Bakının separatizm üzərində qələbəsi və Qarabağ ermənilərinin sürətlə pasportlaşdırılması ilə bağlı əcnəbi ekspertlər nə düşünür?
Azərbaycan Silahlı Qüvvələrinə Qarabağ bölgəsində lokal antiterror tədbirlərini həyata keçirmək və qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün cəmi bir gün vaxt lazım olub. Xunta ağ bayraq qaldırıb və bu gün Qarabağın azərbaycanlı icmasının nümayəndələri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa gəliblər.
Azərbaycandan kənarda antiterror tədbirləri və onların nəticələri necə qiymətləndirilir? “Rusiyalı və ukraynalı ekspertlər bu haqda fikirlərini “Caliber” analitik mərkəzinə bildiriblər. Şərhləri oxucularımıza təqdim edirik.
Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskovanın sözlərinə görə, əslində bu, sülhü təmin etmək üçün xüsusi antiterror tədbiri idi, çünki uzun müddət İrəvandan və bir sıra xarici dövlətlərdən və strukturlardan olan dəstək əsasında qeyri-qanuni rejimin rəhbərləri, revanşistlər özlərini tamamilə qeyri-adekvat apardılar və problemin həlli ilə bağlı heç bir təklifi qəbul etmədilər.
“Bundan başqa, separatçı liderlər vəziyyəti gərginləşdirmək üçün tədbirlər görüb, silah-sursatla cingildəyib, sərt bəyanatlar verib, dinc azərbaycanlılara atəş açıb, Rusiya sülhməramlılarına qarşı təxribatlar törədib, azərbaycanlıların ölümünə səbəb olan minalar basıblar. Sonda Azərbaycanın səbri tükəndi və bu, təbii idi”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, bu hadisələrin 24 saat ərzində başa çatması isə separatçıların Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərmək üçün real resursunun olmadığını deməyə əsas verir.
“Lakin biz aşağıdakı məqamları nəzərə almalıyıq. Keçmiş ixtisasıma görə, Moskvada erməni diasporunun nümayəndələri ilə, İrəvanda yaşayanlarla ünsiyyət qururam və görürəm ki, revanşistlər hələ getməyiblər: partizan müharibəsi başlayacaqları ilə hədələyirlər, lakin dərhal qeyd edirlər ki, yalnız iki aylıq silah var. Mən hesab edirəm ki, uzağı 2 günlükdür”, - Poloskova bildirib.
Bundan əlavə, o, ermənilərin hazırda Rusiyaya qarşı səsləndirdiyi təhdidləri qeyd edİb : “Moskvanın separatçıları müdafiə etmək üçün heç nə etmədiyini bildirirlər. Baxmayaraq ki, kimsə soruşa bilər ki, ruslar niyə onlar üçün çalışmalıdırlar?
Biz dünən erməni separatçılarının xaincəsinə atəşə tutması nəticəsində faciəvi şəkildə həlak olan Rusiya sülhməramlıları ilə baş verənləri görmüşük- bu təhdidlərin əsassız olduğu üzə çıxıb. Bütün Moskva isə hələ 90-cı illərdə rus sadəliyindən istifadə edərək, restoranlarda oturan, rus müəssisələrini öz mülklərinə çevirib zəbt edən sağlam ermənilərlə doludur. Bu ermənilər özləri niyə kimisə, harasa qorumağa getmir? Bunun əvəzinə “Rusiyaya problem yaradacaqlarına” söz verirlər. Məhz problemlərin nədən ibarət olduğu aydındır, biz ermənilərin Moskvada törətdiyi terror aktlarını xatırlayırıq. Ona görə də bizim hakimiyyət orqanları da indi ayıq-sayıq qalır, vəziyyəti izləyir.
Yevlaxdakı müzakirələrə gəlincə, qorxuram ki, ermənilər yenə də vəziyyəti qeyri-konstruktiv müstəviyə keçirməyə, onu dalana dirəyə aparmağa çalışacaqlar. Bunu zaman göstərəcək”,- deyə T.Poloskova yekunlaşdırıb.
“İnformasiya Müqaviməti” qrupunun ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenkonun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibə olub, lakin 2023-cü ildə antiterror tədbirləri demək olar ki, 24 saata başa çatıb”.
“Bu tədbirlərin nəticələri tez, təsirli, bəzi hallarda hətta gözlənilməz və eyni zamanda gözlənilən olur. Məsələn, mən indiki eskalasiyanın 44 günlük müharibə səviyyəsində olacağını gözləmirdim. Ermənistanın 3 il ərzində 2020-ci ildə verdiyi itkilərdən çıxa bilməməsi gözlənilməz deyildi. Söhbət şəxsi heyətdən, insan resurslarından yox, daha çox texniki komponentdən gedir: Ermənistan Silahlı Qüvvələri bütün o hərbi texnikanı bərpa edə, 44 günlük müharibə zamanı verdikləri bütün itkiləri ödəyə bilmədilər və buna görə də lazımi hərbi texnikanı təmin edə bilmədilər. Separatçılar Azərbaycan ordusuna müqavimət göstərə bilmədilər. Bu halda onlar üçün yeganə çıxış yolu atəşkəs və Bakının şərtlərinə razılıq vermək idi”, - ukraynalı politoloq qeyd edib.
Digər tərəfdən, onun fikrincə, bir sual var: bu, doğrudan da, Bakının qoyduğu bütün şərtlərin yerinə yetirilməsi ilə bitəcək, yoxsa başqa bir erməni sirkinə çevriləcək.
“Son 3 ildə biz gördük ki, diplomatik imkanlar ermənilər tərəfindən mütəmadi olaraq əngəllənib, hətta mahiyyət etibarı ilə onlara məhəl qoyulmayıb. Ona görə də oxşar vəziyyət ola bilər- ermənilər Yevlaxa gəlməklə sadəcə olaraq diqqəti yayındırırlar. Yenə də nəzərə alsaq ki, Ermənistanın və separatçıların indi uzunmüddətli və ya ən azı ortamüddətli perspektivdə silahlı münaqişə aparmaq üçün sadəcə resursları yoxdur, Bakının şərtlərini qəbul etmək indi yeganə mümkün variantdır.
Lakin bunun doğru olub-olmadığını yaxın günlər göstərəcək. Əgər qeyri-qanuni silahlı birləşmələr və onların texnikası Azərbaycan ərazisindən çıxarılsa, bu, əhəmiyyətli olacaq. Ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesləri sözdə deyil, əməldə başlayarsa, bəli, bu zaman artıq real nəticələrdən danışacağıq”, - deyə A.Kovalenko yekunlaşdırıb.
“Vestnik Kavkaza” informasiya agentliyinin baş direktorunun müavini, rusiyalı politoloq Andrey Petrov qeyd edib ki, “separatçı rejim məhv edildiyi üçün Yevlaxda bugünkü görüşdən yalnız müsbət şeylər gözləmək olar”.
“Separatçıların müqavimət göstərəcək heç nələri yoxdur. Üstəlik, onlar artıq separatçı da sayıla bilməzlər, çünki onlar artıq Azərbaycandan ayrı, hətta kiçik bir hissədə də mövcud deyillər. Bunlar, sadəcə olaraq, pasportu olmayan Azərbaycan vətəndaşlarıdır, qanuna görə, həmin pasportlarla təmin edilməlidir. Təbii ki, yalnız Azərbaycan dövlətinə qarşı heç bir cinayətdə günahı olmayanlar.
Ermənilər bundan sonra heç bir şərt irəli sürməyəcəklər. Sadəcə olaraq, onlar Yevlaxa gəliblər ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əhalisi Azərbaycan pasportlarını tez əldə edə bilsinlər. Təbii ki, hərbi cinayətkarlar məsələsi də öz həllini tapacaq. Dünən bütün hərbi cinayətkarların təfərrüatlı siyahısı təqdim olundu, indi onları sadəcə olaraq saxlayıb məhkəmə qarşısına çıxarmaq lazımdır.
Ona görə də mən artıq Azərbaycan üçün heç bir problem, təhlükəsizlik təhdidləri görmürəm. Azərbaycan Silahlı Qüvvələrinin dünənki qələbəsi və separatçıların təslim olması qəti və dönməz idi, buna görə mən yalnız Bakını təbrik edə bilərəm”,- deyə A.Petrov yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti çərçivəsində hazırlanıb