PDF Oxu

MİA

  • 10 567

Azərbaycan: etnik və dini dözümlülük simvolu - TƏHLİL

image

Azərbaycanın Qarabağda etnik təmizləmə apardığını iddia edən qüvvələr tarixən bu torpaqlarda bütün dinlərin və bütün millətlərin qarşılıqlı sülh şəraitində yaşadığını niyə unudur? Ermənilərin Qarabağ iddiası baş qaldırmasa idi, bu, elə beləcə də davam edəcəkdi, ermənilərlə heç bir problem yaşamayan azərbaycanlılar tarixi Azərbaycan torpaqlarında onlara heç vaxt etnik və dini ayrıcalıq hiss etdirməyiblər.

Tarix boyu Azərbaycan xalqının mədəniyyətinin əsas xüsusiyyətlərindən biri olan tolerantlığa xüsusi dəyər verilib. Fərqli mədəniyyət və inancların nümayəndələri ilə birlikdə, eyni dövlətdə, eyni hökumətin nəzarətində tolerantlıq çərçivəsində həyatlarını harmoniya içində davam etdiriblər. Qədim Azərbaycan İslamı qəbul etdikdən sonra da tolerantlıq, bərabərlik, ədalət və insan sevgisi kimi təməl dəyərlərini İslam inanc və prinsipləri ilə qarışdırıb, öz tarixindən müxtəlif mədəniyyət və adət-ənənələri bu inancla bütünləşdirib, özünəməxsus İslam təsviri və anlayışı yaradıb.

Multikulturalizmin müxtəlif modelləri- ABŞ, İsveç, Avstraliya, Kanada modeli kimi növləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və Nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul edilməsi qeyd edilənlərə bariz nümunədir.

Beləliklə, tarixi mənşəyi baxımından cəmiyyətimizin təməl dəyərlərindən biri olan tolerantlıq anlayışı müxtəlif amillərin təsiri ilə xalqımıza xas xüsusiyyət qazanıb. Ölkəmizdə tolerantlığın müxtəlif inanclara, mədəniyyətlərə və həyat tərzlərinə hörmətlə yanaşması anlamında dərk edilməsi, həm də sosial sabitliyə və həmrəyliyə töhfə verməklə cəmiyyətin sistemli bir bütövlükdə mövcudluğunu qoruyub saxlayıb. Müqəddəs Ramazan bayramında ölkə başçısı İlham Əliyevin verdiyi ziyafət süfrəsində bütün dinlərin liderlərinin təmsil olunması Azərbaycandakı tolerantlıq anlaşıyışının, sadəcə, sənədlərdə deyil, real həyatda olduğunu görmək olur.

Həmçinin, biz Azərbaycandakı tolerantlığın ən güclü nümunəsini 44 günlük müharibədə də gördük. Dinindən, milliyyətindən asılı olmayaraq bütün gənclər vətən üçün cəbhəyə axışdı. Eynilə I Qarabağ Müharibəsində olduğu kimi, II Qarabağ Müharibəsinin də dini-etnik mənsubiyyəti fərqli olan qaziləri, qəhrəmanları, şəhidləri oldu.

Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Azərbaycan mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti olan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanıdır. Qərbdə "tolerantlıq" sözü ilə ifadə edilən bu anlayışın bildiyimiz mənası "başqalarının fikirlərini, düşüncələrini və hisslərini bizimkinə zidd olsa belə, qəbul etmək, dözmək və hörmət etmək" kimi şərh edilir. Azərbaycan xalqının mədəniyyətində tolerantlığın inkişaf tarixi diqqətlə araşdırıldıqda, bu anlayışın inanc və mənəvi baxımdan özünəməxsusluğu aydın görünür.

İslam ənənəsinin formalaşdırdığı əxlaq çərçivəsində tolerantlığın dəyəri nəticələrindən asılı olmayaraq dini-mənəvi vəzifə kimi qəbul edilir. Bizim mədəniyyətimizdə özünəməxsus məzmun və məna daşıyan tolerantlıq anlayışı qərbdə maarifçiliklə başlayan tolerantlıq təcrübələrindən daha uzun bir tarixə malikdir. Ona görə də qədim türk-islam mədəniyyətinin hər mərhələsində tolerantlığın və insanın başqa dinə mənsub insana olan hörmət və sevgisinin tərənnüm edilməsi bu təməl dəyərlərə verilən önəmin göstəricisidir.

Tolerantlığa əsaslanan cəmiyyətlərin formalaşmasında bir çox amillərlə yanaşı, qədim azərbaycanlıların İslam dinini qəbul etməzdən əvvəlki dini inanc və adətlərinə bağlı olması böyük təsir göstərib. Tarix boyu təktanrıçılığa inanan xalqımız İslam dininin mənimsənilməsində buna görə çətinlik çəkmədi. Allah-insan münasibətlərinin müəyyənləşdirilməsində dinin qaydaları, təbliğ etdiyi doğrular mühüm əhəmiyyət kəsb edir. Həmçinin unutmaq olmaz ki, qədim türk mədəniyyət ənənəsində tolerantlıq insan olmaq oxu üzərində inkişaf edib. Öz şərəfli tarixi boyunca Azərbaycan onlarla xalqı, fərqli dinlərə mənsub toplumları bir dövlət altında birləşdirib, onların sülh və qardaşlıq şəraitində yaşamasına şərait yaradıb.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər