PDF Oxu

Əsas

  • 1 965

Əli Əhmədov ölkəmizdə səfərdə olan Rusiya Dövlət Dumasının nümayəndə heyətilə görüşüb

image

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov noyabrın 1-də parlament seçkilərini izləmək üçün ölkəmizə gəlmiş Rusiya Dövlət Dumasının nümayəndə heyətilə partiyanın mənzil-qərargahında görüşüb. Rusiya prezidenti Vladimir Putinin şəxsi nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Rusiya Dövlət Dumasının üzvləri, ölkənin nüfuzlu tədqiqat mərkəzlərinin rəhbərləri və tanınmış beynəlxalq şərhçilər yer alıb.

Qonaqları salamlayan partiyanın Sədr müavini - İcra katibi Əli Əhmədov ölkəmizdə keçirilən 1 noyabr parlament seçkiləri ərəfəsində Azərbaycana səfər etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib. YAP İcra katibi bir sıra seçki məntəqələrində müşahidələr apardıqdan sonra onların Azərbaycanda keçirilən seçkilərlə bağlı rəylərinin obyektiv və ədalətli olacağına şübhə etmədiyini qeyd edərək bildirib ki, seçki məntəqələrində olduğunuz müddət ərzində ölkəmizdə keçirilən parlament seçkiləri haqda kifayət qədər məlumat toplaya bilmisiniz.

Yeni Azərbaycan Partiyası barədə qonaqlara məlumat verən Əli Əhmədov diqqətə çatdırıb ki, 1992-ci ilin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan bu partiyaya hazırda ölkə başçısı İlham Əliyev Cənabları Sədrlik edir: "Partiya demək olar ki, yarandıqdan cəmi 6 ay sonra- Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə, ölkədə hakim partiyaya çevrildi. Hakim partiya olaraq biz bu seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsində maraqlıyıq və buna çalışırıq. Hesab edirəm ki, bünün üçün hər bir şərait yaradılıb. Ölkəmizdə kifayət qədər qanunvericilik bazası mövcuddur. Bundan əlavə, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün ölkədə ictimai-siyasi vəziyyət sabitdir. "O ki qaldı hakim partiyası olaraq bizim bu seçkilərdən gözləntilərimizə - bu, ondan ibarətdir ki, seçkiyə qatılan bütün siyasi partiyalar kimi, YAP da parlament seçkilərində qələbə qazanmaq niyyətindədir". Baş nazirin müavini, həmçinin, əlavə edib ki, seçki marafonunda hakim partiyanın əsas vəzifəsi, ən azından, ötən parlament seçkilərində qazandığı nəticəni təkrarlamaqdır: lMəlumunuz olsun ki, Azərbaycan parlamentinin tərkibi çox da geniş deyildir- cəmi 125 deputat yeri vardır. YAP budəfəki seçkilərdə 116 dairə üzrə öz namizədlərini irəli sürüb. Bir neçə dairədə biz öz namizədlərimizi irəli sürmədik. Lakin buna baxmayaraq həmin seçki dairələrində YAP-ın müttəfiqləri olan digər partiyaların irəli sürdüyü namizədləri də dəstəkləyirik. Seçkilərə hazırlığı yüksək səviyyədə həyata keçirdik. Məhz bu səbəbdən də, belə hesab edirəm ki, YAP bu seçki marafonundan qalib kimi çıxacaqdır. Qeyd edim ki, 5 il əvvəl keçirilən parlament seçkilərində YAP parlament kreslolarından 71-nə sahib ola bildi. Bu, təqribən parlamentdəki deputat yerlərinin 60% -i deməkdir. Başqa sözlə, qarşımızda duran vəzifə, ən azından ötən dəfəki nəticəyə nail olmaqdır, əgər bundan daha artıq yerlər qazana biləriksə, bu, daha da yaxşı olardı".

Əli Əhmədov, həmçinin, qeyd edib ki, seçki marafonunda 20-dən artıq siyasi partiya iştirak edir, onların əksəriyyəti üzvlərinin sayına görə, kiçik partiyalardır: "Onların aralarında yalnız bir neçə partiya var ki, üzvlərinin sayına görə böyük partiya hesab etmək olar. Seçkilər birmandatlı seçki sistemi üzrə keçirilir. Seçkilərdə partiyanın irəli sürdüyü namizədlərdən savayı, müstəqil namizədlər də iştirak edirlər. Seçkilərdə təqribən 800-dək partiylar tərəfindən irəli sürülən namizədlər iştirak edirlər ki, orta hesabla hər dairəyə 7 namizəd düşür. Bundan əlavə, çoxlu sayda müstəqil namizədlər də seçki marafonuna qatılıblar. "Bəzi seçki dairələri üzrə həmin müstəqil namizədlər daha çox YAP-a rəqib sayılırlar, nəinki digər siyasi partiyaların təmsilçiləri. Odur ki, YAP budəfəki seçkilərdə təkcə siyasi partiyalarla deyil, həm də müstəqil namizədlərlə rəqabət aparır. Hesab edirəm ki, bir sıra seçki dairələrində, eləcə də regionlarda bir çox müstəqil namizədlərin seçkidə qalib gəlmək şansları böyükdür və biz onları üzümüzə rəqib hesab edirik. Odur ki, bəzi seçki dairələrində əsas rəqabət məhz YAP təmsilçilərilə müstəqil namizədlər arasında gedəcək". YAP İcra katibi həmçinin, qeyd edib ki, budəfəki seçkilərə hakim partiyası "Yeni hədəflərə doğru" şüarı ilə qatılıb. Bu, ilk növbədə, ölkəmizin iqtisadi inkişafilə bağlıdır. Onun sözlərinə görə, son on ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artıb. lBu, çox böyük göstəricidir. Ölkə vətəndaşlarının yaşayış səviyyəsi xeyli yüksəlib, daha da yaxşılaşıb. Azərbaycanın siması demək olar ki, tamamilə dəyişib. Bu dəyişikliyi siz təkcə paytaxt Bakıda deyil, bünün regionlarda hiss edə bilərsiniz. Ölkədə vətəndaşların yaşayış şəraiti, rifahı ildən-ilə yüksəlir. Bütün bunlar isə vətəndaşların əhval-ruhiyyəsinə , eyni zamanda hakimiyyətə qarşı olan münasibətinə də müsbət təsir göstərir. Ölkə Prezidenti İlham Əliyev Cənablarına xalq arasında böyük rəğbət vardır. Prezidentimizə olan xalqın bu rəqbəti sözsüz ki, parlament seçkilərində də hakim partiyanın namizədlərinin qazanacaqları səslərdə özünü büruzə verəcək. Partiyamızın ikinci seçki resursu isə ondan ibarətdir ki, ölkəmizdə baş verən bütün bu müsbət dəyişikliklər birbaşa seçicilərin- vətəndaşlarımızın həyatında, onların rifahının yüksəlməsində özünü göstərməkdədir. Seçkilərdə üçüncü əsas resursumuz isə sözsüz ki, bu, insan resursudur,- partiyamızın çoxminli üzvləridir,- təşkilati resurslarımızdır. Qeyd edim ki, YAP ölkənin ən böyük siyasi partiyasıdır və partiyanın üzvlərinin sayı təqribən 700 minə yaxınlaşır. Bu Azərbaycan miqyasında çox böyük bir rəqəmdir. Bütün bunlar isə, partiyamızın qarşıdakı seçkilərdə böyük qələbə qazanacağına əminlik yaradır . Hesab edirəm ki, belə bir resursla biz 5 il əvvəlki parlament seçkilərində olduğu kimi, yenə də yüksək nəticə göstərə biləcəyik ",-deyə YAP İcra katibi vurğulayıb.

Seçkilərdə hökumətyönlü partiyalarla yanaşı, bir sıra müxalifət partiyalarının namizədlərinin də iştirak etdiyini xatırladan Əli Əhmədov, daha sonra, onlardan bəzilərinin də parlamentə düşmək ehtimallarının olduğunu bildirib. Azərbaycandakı parlament seçkilərinin gedişatının bir sıra beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən izlənildiyini xatırladan Əli Əhmədov, yalnız ATƏT DTİHB-nin qeyri-müəyyən səbəbdən parlament seçkilərini izləməkdən imtina etməsinin təəccüb doğurduğunu vurğulayıb. "Azərbaycan ATƏT-in tamhüquqlu üzvüdür. Məhz bu səbəbdən də biz belə hesab edirdik ki, ATƏT parlament seçkilərini izləmək üçün Azərbaycana müşahidəçi göndərməyə borclu idi. Lakin çox təəssüf ki, bu, baş vermədi. Hesab edirəm ki, hər hansı bir seçki missiyası heç vaxt suveren Azərbaycan dövlətinə qarşı siyasi təzyiq vasitəsi olmamalıdır. Görünür, onların müəyyən dairələrin tapşırıqları ilə belə hərəkət edirlər. Xatırladım ki, əvvəllər də belə hallar olurdu . ATƏT müşahidəçiləri Azərbaycanda keçirilən seçkilərdən dərhal sonra-sabahısı gün səhər tezdən mətbuat konfransı keçirərək saçkilərlə bağlı öz mənfi rəylərini bildirirdilər. Lakin bir gecə ərzində bütün ölkə üzrə aparılmış seçkilərin nəticələrini belə tez əldə etmək, hesabat hazırlamaq heç cür mümkün deyil. Hesab edirəm ki, onlar Azərbaycana öz hazır hesabatlarilə gəlirdilər ki, ölkəmizdə keçirilən seçkilərə dair belə mənfi rəylər səsləndirirdilər. Görünür, prezident, parlament seçkiləri kimi mühüm siyasi proseslərdə hər bir qurumun müəyyən bir vəzifəsi vardır. Nə etmək olar? Lakin buna baxmayaraq, digər təşkilatlar- MDB və digər nufuzlu qurumlar var ki, onlar Azərbaycana xoş niyyətlərlə gəlirlər. Təbii ki, onların verdiyi rəylər də həqiqətə əsaslanır-onlar burda gördüklərini qiymətləndirlər",-deyə Əli Əhmədov vurğulayıb.

Daha sonra Əli Əhmədov rusiyalı qonaqları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, görüşdə YAP İcra katibinin müavini, Mubariz Qurbanlı da iştirak edib.

İntizarə Məmmədova

Digər xəbərlər