PDF Oxu

Əsas

  • 2 417

"Bu gün müəllimlərin səviyyəsi uşaqların marağına cavab vermir" RƏY

image

"Azərbaycanın təhsil sistemində dəyişikliyə ehtiyac yoxdur. Çünki təhsil sistemimiz ənənədən başlayaraq müasir yenilikləri də üstünə gəlsək, zamanın tələbinə cavab verən səviyyədədir. Lakin yenilikləri həyata keçirmək üçün keyfiyyətli müəllim kadrları azlıq təşkil edir". Bu fikirləri təhsil eksperti Əjdər Ağayev deyib.

"Keyfiyyətli müəllim kadrı azlıq təşkil edir"

Onun sözlərinə görə, Azərbaycanda müəllim kadrı çox olsa da, keyfiyyətli kadr azlıq təşkil edir: "Kadr çatışmazlığı nəticə etibarilə IX-XI sinif şagirdlərinin buraxılış imtahanlarında "2" almasına gətirib çıxarır. Azərbaycan dili və riyaziyyat əsas fənn olduğu üçün burada olan aşağı göstəricilər daha çox diqqəti çəkir. Bu fənlər adına görə bir-birindən fərqli olsa da, hər ikisi təfəkkür tələb edən fəndir. Riyaziyyat dəqiqlik, hesablama tələb edirsə, Azərbaycan dili isə ciddi təfəkkür, qayda-qanun, qrammatika tələb edir. Bu dili savadlı şəkildə tətbiq etmək üçün onun riyazi əməliyyatlarını bilmək lazımdır. Görünür, şagirdlərin yüksək təfəkkür səviyyəsinə çatdırılması metodikası zəifdir. Bu, yalnız Azərbaycan dili müəllimlərinin deyil, əsas ibtidai sinif müəllimlərinin keyfiyyətcə azlığından irəli gəlir. Bu fənlərin özülü ibtidai sinifdə qoyulur. İbtidai sinif müəllimləri yuxarı siniflərdəkindən fərqli olaraq olduqca səbirli, bacarıqlı olmalı, metodikanı bilib, kiçik yaşlı uşaqlarla onun səviyyəsində danışmağı bacarmalı və onu yormamalıdır".

"Valideynlər ibtidai sinif müəllimlərinin evə çox tapşırıq verməsindən şikayətlənir"

Ekspert söyləyib ki, bir çox hallarda valideynlər ibtidai sinif müəllimlərinin evə çox tapşırıq verməsindən şikayətlənir: "Belə hala yol vermək olmaz. Müəllim evə bir tapşırıq verməli, digərlərini sinifdə öyrətməlidir. Çox təəssüf ki, bəzi ibtidai sinif müəllimləri şagirdə daha çox tapşırıq verməklə, onları öyrətdiklərini düşünürlər. Belə hallara görə valideynlər uşaqlarını əlavə müəllim yanına göndərmək məcburiyyətində qalırlar. Əgər məktəb lazımi funksiyanı yerinə yetirsə, o zaman əlavə müəllim yanına getməyə ehtiyac olarmı? Öyrətmək azdan çoxa, sadədən mürəkkəbə doğru getməlidir. Bu metodikanı bizim ibtidai sinif müəllimlərinin xeyli qismi bilmir. Təbii ki aralarında yaxşıları da var. Lakin imtahan nəticələrinə baxdıqda, görünür ki, müəllimlərin əksəriyyəti şagirdləri Azərbaycan və dili riyaziyyatdan standartlara uyğun şəkildə hazırlaya bilmir".

"Bir çox müəllimlər uşaqlara adi qrammatik qaydaları öyrədə bilmirlər"

Ə. Ağayev onu da bildirib ki, aşağı sinifdə zəif olan şagirdin bilik səviyyəsini V sinifdən sonra yuxarı qaldırmaq olduqca çətin olur: "Şifahi nitqi zəif olanları düzəltmək olsa da, yazı savadı aşağı olanları düzəltmək mümkün olmur. Beləliklə, bu savadsızlıq IX-XI siniflərə gəlib çıxır ki, nəticədə, şagirdlərin imtahanda bilik səviyyəsinin nə qədər aşağı olduğu üzə çıxmış olur. Bəzən bu savadsızlıq ali məktəbə qədər gəlib çıxır. Ali məktəbdə ibtidai sinif müəlliməsi üzrə təhsil alanların 90 faizinin xəttini oxumaq mümkün deyil. Bu problemləri aradan qaldırmaq üçün məktəblərdə çalışan ibtidai sinif müəllimlərinin metodik səviyyəsini qaldırmaq, onlardan şagirdlərlə işləmək qaydalarını tələb etmək lazımdır. Bunun üçün metodik mərkəzləri fəaliyyət göstərməli, məktəblərdə idarəçiliyin səviyyəsi qalxmalıdır. Bu problemlər yalnız müəllimin deyil, onu idarə edənin məsuliyyətsizliyindən, "gör məni görüm səni" prinsipi ilə işləməsindən irəli gəlir. Bu çox acınacaqlı vəziyyətdir. Bu gün uşaqlarda təhsil almaq marağı çoxdur. Sadəcə, müəllimin səviyyəsi uşaq marağına cavab verməlidir. Çox təəssüf ki, bir çox müəllimlər uşaqlara adi qrammatik qaydaları öyrədə bilmirlər. Belə müəllimlər müəyyən edilməli, aradan çıxarılmalı və ya təkmilləşdirilməlidirlər".

"Məktəblərdə qayda-qanun güclü olmalıdır"

Təhsil eksperti qeyd edib ki, sözügedən problemləri hansısa kurslar vasitəsilə aradan qaldırmaq qeyri-mümkündür: "Məktəblərdə qayda-qanun o qədər güclü olmalıdır ki, orada təlim-tərbiyədə, idarəetmədə boşluq olmasın. Məktəblər təkcə hərf öyrətmək üçün deyil, ümumtəhsil müəssisələrində dərnəklər, fakültativlər yoxdur, kitabxanalardan istifadə edilmir, tədbirlər keçirilmir. Bu baxımdan, Təhsil Nazirliyindən başlayaraq, rayon təhsil şöbələri tərəfindən məktəblərlə məsuliyyətə cəlb etmək səviyyəsində işlər aparmalı, metodik kurslar təşkil edilməlidir. Belə olduqda, bu problemlər tədricən aradan qalxar".

Nailə Məhərrəmova

Digər xəbərlər