Əsas

  • 3 468

IV İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik məsələləri yüksək səviyyədə təşkil edilib

image

Mehriban xanım Əliyeva: "Ölkəmiz və paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarının qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır"

Məlum olduğu kimi, Azərbaycanda may ayı ərzində IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Artıq oyunlara hazırlıqla bağlı texniki vasitələrdən tutmuş xidmət komponentlərinədək bütün məsələlər öz həllini tapıb. Əlbəttə ki, bu cür qlobal miqyaslı oyunların keçirilməsində xüsusi önəm kəsb edən məsələlərdən biri də təhlükəsizliyin təminatıdır.

Oyunlar ərəfəsində asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə, 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlarımızdır.

Bu ilin mart və aprel aylarında qüvvə və vasitələrin oyunların keçiriləcəyi obyektlərdə perimetr boyu, eləcə də, sektorlar üzrə yerləşəcəyi nöqtələr konkretləşdirilib. Nəzarət-buraxılış məntəqələri, xüsusi təyinatlı və mühəndis-istehkam qruplarının xidmət aparacağı bütün yerlər yoxlanılıb, şəxsi heyətə vəzifələri izah edilib və köməkçi qərargahların təlim-məşqləri keçirilib. Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara əsasən, nəzarət-buraxılış yerlərində 154 ədəd "X-RAY" və 286 ədəd stasionar metal detektordan istifadə edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, xüsusi yoxlama avadanlıqlarında xidmət aparacaq 1800 əməkdaş praktiki məşğələlərə cəlb edilib.

Yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər də diqqət mərkəzindədir. Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.

Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə, 1918 nəfər içərisindən 158 sürücü seçimdən kənarlaşdırılıb, habelə, namizədliyi təsdiqlənmiş sürücülər üçün bu ilin mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib.

Oyunların keçirildiyi dövrdə ingilis dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən çox əməkdaşının müvafiq biliklərini artırılması istiqamətində əlavə tədbirlər də görülüb. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən, etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib.

Bütün bunlarla yanaşı, respublikada kriminogen durumun tam nəzarətdə saxlanılması və profilaktik işin gücləndirilməsi üzrə kompleks tədbirlər də davam etdirilir. Bu gün Azərbaycan və onun paytaxtı Bakı şəhəri, əvvəlki illərdə olduğu kimi, dünyanın ən təhlükəsiz yerlərindən biridir. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə qorunduğu ölkəmizdə mühüm vəzifələrdən biri preventiv tədbirlərin davamlılığının təmin edilməsidir.

Su, hava və dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı Metropolitenində, neft kəmərlərində, kommunikasiya vasitələrində və digər strateji obyektlərdə təhlükəsizlik tədbirləri və diplomatik nümayəndəliklərin mühafizəsi digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birgə, yəni əlaqəli şəkildə təşkil olunur. Profilaktik qeydiyyatda olan, cinayət və hüquqpozmalara meyilli şəxslər ciddi nəzarətdə saxlanılacaq.

Oyunların Akkreditasiya Mərkəzi cari ilin aprel ayının 7-dən mühafizəyə götürülüb. Aprel ayının 30-dan isə ardıcıllıqla - yarış, qeyri-yarış və məşq yerlərini əhatə edən 30 obyekt mühafizəyə qəbul ediləcək və hər birində sutkalıq xidmət təşkil olunacaq. Xüsusi Dövlət Mühafizə Xidməti Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də, bu Oyunların Təşkilat Komitəsinin Təhlükəsizlik Departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçirir. Həmçinin, on idman obyektində daxildə və perimetr boyunca videomüşahidə sistemləri quraşdırılıb. Beş obyektdə isə belə sistemlərin quraşdırılması nəzərdə tutulur. Tədbirlərə cəlb olunmuş çoxsaylı personal - bu idman obyektlərində çalışacaq işçilər ətrafında yoxlama tədbirləri də həyata keçirilib. Bu insanları Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti yoxlayıb. Bir çox işçilər barəsində nüfuzdan salan məlumatlar əldə olunduğuna görə, tədbirlərdən kənarlaşdırılıb.

Oyunların keçirilməsi ilə bağlı Azərbaycana gələn çoxsaylı qonaqlara qarşı Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verə biləcək hər hansı təxribat hallarının qarşısının alınması məqsədilə "AZAL"ın Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə profilaktik tədbirlər hazırlanaraq, həyata keçirilir.

Bakı Olimpiya Stadionunda oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar "Silk Way Helicopter" şirkəti və Təşkilat Komitəsinin Mərasimlər Departamenti ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət-Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən, 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından - "X-RAY" və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib. Ümumiyyətlə, xidmətimizin texniki mütəxəssisləri tərəfindən mühafizə tədbirlərinə cəlb olunacaq hüquq mühafizə orqanlarının 1500 nəfərlik şəxsi heyəti ilə xüsusi təlim toplanışları və məşqlər keçirilib. İdman obyektlərində və qeyri-idman obyektlərində quraşdırılmış "X-RAY" və metalaxtaranlarda işləmək üçün Daxili İşlər Nazirliyinin və digər qurumların əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində təlimlər təşkil olunub.

Bir sözlə, göründüyü kimi, bu möhtəşəm beynəlxalq tədbirlə bağlı təhlüksizlik tədbirləri hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən tam yerinə yetiriləcək, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunacaq. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında söylədiyi kimi ölkəmiz və paytaxtımız IV İslam Həmrəyliyi Oyunlarının qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Təşkilat Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük iş görülüb: "Biz "dünya" standartlarına uyğun" gəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq".

"Biz çalışırıq ki, hər bir tədbiri hərtərəfli hazırlayaq. Bu sahədə bizim artıq böyük təcrübəmiz var", - deyən Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd edib ki, ölkəmizdə bir çox sahələri əhatə edən beynəlxalq tədbirlər keçirilir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün bir çox müraciətlər var. Yəni artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda-Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər, doğrudan da, bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək. Bu, ilk növbədə, Azərbaycan dövlətinin potensialının və Azərbaycan xalqının qabiliyyətinin göstəricisidir.

"SƏS" Analitik Qrupu

Digər xəbərlər