Uşaqları intihar edən valideynlərdən digər uşaqları alınmalı, özləri isə həbs olunmalıdır
Son 20 ildə Azərbaycanda intiharların sayının 5 dəfə artmasının səbəblərini analiz edərkən, ortaya maraqlı məqamlar çıxır. Bunu bəziləri sosial problemlərlə, bəziləri isə psixoloji problemlərlə bağlayırlar. İntiharların bu qədər artmasının hansı sosial səbəbləri var və bu artımda “ədalətsiz cəmiyyət”in yaratdığı sosial bərabərsizliyin payı varmı, yoxsa psixoloji gərginlik buna gətirib çıxarır? Bunların hansının payı nə qədərdir? Bu suala cavab vermək üçün gəlin vəziyyətə baxaq.
Xüsusən də, uşaq, yeniyetmə və gənclər arasında intihar hallarının artması ürəkağrıdandır. Bu da onu göstərir ki, intihar cəmiyyətimizin çox ciddi sosial probleminə çevrilir. Və bu intiharların kökündə, əsasən, maddi problemlər dayanmır. Faktlar göstərir ki, az yaşda intihar edənlərin çoxu buna mənəvi-psixoloji vəziyyətlərindən dolayı əl atırlar. Baş tutmamış sevgi, narkotik maddələrdən istifadə, mənəvi deqradasiya, qlobal psixotron terrora məruz qalmaq və ruhi boşluğa düşmək (qayğı, diqqət, sevgi görməmək), təhqir olunmaq, zorlanmaq əsas səbəblərdəndir. Burada sosial, daha doğrusu maddi problemlərdən doğan səbəblərin payı son dərəcə azdır.
Son dövrdə isə yeni intihar səbəbi ortaya çıxıb. Bu da uşaqların ali məktəbə qəbul imtahanlarında yüksək bal toplaya bilməməsindən sonra canına qəsd etməsi ilə bağlıdır. Bir çox valideynlər uşağa ağır psixoloji təzyiq edirlər ki, mütləq filan qədər bal yığmalısan. Hətta “qəbul olmasan evə gəlmə”, “bu qədər bal yığmasan gözümə görünmə” kimi ciddi psixotron terror vasitələrindən istifadə edirlər. Bu da bir çox hallarda intiharla nəticələnir.
Valideynlər öz eqolarını uşaqların üzərində tətbiq edirlər. Özlərinin reallaşdıra bilmədiyi şeyləri uşaqlara yükləyirlər, onları sevmədikləri sahəyə, istəyi, qabiliyyəti olmayan istiqamətə yönəldirlər. Onsuz da indiki tədris proqramı çox ağırdır və uşaq həddən artıq yüklənir.bir tərəfdən də valideynin davamlı təzyiqləri uşaqlartın canını boğazına yığır. Elçi gələndə “qızıma doplom vermişəm (?)”, oğlumu filan yerdə oxutmuşam” deyə bilmək üçün.

Bu təhlükəli meyildən əl çəkmək lazımdır. Lakin bəzi valideynlər bunu dərk etmirlər. Bunu artıq ancaq inzibati metodlarla etmək yolu qalır. Uşağı belə ağır təzyiq səbəbindən intihar edən valideynlər sərt cəzalanmalı və həbs edilməlidirlər. Özünü öldürmə dərəcəsinə çatdırma Cinayət Məcəlləsində ayrıca bir maddə kimi nəzərdə tutulub.
Əəgər uşaq lazımi bal yığa bilməyibsə həyat bitmədi ki? Gələn il yığar, o biri il yığar və qəbul olar. İkincisi də, lap yenə yığa bilmədi. Məcbur deyil ki, hamı ali məktəbə daxil olsun. Yəni, dünyada 8 milyard, ölkədə isə 10 milyon adam ali məktəbə daxil olmalı deyil ki. Yüzlərlə çox gözəl perspektivli peşələr var. Uşaqları peşə məktəblərinə, texniki kurslara cəlb edərək onun həyatda özünə yer tutmasına, özünə şəxsi biznes qurmasına dəstək vermək olar. Təcrübə göstərir ki, əlində diplom işsiz qalan və ya az maaşa işləyənlərdənsə belələri daha çox uğur qazanırlar. Göründüyü kimi, valideynlərin bu təzyiqi əsassız və məntiqsizdir.
Psxotron təzyiqdə, mənəvi dəyərləri məhv etməkdə və qeyri-sağlam həyat tərzini təbliğ etməkdə medianın və internet resursların da rolu böyükdür. Bəzi özəl televiziyalar və orada çıxış edən bir çox şəxslər var gücləri ilə insanların- xüsusən yeniyetmə və gənclərin əxlaqını pozmağa, ailə institunu dağıtmağa, uşaq tərbiyəsini lazımsız bir şeyə çevirməyə açıq şəkildə səsləyir. Seriallar, şou verilişlər mənəvi dəyərləri məhv edir.
Valideynlərin çoxu uşaqlarının tərbiyəsini buraxıb televiziyanın, internetin öhdəsinə. Hər uşağın əlində bir yekə smartfon alıb verib canlarını qurtarıblar. Onların yerinə uşaqlarını kimlər tərbiyə, edir, kimlər yönəldir heç veclərinə də deyil.
Uşaqlar cəmi 30 il əvvəlki ənənəvi məkanlarından- yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından... ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları, pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları “virtual dünyaya” buraxılıb.
Uşaq və yeniyetmələrin asudə vaxtlarının təşkili, onların öz enerjilərini bədii yaradıcılıq, elmi-texniki inkişaf və idman sahəsində realizə etmələri üçün imkanlar çox azdır. Belə mərkəzlərin sayı az, aylıq haqqı yüksəkdir. Əksər valideynlər uşaqlarını belə mərkəzlərə yönəldə bilmir. Ona görə də, dövlət bu sahədə ciddi konsepsiya işləyib hazırlamalı və həyata keçirməlidir. Uşaq və yeniyetmələrə pulsuz dərnəklərə cəlb olunmalıdır.
İntiharların kəskin artması cəmiyyətdə mənəvi-psixoloji, əxlaqı dəyərlərin dəyişməsinin əyani təzühürüdür. Burada sosial problemlərin təsirini əsas götürənlərlə razılaşmıram, bu faktor bəlkə bir neçə faiz rol oynaya bilər. Müqayisə üçün baxın, intiharların səviyyəsi məhz inkişaf etmiş, əhalisinin maddi təminatı yaxşı olan ölkələrdə daha yüksəkdir. Və ya digər müqayisəyə baxaq- tarixin sosial-maddi cəhətdən ən ağır dövrlərində intiharlar çox az olub, amma indi dəfələrlə çoxdur. Misal üçün, bəşər tarixinin 2-ci dünya müharibəsi illərindən ağır dövrü olmayb, onda intiharlar çox cüzi idi. Uşaq və yeniyetmə intiharına isə son 30 ilədək demək olar ki, rast gəlinmirdi.

Uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt diqqət və ayırmayan, qayğı göstərməyən fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır. Uşaqlara tərbiyə verməyi arxa plana atıb, onları tam nəzarətsiz buraxıblar. Siz heç əlində kitab qəzet, kitab oxuyan və ya bir-biri ilə şahmat oynayan uşaq, yeniyetmə və gəncə rast gəlmisinizmi? Xeyr təbii ki. Amma əlində smartfon pozğun videolara baxan, qorxunc oyunlar oynayan, vaxtını bir- birinə şit və tərbiyəsiz videolar göndərməklə keçirənləri kütləvi görürük.
Azyaşlı uşaqların əlinə bahalı smartfonlar alıb verib yaxalarını çəkiblər kənara. İnternetdə ağla gələn və gəlməyən hər cür təhlükəli materiallar var- hansı ki, psixikaya çox ağır zərbə vurur, dəyərlər sistemini dəyişdirir, əxlaqsızlığı, narsizmi, eqoizmi, həyatda maddi həzz və əyləncədən üstün dəyər olmadığını təbliğ edir.
Elm sübut edib ki, televiziya insan psixikasına hər şeydən güclü təsir edir. Bu vasitə ilə onu istədiyi istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan videomateriallar, xüsusi frekansda və beyin xarab edən tonlarda mahnılar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir.
Mən hələ görməmişəm ki, özəl tv-lərdə alimlər danışa, elm, təhsil məsələləri müzakirə edilə, intellektual yarışlar təşkil edilə, müasir texnologiyalar öyrədilə, sağlam həyat tərzini təbliğ edilə. Yalnız dövlət kanallarında və ictimai televiziyada bu var.
Yəni, ətrafdan çox güclü psixotron təzyiq, daha doğrusu terror var. Uşaqları bu qorxunc dünyanın caynağına buraxmaq olmaz. Onlar bu psixotron terrorun öhdəsindən gələ bilməz. Ona görə də, istisnasız olaraq bütün bu kimi hallarda valideyn günahkardır.
Hələ də çox gec deyil, uşaqlarınıza sahib çıxın. Onların fiziki və mənəvi sağlamlığını təmin etmək sizin vəzifəniz, borcunuzdur. Əsl valideyn ola bilmirsinizsə, verin uşaqları internatlara. Bu, onlar üçün daha yaxşı olar. Bu gün faktiki olaraq bu dilemma qarşısındasınız- ikisindən birini seçin.
Elçin Bayramlı
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb