PDF Oxu

MİA

  • 10 772

Uşaqların asudə vaxtını səmərəli etməyin pulsuz yolu – TƏKLİF

image

Yeniyetmələri, gəncləri son illərdə tüğyan edən narkomaniya bəlasından və kriminal meyillərdən uzaq tutmaq üçün onları faydalı işlərə- idman və təhsil kurslarına, ixtiraçılıq və yaradıcılıq dərnəklərinə cəlb etməliyik

Əziz valideynlər, uşaqlarınızı pulsuz olaraq inkişaf, təhsil, bacarıq, idman kurslarına göndərə bilirsiniz? Yəqin ki, əksəriyyətiniz deyəcək ki, xeyr. Bəlkə də bu cür pulsuz kursların mövcudluğundan bəzilərinizin xəbəri, məlumatı yoxdur. Ümumiyyətlə, ölkəmizdə uşaqların təhsillə, müxtəlif özünüinkişaf sahələri ilə məşğul ola biləcəyi yerlərin olması barədə məlumat çox azdır. Ona görə də gənclərin və yeniyetmələrin asudə vaxtının səmərəli keçirməsi, ödənişsiz repetitor köməyindən yararlanması üçün hər ay valideynlər büdcəsindən ciddi bir məbləğ xərcləməli olur. Bu imkana sahib olmayan valideynlər var az deyil ki, övladı məktəbdən başqa heç bir yerdə müəllim köməyindən istifadə edə bilmir.

Tibb bir çoxumuza “xəstələnmisən” deyir

Əslində, bir çoxumuz övladımızın texnologiya əsrində texnoloji alətlərin əsirinə çevrilməsindən narahatıq. İndi tibb bu asılılığın xəstəlik olduğunu da təsdiqləyir. Müasir tibb internetdə keçirilən vaxta nəzarət etmədikdə və bu səbəbdən yaranan patoloji pozğunluqlara səbəb olan asılılığa texnologiya asılılığı xəstəliyi deyir. Texnologiya hər yaşda olan insanlar üçün çox cəlbedici, maraqlı bir sahədir və bir çox faydaları var. Ancaq texnoloji alətlərdən həddindən artıq istifadə uşaqlarda texnologiya asılılığına səbəb ola bilər ki, bunun da ən acı nəticələrinin şahidi oluruq.

Boş zamanı çox olan uşaqlar üçün yeganə məşğuliyyət növü texnoloji alətlərdir. Buna görə onların asudə zamanını faydalı keçirməklərinə şərait yaratmaq vacibdir. Bu halda iki seçimimiz var– ya ödənişli əsaslarla fəaliyyət göstərən kurslar, ya da məhdud saydakı dövlət hesabına olan yaradıcılıq evləri. Təbii ki, ödənişsiz əsaslarla fəaliyyət göstərən kurslara tələbat çoxdur, lakin saylarının az olması bu tələbatı qarşılamır.

Dövlət imkan yaradıb, amma…

Əslində, ölkəmizdə sayı məhdud olsa da, belə kurslar var. Gənclər mərkəzləri, uşaqlar və gənclər üçün yaradıcılıq birlikləri var. Respublikamızın ayrı-ayrı yerlərində fəaliyyət göstərən Gənclər Evləri var. Bir çox rayonda yaradılan, bütün lazımı imkanlara malik olan Gənclər Evləri barədə təəssüf ki, qənaətbəxş nəsə yazmaq olmur, çünki gənclər bu evlərin fəaliyyətinin məhdudluğundan şikayətlənir.

Qeyd edim ki, paytaxtda və regionlarda ümumilikdə 40-dan artıq Gənclər Evi fəaliyyət göstərir. Gənclərin asudə vaxtlarını səmərəli keçirməyə xidmət üçün nəzərdə tutulan bu evlərin çoxu ya tam fəaliyyətsizdir, ya da məhdud fəaliyyət göstərir. Xüsusilə də, bölgələrdəki Gənclər evlərinin qapısının bağlı saxlanması halları var. Bu “var”la “yox” arası kimi bir şeydir. Bina var, bütün imkanları var, lazımı avadanlıqlarla təmin edilib, lakin fəaliyyətsizlik hökm sürür.

Yaxşı ki, GRBYE var, amma…

Sovet dövründə məktəbdənkənar məşğuliyyət üçün Texniki Yaradıcılıq Mərkəzləri, Pionerlər Evi, yaradıcılıq dərnəkləri, musiqi, teatr kursları, idman, rəsm, şahmat məşğələləri var idi ki, bunlar hamısı pulsuz idi. İndi onlardan çox cüzi bir hissə qalıb ki, onlar da Gənclərin Respublika Bədii Yaradıcılıq Evlərində birləşir.

Bu Yaradıcılıq evlərinin fəaliyyət istiqaməti məktəblilərin inkişafı və məşğuliyyətini təmin etməkdir. Bədii Yaradıcılıq Evlərinin fəaliyyətini bu sahədə olduqca qənaətbəxş hesab etmək olar, lakin belə mərkəzlərin sayı azdır və bu da yaşayış zonasından asılı olaraq əksər vətəndaşlar üçün əlçatan deyil. Yaşadığınız ərazidə BYE olması sizin lehinizədir, çünki övladınız hər gün bu yaradıcılıq evlərində öz maraqlarına uyğun məşğələlər tapmaq olar. Bu mərkəzlərdə məşğələlər tamamilə dövlət hesabına həyata keçirilir. BYE-də uşaq və gənclərin repetitor köməyindən istifadəsinə şərait yaradılır, habelə uşaqların mənəvi istirahəti və inkişafı üçün kurslar təşkil edilir.

Bu yaradıcılıq evlərində uşaqlara əyləncəli fizika, ingilis və rus dillərində bədii qiraət, aplikasiya və dekorativ rəsm, biçmə və tikmə, intellekt riyaziyyat, nağıl və debat, informatika, musiqi, rəsm kimi qruplarda səmərəli vaxt keçirmək təklif olunur. Yaradıcılıq evlərinin xüsusilə fizika, riyaziyyat, rus dili qruplarında uşaq sayı çox olur. Müəllimlər həm uşaqların ev tapşırıqlarına kömək edir, həm də əlavə məşğələ keçirlər.

İdman sağlamlıqdır, amma pul yoxdur

Təklif edərdik ki, uşaqların və gənclərin həm də fiziki inkişafı üçün şərait daha da genişləndirilsin. İdman, üzgüçülüklə və s. bağlı dövlətimiz həm fiziki, həm də mənəvi dəstəyi daha da artırsın. Xüsusilə, uşaqların fiziki sağlamlıqlarının inkişafı ilə məşğul olan mərkəzlər daha da əlçatan olsun.

Əksəriyyət təsdiqləyər, övladımızı üzgüçülüyə göndərmək istəyirik, hovuzların qiymətinə baxdıqda fikrimizdən daşınırıq, müxtəlif idman növləri və yaxud gimnastika ilə məşğul olsun istəyirik, idman zallarındakı qiymətləri eşidib imtina edirik. Uşaqların həftədə 2 dəfə 1 saat üzə biləcəyi orta standart hovuzlara giriş üçün ayda 80-100 manat civarında pul tələb edilir. Digər idman növləri üçün aylıq ödəniş minimum 50 manatdan başlayır. Bu, təbii ki, hər ailə üçün əlçatan deyil. Xüsusən də, bir ailədə bir neçə uşağın mövcudluğunu nəzərə alanda. Belə halda, yaxşı olardı ki, uşaqların sağlamlığına xidmət edən mərkəzlər yaradılsın, fəaliyyəti genişləndirilsin, idman növləri, üzgüçülük təlimləri də keçirilsin. Ümumiyyətlə, gələcək nəsillərin sağlamlığı naminə idman növləri ilə bağlı dövlət hesabına imkanlar yaradılması bütün uşaqların və valideynlərin ehtiyacı olan yenilik olardı.

Yeniyetmələri, gəncləri son illərdə tüğyan edən narkomaniya bəlasından uzaq tutmaq üçün onları faydalı işlərə- idman və təhsil kurslarına, ixtiraçılıq və yaradıcılıq dərnəklərinə cəlb etməliyik. Azərbaycan dövlətinin bunu təmin etmək üçün bütün imkanları var. Unutmayaq- sağlam gənclər sağlam cəmiyyəti, sağlam cəmiyyət isə güclü dövləti formalaşdırır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər