MİA

  • 7 560

Mühafizəçisi Heydər Əliyevin Moskvadakı son iş gününü belə xatırlayır – TƏƏSSÜRAT, VİDEO

image

Viktor Nemuşkov: “Bir lider kimi o, Sovet İttifaqının ən yaxşı liderlərindən biri idi. Çünki o, həqiqətən də qalanlarından çox şey etdi”

Heydər Əliyevin Moskvadakı son iş günü SSRİ DTK-nın 9-cu şöbəsinin əməkdaşı Viktor Nemuşkovun yaddaşında indiyə kimi qalıb. O, 1983-cü ilin yanvarından 1988-ci ilin may ayına kimi Heydər Əliyevin mühafizəsində işləyib. Ümummilli lider Siyasi Bürodan istefa verəndən sonra sonuncu işçilərdən biri kimi onunla vidalaşdı, çünki son gün və son saata kimi onun şəxsi mühafizəsində qaldı. Peşəsinə görə Viktor İvanoviç sentimental insan deyil, amma Heydər Əliyevin əl sıxmasını xatırlamaq onun üçün xoşdur. O, bu barədə “Moskva-Bakı” portalına müsahibəsində danışıb. Viktor Nemuşkovun təəssüratlarını oxucularımızın diqqətinə çatdırırıq.

“Son gün onun yanına gəldim. Hamımızı dərhal onun mühafizəsindən çıxarmamışdılar, birincisi, sonra ikincisi, üçüncüsü tərk etdi və s. Bizim də sahə mühafizəçiləri var idi, onları daha tez, plenumdan dərhal sonra çıxardılar. Amma biz hələ də onunla idik. Son gün adi insanlar kimi danışdıq. O, bizimlə əl sıxdı və işimizə görə təşəkkür etdi. Amma biz onun mühafizəsindən çıxarılandan sonra onunla daha çox görüşürdük”,- Viktor İvanoviç xatırlayır.

Heydər Əliyev istefa verəndən sonra bir müddət Moskvada yaşayıb. Və bir çox həmkarları və məşhur şəxsiyyətlər onunla görüşlərini, artıq adi bir moskvalı ilə olduğu kimi xatırlayırlar. Məsələn, məşhur teatr və kino aktrisası Natalya Seleznyova yaxşı xatırlayır ki, 80-ci illərin sonlarında Heydər Əliyev və onun oğlu ilə ilk dəfə paytaxtın adi əmanət kassasında tanış olub.

“Moskvada Əliyevlər ailəsi ilə demək olar ki, bir evdə yaşayırdıq. Heydər Əliyevlə İlhamı ilk dəfə evimin yanında olan əmanət kassasında gördüm. Mən onların arxasında növbəyə durdum və dərhal diqqətimi çəkmişdilər. Onlar bütün kişilərdən fərqli idilər. Onların bir-birləri ilə necə sakit danışdıqlarını izlədim, heyrətamiz təvazökarlıqlarına heyran oldum"- aktrisa xatırlayır.

Həyatda mehriban və təvazökar, işində məsuliyyətli və ciddi insan olan şəxsi mühafizəsinin müavini Viktor Nemuşkov Heydər Əliyevlə işlədiyi illəri belə xatırlayır: “O, qətiyyətli və qərar qəbul etməyi bacaran bir insan idi. Heç nəyi unutmur, hər şeyi nəzarətdə saxlayırdı. Onun mühitində işləyənlər də zarafata vaxtın olmadığını mükəmməl başa düşürdülər. Əgər sənə bir növ tapşırıq verilibsə, o zaman onu yerinə yetirməli və hesabat verməlisən".

Viktor İvanoviçin sözlərinə görə, Heydər Əliyevin təhlükəsizliyi onlar üçün məsuliyyətli vəzifə idi. Heydər Əliyev səfərləri zamanı tez-tez camaatın arasına çıxdığından müxtəlif insanlarla söhbət edirdi. Heydər Əliyevin həyatı üçün real təhlükə epizodları olduğundan mühafizəçilər üçün iş asan deyildi. Viktor İvanoviç hansısa təhdidləri bizə açıqlamadı, lakin qeyd etdi ki, Heydər Əliyeviç heç vaxt təhlükəsizliyin təmin edilməsi prosesinə qarışmayıb və öz komandasına tam etibar edib.

“Hər hansı təhdidlər olubmu? Ya da ola bilsin, onlar var idi, amma biz onların qarşısını aldıq, imkan vermədik. Biz öz hərəkətlərimizlə, ona münasibətdə mövqe tutmaqla düşmənə öz niyyətini həyata keçirməyə imkan vermədik. Beləliklə, biz bu problemi müvafiq olaraq həll etdik. Nədən başladığımıza necə qərar verdiyimiz başqa sualdır. Real təhlükəsizlik məsələlərinə gəlincə, məsələn, tədbir təşkil etmək, bu tədbirdə təhlükəsizliyi təmin etmək- bu, bizim vəzifəmiz idi. Ona görə də burada onunla məsləhətləşirdik, xəbərdar edirdik, nəsə təklif edirdik. Və o da öz növbəsində bəzi qərarlar verirdi. Üstəlik, özü orqanlardan olan adam olduğu üçün bu məsələdə heç bir problemimiz yox idi. O, işimizi və müəyyən təhlükələri necə qiymətləndirdiyimizi mükəmməl başa düşürdü. O, bizim necə işlədiyimizə baxır və öz qiymətini verirdi”, - Viktor İvanoviç bildirib.

Sonda Viktor İvanoviç qeyd etdi ki, o, Heydər Əliyevdən çox şey öyrənib, onun kimi görkəmli siyasətçi və gözəl insanla işləmək imkanının olmasından çox qürur duyur.

“O, əlçatan insan idi. İnsanları eşitməyi və dinləməyi bilirdi, ondan soruşulan problemləri dərindən araşdırır və problemi mümkün qədər tez həll etməyə, həyata keçirməyə və ya həll etməyə çalışırdı. Bir lider kimi o, Sovet İttifaqının ən yaxşı liderlərindən biri idi. Çünki o, həqiqətən də qalanlarından çox şey etdi. Əvvəla, onun Azərbaycanda fəaliyyəti çox yaxşı nəticələr verdi. Moskvada işləyəndə isə cavabdeh olduğu bir çox sahələr var idi. Xüsusilə, Baykal-Amur magistral xətti. O, bütün məsələlərdə çox ciddi və vicdanlı idi və mümkün qədər çox şey etməyə çalışırdı"- Viktor İvanoviç deyib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” istiqaməti çərçivəsində hazırlanıb

Videomüsahibəyə buradan baxa bilərsiniz

Digər xəbərlər