MİA

  • 10 315

Aleksey Fenenko: Ermənistanla Qərb Azərbaycana və Rusiyaya qarşı hiyləgər oyuna başlayıb - MÜSAHİBƏ

image

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində regionda cərəyan edən hadisələr və Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı fikirlərini bildirib. Ekspert İrəvanın Azərbaycan və Rusiyaya qarşı necə hiyləgər oyun apardığını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistanın baş naziri martın 5-də Qarabağın erməni silahlı birləşmələrinin qaçaqmalçılıq yolu ilə Laçın yolunun dolama yoluna silah keçirməyə cəhd etməsi hadisəsini Azərbaycanın terror aktı kimi təqdim etməyə çalışır. O, bu sözləri hökumətin iclasında səsləndirib.

- Martın 5-də baş vermiş və ondan sonra Azərbaycan tərəfinin qeydə aldığı kimi Ermənistan tərəfinin istər Laçın yolu ilə, istərsə də ondan yan keçməklə qanunsuz silah daşıması faktları ortadadır.

Fikrimcə, martın 5-də ermənilər tərəfindən konkret olaraq Qərb dövlətlərinin Azərbaycanı “təcavüz”də ittiham etməsi üçün təxribat törədilib. Bu ittihamları biz, məsələn, Paris istiqamətindən görürük.

Ermənistanın baş naziri 9-10 noyabr 2020-ci il tarixlərində Rusiya və Azərbaycan liderləri ilə birgə imzaladığı üçtərəfli bəyanatı pozmaq üçün “layihə”ni həyata keçirməkdə davam edir. Və o, hər şeyielə qələmə verir ki, sanki pozulmanın günahkarı İrəvan deyil, Bakıdır. Və bunun fonunda ənənəvi olaraq deyirlər ki, görürsən, biz bacardığımızı etməyə çalışdıq, kompromislər etdik, amma Azərbaycan tərəfi sülh prosesini pozur. Məlum olduğu kimi, Qərb Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatın icrasını pozmaq üçün bu “layihə”ni oynayır.

Görün, o vaxt baş verən gərginlikdən sonra Qərb ötən ilin payızında Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasını Ermənistana necə sürətlə (prinsipcə gözlənilən idi) göndərdi. Aİ yanvarın sonunda Ermənistana yeni uzunmüddətli genişləndirilmiş missiya göndərmək və onu artıq, nə az, nə çox, şərti Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca yerləşdirmək qərarına gəldi.

Hiss olunur ki, Aİ və Ermənistan bu planı həyata keçirməyə çoxdan hazırdır.

Artıq görürük ki, son günlər 5 mart hadisəsindən sonra Azərbaycanın Müdafiə Nazirliyi həm Ermənistan Silahlı Qüvvələri, həm də erməni separatçı birləşmələri tərəfindən öz mövqelərinin atəşə tutulmasını mütəmadi olaraq qeydə alır. Bu gün də analoji atışmalardan sonra Azərbaycan MN birbaşa bəyan edib ki, Ermənistan-Azərbaycan sərhədində yerləşən Aİ missiyasının buna reaksiya verməsi üçün Ermənistan tərəfi qəsdən Azərbaycana qarşı bu şəkildə təxribat edir. Yəni o, qəsdən vəziyyəti elə gərginləşdirir ki, Avropa İttifaqı, faktiki olaraq NATO müşahidəçiləri Azərbaycanın “təcavüzünü” qeydə alsınlar.

Paşinyan Rusiya ilə oyun oynayır. Və yenə də göstərməyə çalışır: əgər bizi dəstəkləmirsinizsə, sizi əvəz edəcək dostlarımız var- Fransa və ABŞ isə regionda bunu təşkil edəcək. Rusiyanın Ukrayna məsələsinə qərq olması fonunda Qərbin Rusiya Federasiyasına qarşı “ikinci cəbhə” açmaq istəməyən Gürcüstanda vəziyyəti necə qızışdırmağa çalışdığını görürük. Və “kollektiv Qərb” “ikinci cəbhə”nin açılmasından böyük fayda görəcək.

Amerikalılar və fransızlar Cənubi Qafqazda odun üstünə yağ tökmək istəyirlər və bölgənin müxtəlif yerlərində, o cümlədən Qarabağda işləyirlər. Həmçinin də Ermənistanda. Azərbaycanla “işləmək” cəhdləri var.

Görürük ki, son aylar İrəvanda, Rusiyanın Gümrüdəki hərbi bazasının yaxınlığında etiraz aksiyaları Ermənistanda millətçilər arasında populyarlaşıb. Bütün bunlar Aİ bayraqları, qərbyönlü və anti-Rusiya ritorikası ilə zəngindir. Qışqırıqlar məşhurdur: "Bu rus bazası bizə niyə lazımdır?!" Yaxşı, o zaman bazasız yaşamağa çalışın, görək bundan sənin ölkənin təhlükəsizliyi artacaqmı.

Məncə, bütün bunların sonu çox pis olacaq. Qarabağın ermənilər yaşayan hissəsi də itiriləcək. Bundan sonra İrəvandan yenə qışqırıqlar eşidiləcək ki, Rusiya bizə xəyanət edib.

- Paşinyanın son bəyanatı ilə paralel olaraq, Azərbaycan Prezidenti Qlobal Bakı Forumu zamanı Ermənistanla sülh müqaviləsinin imzalanmasına heç bir maneə görmədiyini bildirib. Onun sözlərinə görə, ötənilki Praqa bəyanatı nizamlanmanın bütün parametrlərini təsbit edib. Bundan başqa, o, bir daha əmin edib ki, Qarabağ erməniləri bir Azərbaycan vətəndaşı olaraq Azərbaycan torpaqları işğal olunanda yaşadıqlarından da yaxşı yaşayacaqlar.

- Azərbaycanın mövqeyi çox balanslı və diplomatik baxımdan düzgündür. Azərbaycan prezidenti müntəzəm və tam şəffaf şəkildə bildirir ki, Bakı etnik ermənilərin hüquqlarına zəmanət verməyə hazırdır.

Amma İrəvan bütün bunları təhrif edir və hamını qorxudur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasa, o zaman Qarabağda erməni əhalisinin “soyqırımı” başlayacaq. Bakı isə erməni tərəfinə zəmanət verir.

Əgər Ermənistan sazişi imzalamaqdan imtina edərsə, deməli, sülh prosesinin pozulmasında günahkar İrəvandır. Bu şərh Ermənistan hakimiyyətinə uyğun gəlmir, ona görə də Azərbaycanı ittiham etmək üçün istifadə edə biləcəkləri səbəblər axtarırlar. Ermənistan tərəfinin Qarabağa hərbi yüklərin daşınması, atəşə tutulması (Azərbaycanın bütün bu təxribatlara cavab verməli olduğu başa düşülür) kimi “alətlərdən” İrəvan getdikcə daha çox istifadə edəcək.

Qərb hələlik Ermənistanın tərəfində oynayacaq. Amma İrəvan birdən-birə Azərbaycanla potensial irimiqyaslı hərbi münaqişəyə qarışsa (Paşinyanı və onun arxasında duranları tanıyaraq heç nəyi istisna etmək olmaz), onda Qərb dərhal Ermənistandan üz döndərəcək və deyəcəklər ki, biz buna güc yolu ilə müdaxilə etmək niyyətində deyilik, bizdə indi Ukrayna problemi var, biz onun üzərində işləyirik, arsenallarımızı viran qoymuşuq, ona görə də özünüzlə döyüşün.

Bu arada Aİ missiyası Azərbaycan tərəfindən iddia edilən pozuntuları qeydə alacaq. O, İrəvanla birgə oynayacaq.

Mən də hesab edirəm ki, İrəvan indi erməni tərəfinin hiyləsi ilə Qarabağla bağlı bəndin (bu, Qarabağın Ermənistan tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınmasını nəzərdə tutur) sülh müqaviləsinə daxil edilməməsi ilə bağlı Azərbaycan şərtləri ilə razılaşdığını bəyan edib. Ermənistan indi Qərbin təlqin etdiyi istənilən addıma hazırdır. Amma burada əsas son məqsəd Rusiyanı çərçivəyə salmaqdır. “Rusiyasız sizə istədiyinizi verməyə hazırıq, rusları çıxarın”– Qərbin Cənubi Qafqazdakı oyununun mahiyyəti bundan ibarətdir.

Amma Rusiyanın da Əliyevin mövqeyi ilə razılaşdığı aydındır. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri dəfələrlə qeyd edib ki, Əliyev və Paşinyanın qəbul etdiyi Praqa bəyanatında Alma-Ata Bəyannaməsinə istinad İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını nəzərdə tutur.

- Paşinyan dedi ki, guya Azərbaycan özü Bakı ilə Qarabağın erməni icması arasında danışıqlar mexanizmini pozmağa çalışır. Amma eyni zamanda, Azərbaycan rəsmi olaraq məhz bu icma ilə danışıqlara başlayıb.

- Paşinyan deyir ki, Azərbaycan danışıqlar mexanizmini pozmaq istəyir. Və daha nə deyə bilər- sadəcə olaraq belə təxribatlara gedir. Onun üçün qalan yeganə şey budur.

Azərbaycan isə tamamilə düzgün taktikaya əməl edir. O, Qarabağ erməniləri ilə birbaşa danışa biləcəyini, onlarla münasibət qura biləcəyini göstərməyə hazırdır. Beləliklə, rəsmi Bakı rəsmi İrəvanın bəyan etdiyi hər şeyi təkzib edir. İrəvan daxili qisasçıların, “Qarabağ klanı”nın Ermənistan hakimiyyətinə Qarabağ məsələsini həll etməyə imkan vermədiyini göstərmək istəsə belə, Azərbaycan nümayiş etdirir ki, Bakı ilə bu əlaqələri Qarabağ erməniləri özləri edir. Problemin həll oluna biləcəyini göstərir. Ermənipərəst qüvvələrin ermənilərlə azərbaycanlıların anlaşa bilməyəcəyi haqda iddiası axmaqlıq və manipulyasiyadır. Qarabağ ermənilərinin çoxu artıq qisas almaq istəmir

Ermənistanın baş nazirinin özünün dediyi rəsmi Bakı ilə Qarabağın erməni icması arasında aparılan danışıqların “mexanizmini” beynəlxalq nəzarət altına almaq cəhdləri baş verənlərə görə məsuliyyətdən azad olmaq istəyidir. Və Qarabağdakı vəziyyəti yenə də öz xeyrinə oynatmaq cəhdidir.

Eyni şey Qarabağa və Rusiyanın sülhməramlı missiyasının yerləşdiyi Laçın yoluna beynəlxalq missiya təqdim etmək cəhdlərinə də aiddir. Paşinyan təbii ki, Qarabağda NATO qüvvələrinin olmasından faydalanır. Qərb indi vəziyyəti elə gətirəcək ki, Ermənistanın baş naziri özü Rusiyanın sülhməramlı missiyasının Qarabağdan çıxarılmasını tələb etsin. Rusiya missiyasının öhdəsindən gəlmədiyi barədə son ayların bütün bu bəyanatları buna hesablanıb.

- ABŞ və Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə yeni görüşünün hazırlanması üzrə işlərini fəal şəkildə elan edirlər.

- Cənubi Qafqazda Qərb elə bir qarşılıqlı fəaliyyət formatı yaratmağa çalışır ki, orada Rusiya olmasın. Üç həmsədrdən- Rusiya, ABŞ, Fransadan ibarət olan ATƏT-in Minsk Qrupu ölüb. Ona görə o, öldü ki, ABŞ və Fransaya orada Rusiyanın iştirakı sərfəli deyil. Onlar Zaqafqaziyada öz siyasətlərini qururlar.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər