- Nişanların qeydiyyatı üçün əmtəə və xidmətlərin beynəlxalq təsnifatı haqqında Nitsa Sazişi: Bu Saziş 1957-ci ildə bağlanıb və onun əsas məqsədi əmtəə nişanlarının qeydiyyatına məhsul və xidmətlərin təsnifatını beynəlxalq qaydalara bağlamaqdır.
1967-ci ildə Stokholmda, 1977 və 1979-cu illərdə Cenevrədə dəyişdirilən Nitsa Sazişinə AR 14 oktyabr 2003-cü ildə qoşulmuşdur.
- Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno Sazişi": Bu saziş 1968-ci ildə imzalanmış və 1971-ci ildə qüvvəyə minmişdir. Sazişin məqsədi sənaye nümunələrinin təsnifatını vahid bir sistemlə həyata keçirmək, üzv ölkələr arasında ahəngi təmin etməkdir. Həmin sazişə ölkəmiz 14 oktyabr 2003-cü ildə qoşulmuşdur.
- Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Beynəlxalq Patent Təsnifati Haqqında Strasburq Sazişi": Bu saziş 1971-ci ildə imzalanmışdır və əsas məqsədi patentlərin beynəlxalq təsnifatını təmin etməkdir.
- Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt müqaviləsi: 1977-ci ildə qüvvəyə minmiş bu müqaviləyə ölkəmiz 14 oktyabr 2003-cü ildə qoşulmuşdur. Həmin Konvensiyanın 2-ci maddəsinin 2-ci hissəsində mikroorqanizmin depozitləşdirilməsi məfhumunun tərifi verilmişdir. Həmin tərifə görə, mikroorqanizmin depozitləşdirilməsi - həmin sözlərin ifadə edildiyi kontekstə uyğun olaraq bu Müqavilə və Təlimata müvafiq həyata keçirilən aşağıdakı hərəkətləri bildirir: mikroorqanizmi alan və qəbul edən depozitləşdirmə üzrə beynəlxalq orqana mikroorqanizmin verilməsini və ya bu cür mikroorqanizmin beynəlxalq orqan tərəfindən saxlanmasını, yaxud da depozitləşdirmə üzrə göstərilən verilməni və ya saxlanılmanı bildirir.
- Digər beynəlxalq sənədlər:
a) "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında" Saziş: Bu saziş 2001-ci il iyunun 1-də Minsk şəhərində imzalanmışdır. Məqsədi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı səmərəli mübarizəsinin təmin edilməsi, hüquq-mühafizə və məhkəmə orqanlarının kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı üçün hüquqi əsaslar meydana gətirmək olan bu sazişə ölkəmiz 6 aprel 2004-cü il tarixli qanunla, lakin Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə qoşulmuşdur. Həmin qeyd-şərtdə "Azərbaycan Respublikasının milli qanunvericiliyi nəzərə alınmaqla" sazişə qoşulduğu bildirilir.
b) Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Saziş: 1998-ci il martın 6-da Moskva şəhərində imzalanmış bu sazişə ölkəmiz 4 dekabr 1998-ci il tarixli 564-IQ saylı Qanunla, lakin xüsusi rəylə qoşulmuşdur.
c) "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərar: Ölkəmizdə 2001-ci il sentyabrın 28-də Moskva şəhərində qəbul olunmuş "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərara 12 fevral 2002-ci il tarixli qanunla təsdiqlənmişdir. Həmin qərar, Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası Əqli Mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üzrə əməkdaşlıq barədə 1998-ci il 6 mart tarixli Sazişin həyata keçirilməsi, tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarətinin gücləndirilməsi məqsədilə qəbul edilmişdir.
d) "Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında" Saziş: Ölkəmiz Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış "Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında" 1999-cu il iyunun 4-də Minsk şəhərində imzalanmış Sazişə 24 mart 2000-ci il 844-IQ sayılı Qanunla qoşulmuşdur.
Əqli və sənaye mülkiyyəti hüquqları sahəsində Azərbaycan Respublikasının milli qanunları
Əqli və sənaye mülkiyyəti hüquqlarının mühafizəsini bir dövlət siyasəti halına gətirmiş respublikamız bu sahədə milli qanunvericiliyini, demək olar ki, formalaşdırmışdır. Həmin qanunvericilik aktları aşağıdakılardır.
1) Müəlliflik hüququ və əlaqəli hüquqlara dair qanunvericilik: Bu hüquqlar 5 iyun 1996-cı il tarixli 115-IQ saylı "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" AR Qanunu ilə tənzimlənmişdir. Həmin qanunun əsas məqsədi, Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir.
2) Seleksiya nailiyyətlərinə dair qanunvericilik: Seleksiya işi nəticəsində yaradılmış, cəmiyyət üçün faydalı bitki sortları, heyvan cinsləri, onların hibridləri, xətləri, krossları və klonları olan seleksiya nailiyyətləri 15 noyabr 1996-cı ildə qəbul edilmiş 197-IQ sayılı Qanun və "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin 17 yanvar 1997-cı il tarixli 538 Fərmanı və digər qanunvericilik aktları ilə tənzimlənmişdir.
3) İnteqral sxem topologiyalarına dair qanunvericilik: İnteqral sxem - altlığın səthində və (və ya) həcmində bir-birindən ayrılmaz şəkildə hazırlanmış elementlər və elementlərarası əlaqələrdən ibarət olan müəyyən elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulatı olduğu, qəbul edildiyi kimi, inteqral sxem topologiyaları isə, inteqral sxem elementlərinin və elementlərarası əlaqələr məcmusunun altlıqda əks olunmuş fəzavi-həndəsi yerləşdirilməsidir. Bu topologiyaların hüquqi qorunması isə, 31 may 2002-ci il tarixli 337- IIQ saylı Qanun, həmin qanunun tətbiq edilməsi barədə AR Prezidentinin 16 noyabr 2002-ci il tarixli 814 saylı Fərmanı digər qanunvericilik aktları ilə tənzimlənməkdədir.
4) Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanunvericilik: Bu sahədə qəbul edilmiş qanun 22 may 2012-ci il tarixli 365-IVQ sayılı "Əqlı mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" AR Qanunudur. Əqli mülkiyyət hüquqlarının müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə dair hüquqlar olduğunu tənzimləmiş həmin qanunun məqsədidir, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayılmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri nizamlamasıdır.
5) Patent haqqında qanunvericilik: Patentin ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən mühafizə sənədi olduğunu qəbul edən qanunverici orqan bu sahəni tənzimləmək üçün 25 iyul 1997-ci il tarixində 312-IQ saylı Patent haqqında AR Qanunu qəbul etmişdir. Həmin qanun məqsədi ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləməkdir. Bundan başqa, həmin qanunun tətbiq edilməsi barədə AR Prezidentinin 19 avqust 1998-ci il tarixli 755 saylı Fərmanı, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında AR Prezidentinin 19 noyabr 2008-ci il tarixli 53 saylı Sərəncamı sahəyə aiddir.
6) Əmtəə nişanları və coğrafi göstəricilərə dair qanunvericilik: Əmtəə nişanının sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşması (kombinasiyası) olduğunu, coğrafi göstəricinin isə əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini, əsasən, coğrafi mənşə ilə əlaqədar əks etdirən işarə olduğunu qəbul edən Qanunverici orqan bu sahəni 12 iyun 1998-ci il tarixli 504-IQ saylı "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" AR Qanunu, həmin qanunun tətbiq edilməsi barədə AR Prezidentinin 19 avqust 1998-ci il tarixli Fərmanı, Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları və həmin qaydaların təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli Qərarı, Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları və həmin qaydaların təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 15 sentyabr 2009-cu il tarixli 139 saylı Qərarı və digər qanunvericilik aktları ilə tənzimlənmişdir.
7) Kommersiya sirrinə dair qanunvericilik: Kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. "Nou-hau" isə, əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən, qanunvericiliyə, yaxud sahibinin mülahizələrinə əsasən, patentlə mühafizə olunmayan məlumatlardır. Hər iki məmulatın əqli və sənaye mülkiyyəti obyekti olduğu beynəlxalq konvensiyalar ilə tənzimləndiyi kimi, Kommersiya sirri haqqında 4 dekabr 2001-ci il tarixli 224-IIQ saylı AR Qanunu tənzimləmişdir. Bununla birlikdə, həmin qanunun tətbiqinə dair AR Prezidentinin 26 dekabr 2001-ci il tarixli 850 saylı Sərəncamı, Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə AR Prezidentinin 23 oktyabr 2003-cü il tarixli 954 saylı Fərmanı və digər normativ-hüquqi aktlar da bu hüquqi sahənin tənzimlənməsinə aid olunur.
8) Firma adı və müəssisə adına dair qanunvericilik: Paris Konvensiyasının tələblərinə görə firma adı və müəssisə adı da əqli və sənaye mülkiyyəti obyekti olub hüquqi mühafizə olunur. Doktrinada firma adının bir sahibkarı başqa bir sahibkardan fərqləndirən ad olduğu, müəssisə adının isə bir müəssisəni başqa bir müəssisədən fərqləndirən ad olduğu qəbul olunur. Ölkəmizdə firma adına və müəssisə adına dair xüsusi qanun mövcud olmasa da, bu sahə, qismən də olsa, AR Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında tənzimlənmişdir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru