısını almağa qadirdir. Respondentlərin 80%-dən çoxu hesab edir ki, təhlükəsizlik məsələlərində öz məlumatlarını Qərb dövlətlərilə bölüşən ölkə rəhbərliyi dövləti terror aktlarından müdafiə edib. Bu gün Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin 74,4%-i tərəfindən dəstəklənir, 14% seçici isə hələ seçimini etməyib. Beləliklə, dairələrin böyük əksəriyyətində Yeni Azərbaycan Partiyasının namizədlərinin uğur qazanacağı gözlənilir.

Şübhəsiz, seçkilər, eyni zamanda, 2013-cü ildə yenidən seçilmiş Prezident İlham Əliyevin fəaliyyətinə dair referendum rolunu oynayacaq. "Hazırkı Prezident İlham Əliyevin fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz" sualına respondentlərin 82,1%-i yaxşı, yaxud əla cavabını verib. "Sorğudan asanlıqla belə nəticəyə gəlmək olar ki, seçicilər dəyişiklik istəmir", - deyə Birnbaum bildirib. Onun şirkəti 2013-cü il seçkilərinin nəticələrini düzgün proqnozlaşdırmışdı: "Onlar siyasi-iqtisadi sabitlik, terrordan qorunmaq və seçdikləri nümayəndələrin Dağlıq Qarabağın qaytarılması uğrunda mübarizə aparmasını istəyir".

Qeyd edək ki, sorğu Azərbaycanda 28 sentyabr - 9 oktyabr tarixlərində 108 dairədə 1000 seçici ilə üzbəüz aparılıb.

Bir daha sübut olunur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Bu faktı beynəlxalq sorğu mərkəzləri də təsdiqləyir...

"Səs" Analitik Qrupu

Digər xəbərlər