Rusiyalı ekspert: İrəvanda keçirilən Avropa çempionatında təxribat və saxlanılan azərbaycanlı hərbçinin vəhşicəsinə döyülməsi eyni zəncirin halqalarıdır
Politoloq, PolitRUS portalının rəhbəri Vitali Arkov Ermənistan tərəfinin Azərbaycana qarşı törətdiyi qalmaqallı təxribatçı situasiyalar silsiləsini “Moskva-Baku” portalına şərh edib. Politoloqun fikirlərini oxucularımıza təqdim edirik.
- Vitali Aleksandroviç, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının müəyyən barışıq aksiyasına çevrilə biləcəyi barədə fikir varmı? Amma bu, deyəsən, olmadı...
- Dünya diplomatiyası tarixində idman tədbirlərinin əvvəllər müharibə aparan tərəflər arasında yaxınlaşma vəsiqəsinə çevrildiyinə dair çoxlu nümunələr var. Belə nümunələrdən biri də illər əvvəl Türkiyə ilə Ermənistan arasında baş verən qondarma futbol diplomatiyasıdır. Doğrudan da, erməni tərəfi bu məqamdan yararlana bilərdi, amma bunun əksini etdi, aqressivliyini və danışıqlar apara bilmədiyini bir daha nümayiş etdirdi.
Ağır atletika üzrə Avropa çempionatının rəsmi açılış mərasimində Azərbaycan nümayəndə heyətinə hücum edən şəxs təkbaşına hərəkət etməyib. Hadisə Ermənistan daxilində xüsusi xidmət orqanlarının işinin keyfiyyətindən xəbər verir. Açığı, rəsmi açıqlamalara baxmayaraq, Ermənistan Azərbaycan tərəfinin ölkədə təhlükəsizliyinə təminat vermir.

Rəsmi İrəvan Azərbaycandan üzr istəməli idi. Yüksək idman tədbirinin rəsmi açılış mərasimində milli nümayəndə heyətinə hücum, bu tədbirə dəvət olunmuş iştirakçı ölkənin dövlət rəmzinin yandırılması beynəlxalq səviyyədə qalmaqaldır. Ermənistanla Azərbaycanın hansı münasibətlərinin olmasının əhəmiyyəti yoxdur- bu, beynəlxalq hadisədir. Və bu, Yerevanda baş verir. İnanıram ki, Azərbaycan idmançıları belə çətin vəziyyətdə möhkəmlik nümayiş etdirdilər. Mən tam əminəm ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycan nümayəndə heyətinə qarşı hazırlanmış təxribatdan xəbərdar idilər. Və bu hərəkəti edən təkcə həmin fanatik deyildi. Bu, diqqətlə hazırlanmış təxribat idi. Bu gün Ermənistan daxilində müxtəlif qüvvələr arasında qarşıdurma davam edir. Ola bilsin ki, bu təxribat Azərbaycanla danışıqları daha da dalana dirəmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanın özünə növbəti zərbə vurmaq cəhdi olub. Bu, ilk versiyadır.
İkinci versiya ondan ibarətdir ki, Ermənistan hakimiyyəti Qərblə, ABŞ-la yanaşı oynayır. Dövlət katibinin köməkçisinin müavini Erika Olsonun indi İrəvana gəlməsi əbəs deyil. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlara “töhfə” vermək üçün daha bir “sülh göyərçini” gəlib.
İdman tədbirindəki təxribatla İrəvan Ermənistan-Azərbaycan nizamlanmasına dair Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların üstündən xətt çəkməkdə davam edir. İrəvanın məqsədi danışıqlar prosesinə artıq ABŞ-ın himayəsində olan təmiz sima ilə başlamaqdır. Guya Rusiya heç nəyə qadir deyil, gəlin əvvəllər nə olubsa, hamısının üstündən xətt çəkək və yenidən danışıqlar aparaq. Ona görə də hesab edirəm ki, İrəvandakı bu təxribat sırf siyasətdir.
Bu hadisə erməni tərəfinin əsir götürdüyü Azərbaycan əsgərini vəhşicəsinə döyməsi faktları ilə yanaşı, Ermənistanı tərk etməyən millətçi tərəfi bir daha nümayiş etdirir. O, sülh istəyə bilər, lakin onilliklər ərzində Azərbaycanın (təcavüzə məruz qalan tərəfin) düşmən olması anlayışları, millətçi ideyalar tərəfindən o qədər idarə olunub ki, bütün bu meyillər hələ də üzə çıxır.
Belə deyirlər: müharibə müharibədir. Ancaq müharibə bitdi. Hesab edirəm ki, İrəvanda keçirilən Avropa çempionatındakı təxribat və saxlanılan azərbaycanlı hərbçinin vəhşicəsinə döyülməsi eyni zəncirin halqalarıdır. Azərbaycan və erməni xalqları sülh üçün çox uzun müddət gözləməli olacaqlar.
Ermənistanda, onun hakimiyyət dairələrində Azərbaycanla sülhün əleyhdarları çoxdur. İndiyədək Paşinyan və komandası ilə erməni generallar arasında kifayət qədər ciddi gərginlik müşahidə olunurdu. İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra bu qüvvələrin müharibədə kimin uduzduğu barədə bir-birinə necə “baş yellədiklərini” xatırlayırıq. Ermənistanın baş naziri vəziyyətə nəzarət etmir.
Azərbaycan cəmiyyətində də Ermənistana qarşı son dərəcə radikal olan qruplar var. Amma Azərbaycanda vəziyyət tamamilə ölkə rəhbərliyinin nəzarətindədir. Ona görə də bu qruplar görünmür və eşidilmir. Ermənistanda isə onların əməlləri hiss olunur: axı onlar cəzasız qalacaqlarına arxayındırlar, bilirlər ki, onların əməlləri rəsmi İrəvanın siyasətinə təsir edə bilər.
Aydındır ki, revanşistlər bu yolla sadə insanları manipulyasiya edir, Bakının da hərəkətlərini manipulyasiya etməyə çalışırlar. Bu hadisə Ermənistanda hakimiyyətə millətçi vətənpərvərlərin deyil, ölkədəki vəziyyətə nəzarət etməyə qadir siyasətçilərin gəlməsinin vacibliyinin bir daha sübutudur.
Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan tərəfinin azərbaycanlıların da yaşadığı Ermənistanda Azərbaycanın mədəni və dini irsi obyektlərinin dağıdılmasını, erməni tərəfinin azərbaycanlıların məzarlarını necə dağıtdığını xatırlamamaq mümkün deyil. Bu, illər ərzində “böyüdülmüş”, hələ də kökü kəsilməyən və özünü ən iyrənc qiyafəsində büruzə verən sadə insan nifrətidir. Bu gün əsas odur ki, belə təxribatlar növbəti müharibə ilə nəticələnməsin.
Mən Azərbaycan rəhbərliyinin müdrikliyinə tam əminəm ki, onlar belə sözlər, erməni radikallarının şövqünü soyutmağa kömək edəcək hərəkətlər tapa biləcəklər. Və burada, mənim fikrimcə, Bakı hərtərəfli yanaşma tətbiq edə bilər- həm müdrik, səbirli, davamlı diplomatiya, həm də ərazidə dəqiq hərəkətlər. İrəvanın başa düşdüyü yeganə yanaşma budur.
Müqayisə üçün gələk Bakıda keçirilən Avropa Oyunlarına. Burada erməni idmançının fitə basıldığı bir vəziyyətdə İlham Əliyevin bu cür davranışı bir jestlə necə dayandırdığını xatırlayırıq. Və o eşidildi. Çünki ona hörmət edirlər. Çünki İlham Əliyev ümummilli lider nümunəsidir. Təəssüf ki, Azərbaycan və Ermənistanın siyasəti arasındakı bu ziddiyyət bu gün də hiss olunur. Bakı çoxlu sayda sülh təklifləri ilə çıxış edəndə səbirlə Ermənistanı sülhə sövq edir və İrəvan hər bir belə sülh təklifini tərsinə çevirir.
Dünən Ermənistanın baş naziri yenə özünəməxsus açıqlamalar verib, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və yenidən Bakıya “ox” atmağa çalışdığını bildirib. Deyin, Bakı Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdırmı? Bəli, onda qoy Ermənistan da sözdə yox, əməldə Azərbaycanın ərazi bütövlüyünü tanısın, çünki söhbət bundan gedir.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb