Evlərdə, obyektlərdə qaz təhlükəsizliyinin təmin olunması üçün yoxlamalara başlanır: nəyi, niyə və necə yoxlayacaqlar?
Əhalinin təbii qaz təchizatı və bu sahədə mövcud olan problemlərin həlli üçün bu istiqamətdə ciddi islahatlara başlanır. Artıq Azəriqaz İstehsalat Birliyi tərəfindən evlərdə, mənzillərdə, obyektlərdə qaz sisteminin və cihazların yoxlanması prosesinə start verilir. Məqsəd qaz sistemində nasazlıqların aşkar edilərək aradan qaldırılması və abonentlərin dəm qazından və ya qaz partlayışı nəticəsində həlak olması hallarını aradan qaldırmaqdır.
Bununla bağlı çoxdandır ki, mediada və sosial şəbəkələrdə Azəriqaz tərəfindən məlumat verilir, İB-nin rəhbər şəxsləri tərəfindən prosesin məqsədi və necə həyata keçiriləcəyi izah edilir. Lakin hələ də bir çox vətəndaşlar bununla bağlı narahatlıq ifadə edir, yoxlamanın keçirilməsinə qarşı olduqlarını deyirlər. Buna görə də, çalışacağıq ki, bu yazıda yoxlamaların məqsədi, hansı formada həyata keçiriləcəyi haqda ətraflı məlumat verək.
Son illərdə baş vermiş qaz partlayışlarında onlarla vətəndaşımız dünyasını dəyişib, neçə evlər, binalar dağılıb. Araşdırmalar göstərir ki, bunun səbəbi qaz sistemlərində baş verən sızmalar, qeyri-standart qaz cihazlarından istifadə və qaz qurğuları ilə davranış qaydalarının kobud pozulmasıdır. Bir çox vətəndaşlarımız mənzillərində, evlərində mətbəxin yerini dəyişərək onu eyvana və ya evin digər hissəsinə keçirdikdə bu işi kustar şəkildə gördürürlər, halbuki bu işlə məşğul olan peşəkar şirkətlər- ixtisaslaşmış lisenziyalı podratçı təşkilatlar var.
Problem ondadır ki, bu işi onlara gördürmək, adi ustalara etdirməkdən bir qədər baha başa gəlir və vətəndaşlar da artıq xərc çəkmək istəmirlər. Nəticədə, 100-200 manata qənaət ağır faciələrə səbəb olur. Həmçinin, digər hallar da var ki, partlayışlara, sızmalara səbəb olur- məsələn, uzun illər istifadə olunan boruların, kranların çürüməsi, sıradan çıxması və buna fikir verilməməsi.
Bundan başqa, dəm qazından zəhərlənmələr də hər il onlarla vətəndaşımızın həyatına son qoyur. Bunun da səbəbi hamam otaqlarında, mətbəxdə və qaz cihazlarının qoyulduğu digər otaqlarda hava çıxışlarının olmaması və ya tutulması, mənzillərdə qaz detektorlarının qoyulmamasıdır. Əksər abonentlər hava çıxışlarını və qaz borularını yoxlatmadığından, qaz sistemi ilə təlimata uyğun davranmadığından faciələr baş verir. Məsələn, bir çox mənzillərdə, evlərdə su qızdırıcı qaz cihazları hamamda quraşdırılır, amma hamamın hava çıxışı yoxdur, varsa belə, tutulub, üstəlik qapıda kiçik yarıqlar qoyulmayıb. Nəticədə, heç iyi-qoxusu olmayan dəm qazından zəhərlənmələr və ölümlər baş verir.
Əvvəllər Azəriqaz əməkdaşlarının mənzillərdə qaz sisteminin təhlükəsizliyini yoxlamaq hüquqi var idi, lakin son dövrdə bu səlahiyyət Azəriqazdan alınmış və əməkdaşlara yoxlama üçün mənzillərə, evlərə, obyektlərə girmək qadağan edilmişdi, yalnız sayğaca baxış keçirə bilirdilər. Bu ildən etibarən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Prezident Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu səlahiyyət yenidən Azəriqaza qaytarılıb.
Abonentlərə əvvəlcədən yoxlamanın keçiriləcəyi tarix haqda məlumat veriləcək. Abonent yoxlamanın keçirilməsini təmin etməlidir. Əgər üzrlü səbəbdən buna imkan yoxdursa, o halda abonentə 5 iş günü vaxt verilir və bu müddətdə də yoxlama təmin edilmədikdə həmin evin, mənzilin və ya obyektin qaz təchizatı dayandırılır. Yalnız yoxlama keçirildikdən sonra bərpa olunur. Əgər vətəndaş üzlü səbəbdən mənzildə, evdə yaşamırsa, onda həmin abonentə 1 ayadək vaxt verilir və bu müddətdə yoxlamanın keçirilməsi təmin edilməlidir.
Yoxlama zamanı sayğacdan başlayaraq bütün qaz sistemi yoxlanacaq. Sayğacın normal işlədiyi, qaz xətlərində sızmaların olmadığı, qaz cihazlarının standartlara uyğun olduğu, hamam və mətbəxdə hava çıxışlarının təmiz olduğu aşkar olunarsa, akt tərtib olunur və abonentə xidmət davam etdirilir. Əgər hər hansı bir nöqsan aşkarlanarsa, bunun aradan qaldırılması üçün abonentə 1 ay vaxt veriləcək. Bu müddətdə nöqsanlar aradan qaldırılmalı və təkrar yoxlama üçün qaz istismar idarəsinə müraciət edilməlidir. Əgər yoxlama zamanı təhlükəli vəziyyət aşkar olunarsa, bu halda qaz təchizatı dərhal kəsiləcək və problem aradan qaldırıldıqdan sonra bərpa olunacaq.
Yeni şərtlərə görə, mənzillərdə və ya obyektlərdə 2 detektor olmalıdır- biri mətbəxdə qaz sızmasını aşkarlayan metanahəssas cihaz, digəri isə vanna otağında dəm qazını aşkarlayan cihaz. Bu cihazlar işlək vəziyyətdə olmalı və təhlükə zamanı səs və işıq siqnalları verməklə dərhal ümumi qaz klapanını bağlamalıdır.
Texniki müayinə ödənişsiz həyata keçirilir, lakin aşkar olunan nöqsanların aradan qaldırılması, qaz detektorlarının quraşdırılması xərcləri abonent tərəfindən ödənilməlidir. Detektorlar texnika mağazalarında bazarda 20-30 manatdan başlayaraq satılır, hər bir abonent özünün və digərlərinin təhlükəsizliyi üçün onları alıb quraşdırmağa borcludur. Bəzi vətəndaşlarımız maddi imkanları çox aşağı olduğundan bu cihazları ala bilməyə bilər, bu halda yardım üçün müvafiq dövlət orqanlarına və fondlara müraciət edə bilər.
Qaz təsərrüfatında yeniliklər təkcə bunlarla bitmir. Bu ildən etibarən yeni qaz sayğaclarının quraşdırılmasına başlanır. Məlum olduğu kimi, indiyədək fərqli dövrlərdə fərqli qaz sayğacları tətbiq olunub və bu da qarışıqlıq yaradır. Üstəlik, bu sayğacların təmiri, detallarının xaricdən gətirilməsi baha başa gəlir. Bəzi sayğaclar tez-tez bloka düşür və bu da narazılıq yaradır. Bu problemlərin həlli üçün sayğacların ölkədə istehsalı təşkil olunub. Almaniyanın nüfuzlu firmalarından biri ilə bağlanan müqavilə əsasında Gəncə Cihazqayırma Zavodunda mexaniki tipli məişət qaz sayğaclarının istehsalına başlanıb. Artıq bu sayğaclar sınaqdan keçirilib və normal işlədiyi laboratoriya şəraitində təsbit olunub.
Azəriqazla zavod arasında bağlanmış müqaviləyə uyğun olaraq artıq 2 mindən artıq sayğacın alınıb və onların yeni binalarda quraşdırılmasına başlanıb. Ümumilikdə, ilkin etapda 400 mindən artıq sayğacın istehsalı nəzərdə tutulur. Lakin Azəriqazın 2,5 milyondan çox abonenti olduğunu nəzərə alsaq, istehsalın sonrakı mərhələdə daha çox olacağını güman etmək olar. Bütün ölkədə vahid qaz sayğacı tətbiq olunacaq, onların təmiri, ehtiyat hissələri də daha asan, daha ucuz başa gələcək. Bu sayğaclar mexaniki tiplidir və sonradan ödənişlidir. Yəni, abonentlər indiki smart sayğaclar üçün əvvəlcədən kart balansına pul yükləməli olurdular, yəni hələ işlətmədikləri qazın pulunu əvvəldən ödəmiş olurdular. Yeni sayğaclarda isə abonent ay ərzində işlətdiyi qazın pulunu sonda ödəyəcək.
Təcrübə göstərir ki, mexaniki sayğaclar smart sayğaclardan daha etibarlı, daha dözümlüdür. Yeni sayğaclar mexaniki olmasına baxmayaraq, onların üzərinə əlavə smart cihaz quraşdırılacaq ki, bu da sayğacın məsafədən idarə olunmasına imkan verəcək. Məsələn, hər hansı bir təhlükə zamanı məsafədən sayğaca komanda verərək qaz verilişinin dayanmasını təmin etmək mümkün olacaq.
Bildirməliyik ki, sayğacların dəyişdirilməsi ucdantutma bütün ölkə üzrə aparılmayacaq. Yalnız yeni evlərdə və mənzillərdə, həmçinin istifadə vaxtı keçmiş və xarab olmuş sayğaclar dəyişdirilərkən bu sayğaclar quraşdırılacaq. Məlum olduğu kimi, əhali kateqoriyası üçün sayğacların 5 ildən, kommersiya tipli sayğacların isə 3 ildən bir yoxlanması və normal işləmədiyi halda dəyişdirilməsi təmin olunur. Tədricən- 5 il ərzində bütün ölkədə vahid sayğacların tətbiqi nəzərdə tutulur.
Ümumiyyətlə, əhali abonentləri üçün bütün sayğaclar pulsuz quraşdırılır və heç bir qaz işçisi sizdən sayğac üçün pul tələb edə bilməz. Əgər sayğac hər hansı səbəbdən düzgün işləmirsə və normadan artıq pul yazırsa, o halda qaz istismar idarələrinə məlumat verilməlidır. Sayğac abonentin və onun arzu etdiyi şəxsin iştirakı ilə laboratoriyada yoxlanmalı, düzgün işləmədiyi aşkarlanarsa abonent pulsuz olaraq yeni sayğacla təmin olunmalıdır.
Qeyd edək ki, ölkədə yaşayış məntəqələrinin qazlaşdırılması prosesi artan xətlə davam edir. Keçən il 110 yaşayış məntəqəsi qazlaşdırılmışdısa, bu il 150-yə yaxın məntəqənin qazlaşdırılacağı nəzərdə tutulub. Onlardan 60-i ucqar kəndlərdir. Bu ilki plana əsasən daha çox cənub-şərq zonasındakı kəndlərin qazlaşdırılması nəzərdə tutulub. Sonrakı illərdə digər zonalardakı dağ kəndlərinin qazlaşdırılacağı nəzərdə tutulur. Bu da əhalinin həyat şəraitinin yaxşılaşmasından əlavə, həm də meşələrin yanacaq məqsədilə qırılmasının da qarşısını alır.
Evlərin qazlaşdırılması plana uyğun təmin olunur. Yeni ev tikilərkən yaxınlıqda ana qaz xəttindən evə qaz çəkilməsi üçün texniki şərt alınmalıdır- layihəyə uyğun olaraq podratçı şirkətlə müqavilə əsasında evə qaz xətti çəkilir, daha sonra Azəriqaz əməkdaşları tərəfindən qaz sistemi yoxlanır, əgər hər şey təlimata uyğun edilibsə akt bağlanır, abonent sayğacla təmin olunur, evə qaz verilişinə başlanır.
Bu prosedur zamanı Azəriqaz vətəndaşdan heç bir ödəniş tələb etmir, abonent yalnız müqavilə əsasında razılaşdırılmış qiymət üzrə evə qaz xəttinin çəkilməsi üçün podratçı şirkətin haqqını ödəyir. Qaz çəkilişi üçün lisenziya almış podratçı şirkətlərin siyahısı Azəriqaz-ın internet saytında yerləşdirilib. Lakin həmin şirkətlər Azəriqaz-a tabe deyillər, müstəqil şirkətlərdir. Belə şirkətlərin sayı 100-ə yaxındır. Abonent istədiyi şirkəti sərbəst seçə bilər.
Onu da qeyd edək ki, təbii qaz təchizatı ilə bağlı hər hansı bir şikayət və ya müraciətlər üçün qaynar xətt telefonları (104, 185) 24 saat açıqdır. Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev, həmçinin baş direktorun müavinləri və şöbə rəisləri- Eldəniz Vəliyev, İbrahim Kərbalayev, İlkin Behbudov, Rasim Əhmədov, Xalidə Şimşək, Rəşad Cavadov, Vüqar Səmədov, Rövşən Məhyəddinov, Fərid Mirzəyev, Teymur Cəfərov və digərləri mütamadi olaraq televiziya və radio proqramlarında, Azəriqaz-ın sosialı şəbəkələrdəki səhifələri üzərindən canlı yayımlarda və “Açıq qapı” aksiyalarında bütün sualları cavablandırır, abonentlərin şikayətlərinin həlli üçün çalışırlar. Bundan başqa, Azəriqaz rəhbərliyi və regional idarələrin rəhbərləri tərəfindən vətəndaşların qəbulu üçün hər cür imkan yaradılıb.
Qaz təchizatı kommunal sistemlər arasında ən təhlükəlisidir, burada adi diqqətsizlik, məsuliyyətsizlik çox ağır faciələrə gətirib çıxara bilir. Ona görə də, qazdan ayıq olmalıyıq. Evimizdə, obyektimizdə qaz təhlükəsizliyini təmin etməli, qaz cihazları ilə təlimata uyğun davranmalıyıq. Hər hansı bir problem aşkar olunduqda qaz istismar idarələrinə müraciət etmək lazımdır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb