Əsas

  • 13 612

Tariximizin 33 illik “Səs”i

image

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 33 yaşı tamam olur. Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ay əvvəl fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yolu necə xarakterizə etmək olar? Keçən 33 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Yazımızda bu məsələlərə aydınlıq gətirməyə çalışacağıq.

"Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü. Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Mətbuata güclü senzura var idi. Belə bir çətin dövrdə müstəqil qəzetin fəaliyyətə başlaması çox çətin bir iş idi. Bu iş böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər.

Beləliklə, “Səs” ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdi, 1991-ci yanvarın 11-də dərc olunmağa başladı. Qəzetin ilk redaksiyası Elmlər Akademiyanın Riyaziyyat İnstitutunun 6-cı mərtəbəsində yerləşirdi.

Fəaliyyətə başladığı ilk gündən qəzet konkret ideologiyaya əsaslanırdı. Həmin vaxt sırf siyasi-ideloji qəzet kimi fəaliyyətə başlamağın çətinlikləri isə daha çox idi. Həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı.

Qəzet həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər. O dövrdə ulu öndərə rəğbətin ifadə edilməsi olduqca təhlükəli idi. Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq missiyasını öz üzərinə götürdülər.

Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunan qəzet oxucuların rəğbətini qazanıb. 1992-ci ildən etibarən qəzetin tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. O dövrün ictimai-siyasi hadisələri fonunda qəzetə tələbat daha da artıb və tiraj sayı hətta 35 mini də keçib. Bu, kifayət qədər böyük rəqəmdir və eyni zamanda, xalqın marağını əks etdirirdi.

1992-ci ildən başlayaraq, "Səs" qəzeti hakim Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında baza rolunu oynayıb, partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. 1994-cü ildən başlayaraq 16 səhifə həcmində çap olunmaqla yanaşı, qəzet 1998-ci ildən etibarən gündəlik işıq üzü görməyə başlayıb.

Qəzetin 1991-93-cü illər saylarında ulu öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edirdi. Qəzet ulu öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı.

Qəzet fəaliyyətə başladığı dövrdə dövlətçilik uğrunda çox böyük, hətta orada çalışan jurnalistlərin həyatına təhlükə yarada biləcək qədər işlər gördü. Xüsusilə, AXC-Müsavat hakimiyyəti illərində bu qəzetə qarşı davamlı basqılar, hücumlar baş qaldırır, burada çalışan qəzet heyətinə təhdidlər yağdırılırdı. Hətta bir neçə dəfə qəzetin redaksiyasına silahlı hücumlar, sui-qəsdlər təşkil olunmuş, jurnalistlərə xəsarətlər yetirilmişdi. Ancaq bütün bunlara baxmayaraq, nəşr öz fəaliyyətini qətiyyətlə davam etdirdi, heç bir təhdiddən, hücumlardan çəkinmədiyini sübuta yetirdi.

Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu öndərimiz əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bu cavab da məhz "Səs" qəzetində dərc olundu.

Ulu öndər hakimiyyətə gəldikdən sonra "Səs" qəzeti həm ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə ulu öndər YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi:

"Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

“Səs” bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir, YAP-ın bütün seçki və siyasi kampaniyalarında fəallıq göstərir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin artan oxucu auditoriyasını bir qədər də genişləndirir.

“Səs” qəzeti haqda danışarkən bu qəzetin yaranmasında və yaşamasında böyük zəhməti olan fədakar insanların adını çəkməmək doğru olmazdı. Qəzetimizin ilk baş redaktoru şair Eldar Baxış, baş red. müavini yazıçı Səfər Alışarlı olub.

1992-ci ilin martından baş redaktoru Teymur Çələbi, baş redaktor müavini Böyükkişi Heydərli olub. Həmin ilin iyulundan baş redaktoru Ağabəy Əsgərov, baş redaktor müavini Səyyad Aran, Valeh Məhərrəmli olub.

2005-ci ildən indiyədək baş redaktoru Bəhruz Quliyev, baş redaktor müavini isə Fətulla Həsenovdur.

1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunurdu. Ziya Bünyadov, Fərəməz Maqsudov, Kərim Kərimov, Əli Əhmədov, Siyavuş Novruzov, Əli Nağıyev, Murtuz Ələsgərov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza, Səyyad Aran və başqaları bu qəzetdə məqalələrlə çıxış edirdilər.

Hazırda qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzet dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir.

Hazırda qəzet gündəlik 4000 tirajla nəşr olunur. Qəzetin internet saytı (sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlıların da qəzeti oxuması imkanı var.

Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. 2020-ci ildən etibarən, qəzet Azərbaycanın müasir mətbuatında bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə olaraq video-qəzet formatında nəşrə başladı və qəzet üzərindən kuarkod (QR) vasitəsi ilə müxtəlif xəbərləri video-görüntü vasitəsi ilə izləmək mümkündür.

2008-ci ildə qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyi (sia.az) qısa zamanda öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursa çevrilib. 3 dildə xəbər hazırlayıb yayan agentlik ölkənin ən nüfuzlu xəbər mərkəzlərindən biridir.

2011-ci ildə qəzetin bazasında yaradılmış “Səs” internet televiziyası da (sestv.az) özünün böyük tamaşaçı auditoriyasına malikdir. SəsTv-nin efirində gündəlik olaraq canlı yayımlanan verilişlər, süjetlər maraqla qarşılanır.

Beləliklə, “Səs” qəzeti “Səs” Media Qrupuna çevrilib. Yaxın vaxtda media qrupun radiosunun da yaradılacağı gözlənilir.

“Səs” Media Qrupunun redaksiya heyəti 50 nəfərə yaxındır. Ölkənin bütün bölgələrində və bir sıra xarici ölkələrdə müxbir postları var.

Müstəqil Azərbaycanın ilk qəzetlərindən biri olan “Səs” qəzeti ölkə mətbuatında özünün xüsusi yeri ilə seçilir. Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün mütamadi olaraq media layihələr həyata keçirir. Əlamətdar tarixi günlərdə qəzetin xüsusi buraxılışları, multimedia diskləri və digər əlavələri buraxılır.

Prezident İlham Əliyev ölkə mətbuatı tarixində ilk olaraq, məhz müstəqil media orqanına xüsusi təbrik ünvanlayıb, qəzetimizin qocaman işçilərini müxtəlif fəxri adlara layiq görüb və mükafatlandırıb.

Başda baş redaktor Bəhruz Quliyev olmaqla bütün redaksiya heyətimiz öz oxucularına göstərdikləri diqqətə görə təşəkkür edir, onlara ən xoş arzularımızı çatdırırıq. “Səs” qəzeti həmişə dövlətimi maraqları və xalqımızın mənafeləri uğrunda mübarizəsinə davam edəcək. “Səs” sizin səsinizdir. 33 yaşımız mübarək.

Digər xəbərlər