PDF Oxu

MİA

  • 5 652

Laçına növbəti köç: 85 nəfərin həsrətinə son

image

Daha 23 ailə 30 ildən sonra doğma yurduna qayıtdı

İyulun 13-də daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. Bu dəfə 85 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür. Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçında həyat necə keçir?

Ordumuzun düşmən üzərində qazandığı şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər Azərbaycan torpaqları kimi, Laçın rayonuna da 30 il əvvəlki qaynar həyat qayıdıb. Laçında inanılmaz sürətlə gedən abadlıq, yenidəqurma, yaşıllaşdırma işləri rayonun hər küçəsində, hər döngəsində hiss olunur. Rayonun səmasında yenə şahinlər süzür, Həkəri çayında yenə sazan, qızılbalıq, alabalıq üzür.

Prezident İlham Əliyev mayın 28-də Laçına qayıdan əhali ilə görüşündə burada aparılan quruculuq işlərindən danışarkən demişdi ki, biz doğma torpaqlarımızı işğaldan azad edəndən sonra Qarabağı, Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizə dair söz vermişdik, əgər cənnəti təsvir etmək olarsa, deməli bu Laçındır. Mənzərəli təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey böyük zövqlə yaradılıb ki, insanlar burada rahat yaşasınlar, Laçın şəhərinin müasir görkəmi Azərbaycanın əldə etdiyi nailiyyətlər səviyyəsindədir.

Qeyd edək ki, şəhərin Baş Planı layihəsində şəhər qəsəbəsinin tarixən mövcud olan, təbii yaşıllıqlarla əhatə olunmuş ərazisində 258 hektara yaxın sahəsi olan fərdi yaşayış evlərinə üstünlük verilir. Eyni zamanda, çoxfunksiyalı zonalarda və digər yaşayış massivlərində çoxmənzilli binaların tikilməsi təklif olunur.

Şəhərdə “İşğal” və “Qələbə” muzeylərinin, məktəbəqədər və orta təhsil müəssisələrinin, peşə liseyinin, habelə mədəniyyət və turizm obyektlərinin yerləşəcəyi Xatirə Parkı yaradılır. Planlaşdırmada tətbiq edilən “15 dəqiqəlik şəhər” prinsipi yaşayış məhəllələrinin gündəlik tələbat obyektlərinə yaxınlığını təmin etməklə yanaşı, aşağı sürətli yol infrastrukturunun təşkilini, sakinlərin və qonaqların şəhər daxilində rahat gediş-gəlişini təmin edəcək.

İndi Laçının işğalda ikən 30 il davam edən susqunluğu pozulub, küçələrdə hənirti, evlərdə nəfəs var. İndi burada sakitlik yox, yeni həyata başlayan laçınlıların səs-küyü eşidilir. Uzun illər ayrılıqdan sonra vətənə qayıdan sakinlər evlərinin, həyətlərinin pəncərələrindən açılan mənzərələrə heyran qalırlar. Laçının küçələrində qarşılaşan yerlilər bir-birinə sarılaraq doğma torpaqlarına bir də ayaq basa bildikləri üçün bir-birini təbrik edirlər.

Laçın sənaye şəhərinə çevriləcək

Laçında sənaye, xidmət və təhsil müəssisələrinin yaradılması, şəhər sakinlərinin məşğulluğu da diqqət mərkəzindədir. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Yaxın gələcəkdə ekoloji və səmərəli kənd təsərrüfatının, tikintinin, yüngül və yeyinti sənayesinin, balıqçılığın, tingçiliyin və sosial xidmətlərin inkişafı nəzərdə tutulur.

Laçında yaradılan aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyaların istehsalı müəssisəsi, o cümlədən balıqçılıq, qida sənayesi, yüngül sənaye, ekoloji təmiz emal, xırdabuynuzlu heyvanlar üçün elmi-praktik mərkəz yaradılır. İyun ayında keramika məmulatları istehsalı zavodu fəaliyyətə başladı.

Bundan əlavə, kinostudiya, toxuculuq və ayaqqabı fabrikinin açılması, müxtəlif sahələr üzrə qısamüddətli kursların təşkili planları da həyata keçirilir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Artıq 200-dən çox laçınlı proqrama cəlb olunub, onlar Laçında aparılan quruculuq və abadlıq prosesində işlə təmin olunub.

Laçın şəhərində vətəndaşların istirahətinin səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir. Şəhərin girəcəyində salınan sahil bulvarı laçınlıların və şəhərin qonaqlarının ən populyar istirahət məkanlarından birinə çevrilmək üçün nəzərdə tutulub. Artıq Həkəri çayı üzərində bənd salınıb və asma körpülü süni göl yaradılıb. Ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada həmçinin çimərlik yaradılacaq, onun ərazisində böyüklərin və uşaqların rahat yaşaması üçün əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur.

Həm təbii yataqları, həm mədəni sərvətləri, həm də iqtisadi imkanları Laçın rayonunun bölgə iqtisadiyyatının inkişafında önəmli fiqura çevrilməsinə səbəb olacaq. Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından biri olan Laçın ölkə iqtisadiyyatına bir çox sahələrdə töhfə verə biləcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər