PDF Oxu

Əsas

  • 2 097

Milli Məclisin növbəti plenar iclası keçirilib

image

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 27 məsələ salınmışdı. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra parlamentin komitələrinin tərkibində dəyişikliklər edildi. "Azərbaycan və Qətər Dövləti hökumətləri arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokol, "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandum təsdiqləndi.

Siyavuş Novruzov: "ABŞ-la digər sahələr üzrə də sazişlər imzalamalıyıq"

Sonra Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olundu. Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, sözgedən sazişə qoşulmaq hər iki ölkənin siyasi iradəsindən irəli gələn məsələdir: "Burada siyasi iradədən söhbət gedir. Biz ABŞ-a hava nəqliyyatı ilə bağlı bitərəfli qaydada icazə vermişik. 2011-ci ildə Amerikada terror hadisələri baş verdiyi zaman Azərbaycan antiterror koalisiyasına qoşuldu və bundan sonra ABŞ-ın hərbi və digər aviasiya növləri Azərbaycanın hava məkanından keçməklə müəyyən yüklərin, əhalinin, əsgərlərin daşınmasını həyata keçirdi. Bu baxımdan, hesab edirəm ki, belə bir sazişin bağlanması həm Azərbaycan, həm də ABŞ üçün də çox əhəmiyyətlidir".

S.Novruzov layihənin hərtəfəli şəkildə müzakirə olunduğunu deyərək, millət vəkili onun təsdiqlənməsinin tərəfdarı olduğunu bildirib: "Hər bir müqaviləyə, sazişə birtərəfli qaydada etiraz edib, şərt qoymaq olar. Lakin sözügedən saziş iki dövlət arasındadır. Azərbaycan bir sıra beynəlxalq sazişlərdə Ermənistanla olan maddələrə qoşulmur və şərt qoyuruq ki, bu məsələlər yerinə yetirilməsə, müqavilədə iştirak etməyəcəyik. Hesab edirəm ki, Azərbaycanın ABŞ-la istər iqtisadi, istər siyasi, istərsə də strateji müttəfiqiliyi bundan sonra davam etməli, əməkdaşlığımız daha da genişlənməlidir. Sözügedən saziş atılan ilkin addımlardan biridir. Düşünürəm ki, biz ABŞ-la digər sahələr üzrə də sazişlər imzalamalıyıq. Hər kəsi layihənin səsverməsinə çağırıram".

Layihə müzakirələrdən sonra qəbul edildi.

Eyni zamanda, Milli Məclisdə Cəzaların İcrası, Miqrasiya, Əmək, Meşə, İnzibati Xətalar, Vergi məcəllələrində, "Sanitariya-epidemioloji salamatlıq", "Prokurorluq orqanlarında qulluq keçmə", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi", "Ədliyyə orqanlarında qulluq keçmə", "Hesablama Palatası", "Daşınmaz əmlakın dövlət reyestri", "İcra məmurları", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısında", "Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi", "Dövlət rüsumu", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında" qanunda dəyişikliklər edildi. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, banklara və bank olmayan kredit təşkilatlarına aid şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 15 min manatdan 20 min manatadək cərimələnəcəklər.

Millət vəkilləri çıxışlarında bank sektoruna dair bəzi sənədlərə dəyişikliklər olunmasını təklif etdilər. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bu istiqamətdə millət vəkillərinin verdiyi təkliflərə yaxın zamanlarda komitədə baxılacağını dedi.

İsa Həbibbəyli: "Layihənin ən sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan

verir"

Gündəliyin sonuncu məsələ "Elm haqqında" yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi idi. Layihə barədə məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli dedi ki, 7 fəsil, 41 maddədən ibarət sənəddə elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, elmi fəaliyyət sahəsində dövlətin vəzifələri, elmin inkişafı üzrə dövlət proqramları, elmi işçilərin vəzifələri, işə qəbulu, yüksəkixtisaslı elmi kadrların hazırlanması, elmi işçilərin ictimai birlikləri, elmi dərəcələr, elmi adlar və digər məsələlər əksini tapır. Komitə sədri layihənin Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verdiyini bildirdi. Komitə sədri bildirdi ki, magistratura təhsilinin iki istiqamət (ixtisas və tədqiqat magistraturası) üzrə aparılması ilə bağlı maddə "Elm haqqında" qanun layihəsindən çıxarılıb. Magistratura təhsilinin iki istiqamət üzrə aparılmasını əhəmiyyətli hesab edən İ. Həbibbəyli əlavə edib ki, II oxunuş üçün yenidən müzakirələr zamanı həmin maddənin layihədən çıxarılmasına qərar verilib: "Bu maddə "Təhsil haqqında" qanun üçün daha əhəmiyyətlidir. Ona görə maddəni "Təhsil haqqında" qanuna əlavə və düzəlişlər kimi qəbul etmək fikrindəyik".

İ.Həbibbəyli, həmçinin vurğuladı ki, layihənin ən sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: "İlk dəfədir ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Həmçinin, ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Elmlər doktoru elmi dərəcə olsa da, AMEA-nın müxbir üzvi, həqiqi üzvlüyü elmi rütbə hesab edilmirdi. "Elm haqqında" qanun layihəsinin bundan əvvəlki variantına görə, magistratura pilləsində təhsil peşəkar məqsədlər üçün ixtisas magistri və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistri üzrə həyata keçirilir. Tədqiqat magistri dərəcəsinə malik olan şəxslərə elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq, doktoranturaya daxil olmaq üstünlüyü verilir.

Qanun layihəsində Azərbaycanda elmi-innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi- innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli-innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir. Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də "Elm haqqında" qanun layihəsindən çıxarılıb".

İ.Həbibbəyli qeyd etdi ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.

Komitə sədri, eyni zamanda deyib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər.

Qanun layihəsi əsas kimi qəbul edilib və müzakirələr başlayıb.

Milli Məclis plenar iclasında spikerin birinci müavini Ziyafət Əsgərov isə millət vəkili Mehriban xanım Əliyevanın 28 May - Respublika Günü münasibəti ilə "Amnistiya aktı haqqında" qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etdiyini dedi.

Bunula da Milli Məclisin plenar iclası başa çatdı.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər